“Sən hələ də işıqları söndürmədən yatırsan?!” - Həbsxana dəhşətləri
Bizi izləyin

Qırmızı.az

“Sən hələ də işıqları söndürmədən yatırsan?!” - Həbsxana dəhşətləri

“Sən hələ də işıqları söndürmədən yatırsan?!”-Həbsxana dəhşətləri

“Üç il keçib, amma mən hələ də gecələr işıqları söndürmədən yatıram” deyir keçmiş məhbus.
Bu sözlər mənə tanışdır, hansısa filmdə eşitmişəm. Amma hansı? Hə... “Yatmışlar” filmi (Sleepers).

Filmdə uşaq həbsxanasına düşən 4 dost nəzarətçilər tərəfindən zorlanır, 13 il keçir, amma onlar yaşadıqlarını hələ də unuda bilmir və ondan unutmağını istəyən dostuna Maykl Sullivan belə deyir: “Sən hələ də gecələri işıqları söndürmədən yatırsan?!” Sonda isə Maykl Sullivan və dostlarının timsalında ədalət qalib gəlir.
1996-cı ildə Amerikada çəkilən bu filmdə söhbət ABŞ həbsxanalarındakı durumdan getmirdi, ortada insanlıq dramı var idi...

Bir həbsxana düşün...yeniyetmə oğlanın “macəra” olsun deyə törətdiyi cinayəti, bir də başına gələcək hadisələri...

Keçmiş məhbus H. M.-nın (ad və soyad şərtidir-red) danışdıqları isə uzaqlarda deyil, yanımızda, bəlkə də hər gün önündən keçdiyimiz, uzaqdan da olsa gördüyümüz, birimizin maraq dolu baxışlarına tuş gələn, birimizin doğmasını gizləyən həbsxana divarları arxasında baş verir. Bura Amerika deyil, Azərbaycandır, burda ədalət həmişə zəfər çalmır.

“Əllərimizi dəmir stola bağlayıb rezin dəyənəklə döyürdülər, çox vaxt da paltarımızı isladırdılar ki, iz qalmasın. Adamın içalatı yerindən oynayırdı”. Həbsxana illərini xatırlayan H. M. “səni islah etmək üçün apardıqları yerdə səni vəhşiyə döndərdiklərini düşün” deyir, yaşadıqlarını daha canlı təsəvvür etmək üçün çətinliklə də olsa danışır...

...Bir həbsxana düşün, qalın divarlar səni hər şeydən ayırıb, burda bir sən varsan, bir də sənin kimilər. Yeniyetmə oğlanın “macəra” olsun deyə törətdiyi cinayəti və onu dörd divara aparan yolları düşün, bir də başına gələcək hadisələri. Onsuz də sən cəzanı almısan, amma əsl cəza qabaqdadır. “Nadzorlar” səni adam yerinə qoymur, hər cür istifadə edir, nəyəsə etiraz etsən ac və susuz, günlərlə zirzəmidə qalacaqsan. Özün düşün və təsəvvür et.

“Nə hüquq, nəyi qoyub, nəyi axtarırsan?..”- həbsxana xatirələri

Azərbaycanda həbsxanalardakı durum və məhbusların hüquqlarının necə qorunduğunu araşdırmaq üçün çıxdığımız bu yolda Kürdəxanıda, Qobustanda və bir çox müxtəlif cəzaçəkmə müəssisələrində, təcridxanalarda olmuş keçmiş məhbusların hər biri yaxşı olmayan xatirələrdən bəhs edir. Hüquq adı gələndə “nə hüquq, nəyi qoyub, nəyi axtarırsan, adam kimi yemək verib, adam yerinə qoyurlar ki, hüquq istəyəsən?” deyirlər.

Keçmiş məhbus, siyasi fəal Tural Abbaslı isə həbsxanalar haqqında bunları deyir: “Qızıldaşda 120-150 nəfərlik kamerada havalandırma sistemi yoxdur, Kürdəxanıda bütün günü su verildiyi deyilsə də, həftədə iki saat isti su verilir. Yemək normal deyil, ət və meyvə verilmir. Kitabxanalarda kitab tapmaq çətindir, oxuyan, yaxud məhbusları oxumağa həvəsləndirən də yoxdur”.

“Təkcə ötən il 115 nəfər işgəncə faktı ilə bağlı müraciət edib”

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov da bildirir ki, həbsxanalarda, müvəqqəti saxlama yerlərində vəziyyət ürək açan deyil: “Biz faktları aşkarladıqca qarşısını almağa cəhd edirik. Müvafiq qurumlara müraciətlərimiz cavabsız qalmır və müəyyən qədər irəliləyişə nail oluruq. Amma mövcud durum o qədər də yaşı deyil. Təkcə ötən il 115 nəfər işgəncə faktı ilə bağlı bizə müraciət edib. Müraciətlərin bir çox qismi həbsxanalarla bağlıdır”.

E. Behbudov qeyd edib ki, müvəqqəti saxlama yerlərinin həbsxanalarla müqayisədə normal olmasına baxmayaraq burda da vəziyyət yaxşı deyil.

10-dan artıq müvəqqəti saxlama məntəqəsində sutkalıq həbs cəzası çəkmiş Dəyanət Rzayev deyir ki, onun hüquqları nəzərəçarpacaq qədər pozulmayıb: “Verilən yeməklər də o qədər pis deyildi, çöldən gətirilən yeməklər də içəriyə buraxılırdı. Sonuncu dəfə Binəqədi təcridxanasında olarkən Elçin Behbudov, ATƏT nümayəndələri həmçinin, Ombudsman aparatının prevantiv qrupunun əməkdaşları baş çəkirdi”.

Milli Prevantiv Mexanizmi:

Azərbaycan BMT-nin 10 dekabr 1984-cü il tarixli konvensiyasına 1996-cı ildə qoşulur. Fakültativ Protokolun təsdiq edilməsi ilə bağlı Prezident tərəfindən 2009-cu il 13 yanvar tarixində sərəncam imzalanıb. Bu sərəncamdan sonra Milli Prevantiv Mexanizmi (MPM) yaradılır və ombudsmana həvalə edilir.

MPM əsas fəaliyyəti xəbər vermədən həbsxanalara, saxlanma yerlərinə baş çəkmək və məhbusların vəziyyəti ilə maraqlanmaqdır.

“MPM-nin maliyyə müstəqilliyi olmalı, onlarla təmasda olan məhkumlara təzyiqlər edilməməlidir”

Lakin Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, bir sıra ölkələrdə MPM bir yox, bir neçədir. Onun sözlərinə görə, bunun belə olması işin daha səmərəli olmasına səbəb olan amildir: “Bu baxımdan hesab edirik ki, Azərbaycan da eyni təcrübədən istifadə etməlidir. Faktiki olaraq İctimai Komitə, MPM ilə eyni səlahiyyətə malikdir, hər iki qurum eyni missiyanı yerinə yetirir. İctimai Komitə də MPM kimi əvvəlcədən xəbər vermədən, ən azı, iki şəxsin iştirakı ilə cəzaçəkmə müəssisələrinə baş çəkə, istənilən şəxslə görüşə, sənədlərlə tanış ola bilir. Aparılan monitorinqlərin sonunda rəy hazırlanır”.

Ekspert qeyd edir ki, MPM-nin müstəqilliyinə xüsusi diqqət yetirilməli, qrupun üzvləri heç kimdən asılı olmamalıdır.

“MPM üzvləri dövlət orqanlarında müstəqil hərəkət etmək imkanına malik olmalıdırlar. Digər tərəfdən, müstəqil təsisat prosedurları hazırlamaq və məhkəmə hakimiyyətindən müstəqil olmalıdır. Müəyyən biliklərə, beynəlxalq təcrübəyə malik olmalıdırlar. Ən vacib olan məsələ isə MPM-nin maliyyə müstəqilliyinin olmasıdır. MPM-nin büdcəsi hər il ötənilki büdcədən az olmamalı, ya eyni həcmdə saxlanılmalı, ya da artırılmalıdır. MPM-nin üzvləri toxunulmazdır və onlarla təmasda olan məhkumlar da təzyiqlərdən uzaq olmalıdır. Bunlar fundamental kriteriyalardır” - deyə qeyd edib.

“Daha çox saxlanılan zaman işgəncələr verilir”

Ə. Nuriyev həbs yerlərində saxlanılanların hüquqlarının pozulduğunu, işgəncələrə məruz qaldığını istisna etmir. Bildirir ki, daha çox saxlanılan zaman işgənclər edilir: “Dindirilmə zamanı lazım olan məlumatı əldə etmək üçün işəgncələr verilməsi faktı var. Bu, danılmazdır. Problemi məhz burdan həll etmək lazımdır”.
Onun sözlərinə görə, həbsxanalarda sıxlığın olması da böyük problemdir: “Həbsxanalarda sıxlıq var. Bunun qarşısını almaq üçün işlər görülməlidir. Eyni zamanda, psixoloq çatışmır. Psixoloji halların yüksək olması davranışlara da təsir göstərir. Bununla yanaşı, telefon aparatlarının azlığı məhkumların ailələri, yaxınları ilə əlaqə saxlamaq imkanlarını məhdudlaşdırır”.

Penitensiar Xidmət təkzib edir

Amma Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu iddiaları təkzib edir. Xidmətə göndərdiyimiz sorğuya cavabda deyilir ki, məhkumların hüquqlarının qorunması istiqamətində xeyli iş görülüb: “Bir sıra həbsxanalar əsaslı təmir edilib, normal standartlar səviyyəsində qurulub. Qidaların keyfiyyəti, sağlamlığın mümkün qədər qorunması üçün, eləcə də məhbusların asudə vaxtlarının yaxşı keçirməsi üçün bir sıra yeniliklər edilib. Bununla yanaşı, penitensiar sistemdə səmərəli ictimai nəzarət mexanizmi tətbiq olunur. Tərkibi tanınmış qeyri-hökumət hüquq müdafiə təşkilatlarından ibarət olan İctimai Komitə maneəsiz olaraq penitensiar müəssisələrə baş çəkərək monitorinqlər aparır, məhkumlarla görüşür, müxtəlif hüquqi yardımlar göstərir və haqlarının təmin olunması işinə töhfələr verir”.
Xidmət həbsxanaların daha müasir standartlara uyğun qurulması, məhbusların hüquqlarının daha yaxşı qorunması istiqamətində bundan sonra da addımların atılacağını qeyd edir.

Keyfiyyətsiz yeməklər, zəif tibbi müdaxilə və ölən məhkumlar

Azərbaycandakı həbs yerləri ilə bağlı beynəlxalq rəy isə bir qədər fərqlidir. Misal üçün, ABŞ Dövlət Departamentinin hesabatında bu barədə deyilir ki, həbs yerlərində infrastrukturun yaxşılaşdırılması fəaliyyətinin davam etdirilməsinə baxmayaraq əksər həbsxanalar Sovet dövründə inşa edilmiş müəssisələrdir və onlar beynəlxalq standartlara cavab vermir: “Dövlət orqanları məhbusların fiziki hərəkətlər etmələrinə, eləcə də vəkilləri və ailə üzvləri ilə görüşlərə məhdudiyyətlər qoymuşdur. Məhbusların işləmələri və ya təlimlərdə iştirak etmələri üçün çox az sayda imkanlar var. Keçmiş məhbusların bildirdiyinə əsəsən gözətçilər məhbusları döyməklə və ya izolyatorlarda saxlamaqla cəzalandırırlar”.

Bununla yanaşı, verilən yeməklərin keyfiyyətsiz olması, ağır hava şəraiti, sıxlığın olması və problemlərdən doğan daha bir problem, xəstəliklərin çoxalması, buna rəğmən zəif tibbi müdaxilə nəticəsində yoluxucu viruslardan məhkumların vəfat etməsi faktı da mövcuddur.

Bu faktı bir sıra məhbus valideyni də təsdiqləyir. Oğlu Qızıldaşda məhkum olan Cəlilabad rayon sakini Səkinə Mürşüdova deyir ki, ən çox narahat olduğu məsələ oğlunun sağlamlığıdır: “Dəfələrlə yanına getmişik, üz-gözündə zədə yerləri olur. Bəzən apardığımız yeməkləri, paltarları özünə vermirlər. Ən qorxduğum şey isə xəstəliyə tutulmasıdır. Şükür ki, bu olmayıb”.

Bu arada hüquqları pozulan məhkumların valideynlərinə, yaxınlarına “Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyinin həbs olunan şəxslərin hüquqlarının müdafiə olunması məqsədi ilə yaratdığı 012 480 32 95 nömrəli “Qaynar xətt” xidmətinə müraciət etmələri tövsiyə olunur.

İki dönüş var: Biri nifrətlə, biri islahla

Ürəklərin açılmadığı, ümidlərin incəldiyi Azərbaycandan dünyaya baxanda bəzən fərqli mənzərələrlə də qarşılaşmaq mümkündür. Bu, həqiqətdir ki, həbsxana hər yerdə həbsxanadır, azadlıq alınır, yerinə divarlar verilir. Amma o da həqiqətdir ki, istəyərək, yaxud istəməyərək həbsxanaya düşən insanların həyatı bununla bitmir, onları qarşıda azadlıq gözləyir və yenidən cəmiyyətə qayıtmaq, “geri dönmək” var.

Amma iki cür dönüşün olduğunu da unutmamalıyıq. Birincisi əzgin, həyatdan küsmüş, insanlara nifrət edən dönüş, ən əsası isə gördüyü münasibətin sayəsində islah olunmamış dönüş, ikincisi normal sürətdə cəzanı çəkmək, islah olunmaq, azadlıqdan uzaqda olduğun zamanı səmərəli keçirmək kimi dönüş.

Hər kəs yəqin ki, ikincisi seçər, amma seçim öz əlimizdə olsa.

Kurort kimi həbsxanalar... bunlar da var imiş...

