II Qlobal Açıq Cəmiyyətlər Forumu başa çatdı - FOTO
Bizi izləyin

Qırmızı.az

II Qlobal Açıq Cəmiyyətlər Forumu başa çatdı - FOTO

II Qlobal Açıq Cəmiyyətlər Forumu başa çatdı - FOTO

Bu gün Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu başa çatıb.

Publika.az-ın məlumatına görə, forum çərçivəsində keçirilən IV sessiyada “Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac” mövzusu müzakirə olunub. Panelin məruzəçiləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmdov, Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili, Xorvatiyanın keçmiş dövlət başçısı Stefan Mesiç, Yəmənin sabiq Baş naziri Abdul-Karim Al-Eryani, Qlobal Etika Təşkilatının prezidenti Volter Fyust, moderatoru Madrid Klubunun Qlobal və Strateji Məsələlər üzrə Baş analitikiLuis Peral olub.

IV sessiyada beynəlxalq, milli və yerli səviyyələrdə davamlı inkişaf məqsədlərinin yeni formasının həyata keçirilməsinin siyasi əsasları müzakirə edilib. Yaxşı dövlət idarəçiliyi, qanunçuluq və demokratik inkişaf təklifləri arasında əlaqələrin təkmilləşdirilməsikimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə dövlətçilik təcrübəsinə əsaslanan liderlər bildiriblər ki, işi irəli aparmaq üçün əsas diqqət siyasi iradə və liderlik qabiliyyətinin əhəmiyyətinə yönəldilməlidir.

Doqquz illik prezidentlik təcrübəsindən çıxış edən Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ölkəsinin üzləşdiyi iqtisadi, siyasi çətinliklərdən, münaqişələrdən bəhs edib. Sabiq Prezident eyni zamanda Gürcüstanda aparılmış islahatlar, dövlət təsisatlarının yaranması, korrupsiya ilə mübarizədən danışıb, insanların təhsilə, resurslara çıxışını asanlaşdırmağın vacibliyini vurğulayıb: “Cəmiyyətdə dəyişikliklər etmək, insanları bu dəyişikliklərin faydasına inandırmaq və bunu əyani şəkildə nümayiş etdirmək lazımdır.”

Region ölkələri ilə əməkdaşlığın qurulmasından və möhkəmləndirilməsindən danışarkən M.Saakaşvili bildirib ki, Gürcüstan və Azərbaycan regionda xüsusi rol oynayır və bir-birini bir çox sahələrdə dəstəkləyir: “Gürcüstan enerji uçurumunda olarkən Azərbaycan öz əhalisinin yarısını enerjisiz qoyaraq Gürcüstanı bu böhrandan çıxarmağa kömək etdi”.

Öz çıxışında beynəlxalq əməkdaşlıq və davamlı inkişafın dünya ölkəri üçün əhəmiyyətini xüsusi qeyd edən Yəmənin sabiq Baş naziri Abdul-Karim Al-Eryani isə deyib ki, ölkə demokratiyaya doğru gedirsə, bərabərlik, inteqrasiya varsa davamlı inkişaf öz yerini tapacaq. Sabiq Baş nazirdavamlı inkişaf istiqamətində aparılan milli dialoqlarda Yəmənin rolunu da xüsusi vurğulayıb.

Sessiyada çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov isə ölkəmizin daxili və xarici inkişafda əldə etdiyi uğurlardan bəhs edib: “Ən mürəkkəb regionlardan birində yerləşən Azərbaycan dünyada ikiqütblülük ləğv olunduqdan sonra özünün həm daxili, həm də xarici inkişafına görə ən uğurlu dövlətlərdən biridir. Azərbaycan yenə də irəli getməkdə və inkişaf etməkdə davam edir”.

Novruz Məmmədov qeyd edib ki, inkişaf üçün yalnız daxili təsisatlar deyil, beynəlxalq birliyin yaratdığı əlverişli mühit də mövcud olmalıdır: “Bu gün beynəlxalq aləmdə qaynar nöqtələrin sayı artıb. Lakin onların həlli istiqamətində hələ ki uğurlu nəticə yoxdur. Azərbaycan 25 ildir müharibə şəraitində yaşayır. Avropa dövlətləri bu münaqişənin həll olunması üçün səy göstərməlidirlər. Bu münaqişə Azərbaycana problemlər yaradır, lakin buna baxmayaraq, ölkəmiz sabit inkişaf yolundadır, yenə də irəli gedir”.

Novruz Məmmədov Avropa İttifaqı ilə əməkdaşlıqdan danışarkən bildirib ki, “Azərbaycan Avropa ilə bir çox sahələrdə, xüsusən də enerji sahəsində sıx əməkdaşlıq edir. Amma təəssüflər olsun ki, indiyədək nə Minsk Qrupu, nə də Avropa İttifaqı bu münaqişəyə ədalətli həll təklifləri edib. Bizim yeganə məqsədimiz münaqişənin həll olunmasıdır”.

Xatırladaq ki, II Qlobal Açıq Cəmiyyətlər Forumu ötən gün işə başlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm