
Azərbaycanda ötən il bələdiyyələrin 25 min hektardan çox qanunsuz verdiyi torpaq sahələri geri qaytarılıb.
Bunu Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının təşkilatçılığı ilə iyunun 23-də bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında çıxışı zamanı ədliyyə naziri Fikrət Məmmədov bildirib.
F.Məmmədov iyunun əvvəlində qüvvəyə minmiş "İctimai iştirakçılıq
haqqında" Qanunda yerli özünüidarəetmə orqanlarının işinə ictimai
nəzarətin həyata keçirilməsinin, onların fəaliyyətində şəffaflığın
təmin edilməsinin və digər mühüm məsələlərin təsbit olunmasının
əhəmiyyətini xüsusi vurğulayıb.
Bələdiyyə üzvləri və qulluqçularının biliklərinin artırılmasında
Ədliyyə Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan
nazir ildə 6 min bələdiyyə üzvünü və qulluqçusunu əhatə edən
100-dən çox maarifləndirmə və təlim tədbirlərinin keçirildiyini,
xarici ölkələrə səfərlərin təşkil olunduğunu deyib.
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun təmin
olunmasının əhalinin onlara inamının artmasında böyük rol
oynadığını qeyd edən nazir ötən dövrdə yaradılmış regional ədliyyə
şöbələrinin bu işə mühüm töhfə verdiyini vurğulayıb.
Bildirilib ki, təkcə ötən il 300-dən çox bələdiyyə sədri inzibati
məsuliyyətə cəlb olunub, 70 minədək bələdiyyə aktı qanunazidd
olduğuna görə ləğv edilib və ya dəyişdirilib, Habelə 152
bələdiyyənin fəaliyyətində cinayət xarakterli pozuntular aşkar
edilib və bununla bağlı qanuna müvafiq tədbirlər
görülüb.(AzerTAc)