Avropa həbsxanalarındakı duruma nəzər saldıqda, görünən mənzərə həqiqətən də fərqlidir. Misal üçün Norveçdə dünyanın ilk “ekoloji həbsxanası” çimərliklər və yaşıllıq sahəsi ilə əhatə olunub və daha çox kurort zonasını xatırladır. Məhkumlar “həbsxana” sahəsində meyvə-tərəvəz yetişdirir və bu məhsulların satışından əldə olunan gəlir onların arasında ədalətli şəkildə bölüşdürülür. Hətta belə məlumatlar var ki, 1990-cı illərin əvvəllərində başlayaraq Norveç, İsveç, İsveçrə, Finlandiya və İslandiyadan, Şərqi Avropa və Rusiyadan çoxlu turistlər gəlib cinayət törədirdilər ki, həbsxanaya düşüb, pulsuz istirahət etsinlər. Onlar bu ölkələrin ərazisində xırda cinayətlər törətməklə cəza alır, nəticədə həbsə girərək pul qazanır, dincəlir, normal qidalanırlar.
Bu həbsxanalar haqqında deyilir ki, 4 nəfərlik kameraların qonaq otağı xüsusi seçilir. Onun içində televizor, stol, dörd kreslo və şkaf yerləşir. Hər məhkum üçün ayrıca ayaqyolu nəzərdə tutulub. Təkadamlıq kameraların sahəsi 6-7 kvadratmetrə bərabərdir. Onun içində əlüzyuyan, rəngli televizor, kitab şkafı, adi taxta çarpayı və yerdən xalça olur. Məhkum mətbəxə, koridora və ya istirahət otağına heç kəsdən icazə almadan gedə bilər. Koridorun divarında əyləncəli şəkillər və qeydlər yer alıb. Tam ortada isə tennis və bilyard masaları, böyük akvarium yerləşdirilib. İstirahət otağında iri televizor, mini-kitabxana, oyun yeri - şahmat, dama və digər stolüstü oyunlar üçün guşə də göz oxşayır.

Yaxud İsveç həbsxanaları. Bu ölkədə həbsxanalar hotellərə bənzəyir.

Stokholm şəhərindəki Kronoberqsxeket həbsxanasında olanlar həqiqətən də diqqət çəkir. Burda məhkumların xidmətində həkim, psixoloq, saç ustaları, həmçinin, Qırmızı Xaş Komitəsinin könüllü işçiləri var. Keşiş və mollalar da məhkumları tez-tez ziyarət edir. Həbsxananın hər mərtəbəsində avtomat telefonlar da quraşdırılıb və bir sıra zənglər dövlət tərəfindən ödənilir. Mətbuat məhkumlar üçün açıqdır, istənilən qəzeti tapmaq olar. Televizora gün ərzində məhdudiyyətsiz baxmağa icazə var. Hər kamerada kiçik televizor və elektrik əşyaları var. Bununla yanaşı, məhkumların mütaliyə hüququ da qorunur. Həbsxananın kitabxanasında 30 dildə 50 min kitab ehtiyatı var. Xəstə məhkumlarsa yüksək tibbi yardım alırlar. Məhkumlar üçün idman yerləri, trenajorlar zalı, valeybol, tennis meydançası var.

O da Maykl Sullivan kimi qələbə çalmağı istəyir, bir də gecələri işıqları söndürməyi

Azərbaycandakı məhbuslara isə yəqin ki, beləsi heç lazım deyil. Onlar sadəcə, adi hüquqlardan istifadə etmək istəyirlər, normal yeməyi, normal rəftarı, səmərəli vaxt keçirməyi, yəni adi, həyatda tapılması asan olan çox adi şeyləri istəyirlər, bir də...məhkumluq müddəti bitəndən sonra gecələri işıqları söndürüb yatmağı istəyirlər.
H. M. da işıqları söndürmək istəyir, amma bunun nə vaxt baş verəcəyini özü də bilmir. Düzəlməyi, yenidən həyata qayıtmağı istəyir, psixoloji müalicə alır və polislərdən çox qorxur. O, bu qorxunu da yenməlidir. Bütün bunların olacağı günü gözləyir.

O da Maykl Sullivan kimi qələbə çalmağı istəyir. Həmin filmə baxdığını deyir. Ona pis təsir edib. Amma inanır ki, filmdəki hadisələrin cərəyan etdiyi Amerikada həbsxanalar onun olduqlarından qat-qat yaxşıdır.
Nə qədər israr etsək də ad və soyadını gizlədir, israrla xahiş edir ki, biz də gizliliyini qoruyaq.

Bunu edirik və biz də bu kabusların bitəcəyi günü gözləyirik. İnanırıq ki, bunun üçün hər kəs nəsə etməlidir. Ən azı “gecələr işıqları söndürüb yatmaq üçün”, hər kəs kimi...

Asif Nərimanlı

Bu araşdırma “Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyinin Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Budapeşt ofisinin) maliyyə dəstəyi çərçivəsində həyata keçirdiyi “Həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi və bu sahədə ictimai vəkillik işinin təşkili” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm