Qırmızı.az
Ana dilində danışmayanları cərimələyir, sonra həmin pulu çayxanada... - Nağısoylu ilə MÜSAHİBƏ
21 fevral Beynəlxalq Ana dili günüdür. Bu tarix UNESCO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd olunur.
Budəfəki müsahibəmizdə Ana dili günündə dilimizin inkişaf yoluna, son illərdə dilçi alimlərimizin hansı işlər görməsinə işıq salmağa çalışdıq. Niyə bizdə Milli Ana dili Günü bayramı yoxdur? Niyə xarici ölkələrdən fərqli olaraq bizdə Ana dili abidələri, parkları yaradılmır.
Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin humanitar sahə üzrə müşaviri, Filologiya elmləri doktoru, professor Möhsün Nağısoyludur.
O, Publika.az-a müsahibəsində son illərdə dilçilikdə görülən işlərdən işlərdən və yeniliklərdən ağızdolusu danışıb.
- Möhsün müəllim, bu gün Beynəlxalq Ana dili günüdür. Son illərdə ana dilimizlə bağlı elmi araşdırmalar sizi qane edirmi? Son dönəmlərdə bu istiqamətdə hansı işlər görülüb?
- Bu dəqiqə Azərbaycan dili dünyanın ən zəngin dillərindən biri sayılır. Dilimizin lüğət tərkibi olduqca zəngindir. Dilimiz dünya dilləri arasında böyük inkişaf yolu keçmiş bir dildir. Dilimiz istənilən anlayışı ifadə etməyə qadirdir. Azərbaycan dilinin qədim tarixi var. Bizim “Kitabi-Dədə Qorqud” abidəmiz var və biz onunla fəxr duyuruq. Dünya ədəbiyyatının nadir incilərindəndir. Həm yazılı, həm də şifahi ədəbiyyatımız dilin zənginliyini və qədimliyini göstərən amillər sırasındadır. 1980-ci illərdə “Müasir Azərbaycan dili” qrammatika kitabının 3 ildə akademik nəşri çap edilmişdi. Ondan sonra bu sahədə heç bir fəaliyyət yox idi. 2018-ci ildə bizim təşəbbüsümüzlə “Müasir Azərbaycan dili”nin akademik nəşrinin birinci cildi – fonetika-fonologiyanı əhatə edirdi – işıq üzü gördü. Onun ön sözünü də mən yazdım. Bu il isə onun ikinci cildi –yəni lekskologiya bölməsi – çap olunmalıdır və bu proses davamlı olacaq. Sonrakı nəşrlər isə morfologiya, sintaksis və mətn dilçiliyidir, yəni cilddən ibarət olacaq. Amma 1978-80-ci illərdə çap olunan akademik nəşr cəmi üç cilddən ibarət idi.
- Bəs sizin özünüzün Ana dili və dilçiliyimizlə bağlı hər hansı planlarınız, təşəbbüsləriniz, layihələriniz varmı?
- Mənim çoxdankı arzularımdan biri – təəssüf ki, hələlik baş tutmayıb, amma bu sahədə artıq işlər başlanılıb – Azərbaycan dilinin qədimliyini sübut edən göstəricilərlə bağlı işlərin görülməsidir. Dilimizin qədimliyini sübut edən göstəricilərdən biri də arxaik sözlər lüğətidir. Söhbət türk kökənli arxaik sözlərdən gedir. Türkiyədə buna “tarama sözlüyü” deyilir. Biz də bu cür səviyyəli bir işə başlamışıq. Düşünürəm ki, bu istiqamətdə işlər davam etdirilməlidir. Burada “Kitabi-Dədə Qorqud”dan tutmuş üzübəri bizim bütün yazılı abidələrimizdə işlənən və müasir Azərbaycan ədəbi dili üçün arxaik səciyyə daşıyan sözlərin izahlı lüğəti nəşr olunmalı idi. Mən özüm də şəxsən 14 və 16-cı əsrlərdəki Azərbaycan Tərcümə Ədəbiyyatının nümunələri əsasında belə bir lüğəti hazırlamağa başlamışam. Düşünürəm ki, bütün bunlar əsasında gələcəkdə işlər davam etdirilməlidir. Məsələn, bu il ərzində Dilçilik İnstitunda “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur Dialektoloji Atlası” çap olunmalıdır. Bu, 4 dildə işıq üzü görəcək. Möhtəşəm vəsaitdir. Bu atlasın çap olunması bizim dilimizin zənginliyini, qədimdən bəri Qarabağda, Şərqi Zəngəzurda Azərbaycan türklərinin yaşadığını sübut edən ən başlıca qaynaqlardan biri olacaq. Burada etnoqrafik materiallar öz əksini tapacaq. Eyni zamanda, səsli yazılar orada yer alacaq. Söhbət, məlumatı verən şəxslərin yazılarından gedir. Həmin dialekt materiallarının özü Qarabağda, Şərqi Zəngəzurda qədimdən bəri türklərin yaşadığını sübut edən ən dəyərli elmi qaynaqlardan biridir. Bu baxımdan da düşünürəm ki, həmin atlasın nəşri xüsusi əhəmiyyət daşıyır.
- Bu gün Beynəlxalq Ana dili Günüdür. Bəs Milli Ana dili günümüz də olmalıdırmı? Bu tarixi gün üçün hansı önəmli hadisəni, 365 gündən hansı təqvimi götürə bilərik? Dilçilik tariximizdə belə bir tarix varmı?
- Biz indi 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili Gününü qeyd edirik. Bu da onunla əlamətdardır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2001-ci ilin avqustun 8-də bu tarixin qeyd olunması ilə bağlı fərman verdi. Çünki elə həmin ilin avqustun 1-də ölkəmizdə latın qrafikalı əlifbaya keçidi yekunlaşdı. Elə həmin münasibətlə o zamankı prezidentimiz, ulu öndərimiz Heydər Əliyev fərman imzaladı ki, hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunsun. Daha bir əlamətdar hadisəni də mən qeyd etmək istəyirəm. Azərbaycan Xalq Cümhuriyyəti dövründə 26 iyunda Azərbaycan Milli Ordusu yaradıldı və həmin günü indi biz ordu günü kimi qeyd edirik. Ondan bir gün gün sonra – yəni, 27 iyunda Azərbaycan türk dilinin dövlət dili kimi qəbul olunması ilə bağlı sərəncam imzalandı. Düşünürəm ki, bütün bunların hamısı əlamətdar hadisələrdir. Bütün bunlarla yanaşı, bir incəliyi də demək istəyirəm, 2018-ci ildə Azərbaycan dilinin Ümumi İnformasiya Bazası (portalı – red.) 3 dildə yaradıldı. Bu portalda Azərbaycan dili haqqında 300 səhifəlik məlumat yerləşdirilib. Eləcə də Azərbaycan dili ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən başlayaraq verilmiş bütün fərmanlar, sərəncamlar orada yer alıb. Üçüncü dövrdə Mirzə Kazım bəydən üzübəri Azərbaycan dilçiləri, tanınmış dilçi alimləri haqqında qısa oçerk yerləşdirilib. Dördüncü bölümdə Azərbaycan dili haqqında olan bütün dissertasiyalar, avtoreferatlar, monoqrafiyalar, kitablar orada yer alıb. Bütün dünyada bu kitablardan istifadə olunur. Hətta bu baza ilə bağlı Yaponiyadan, Almaniyadan, ABŞ-dan xüsusi rəylər də gəlirdi. Orada yaşayan bizim soydaşlarımız, Azərbaycan dilini öyrənmək istəyən dünya xalqlarının nümayəndələri də rəylər göndərirdilər. Bildirirdilər ki, həmin portaldan istifadə edirlər.
- Vaxtilə dilimizə soxulmuş və daha çox istilalar nəticəsində dilimizdə yerini möhkəmlətmiş ərəb, fars, rus və digər slavyan mənşəli sözləri yenidən dilimizdən sıxışdırıb çıxarmaq mümkündürmü? Bunun üçün bizim lüğət bazamızda – daha çox dialekt və şivələrdə - kifayət qədər ifadələr, türk kökənli sözlər varmı?
- Bəli, var. Mənim elmi redaktorluğumla nəşr olunan Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti var. Doğrudur, orada bir sözün təsadüfən getməməsinə görə, həmin lüğətin üstünə düşmüşdülər. Amma mən oraya beş minə yaxın söz daxil eləmişdim. Həmin sözlər sırasında beş şivədə işlənən sözləri mən oraya daxil eləmişdim. Eləcə də “Kitabi-Dədə Qorqud”dan tutmuş bizim yazılı abidələrimizdə işlənən çoxlu milli sözlərimiz orada yer alıb. Düşünürəm ki, həmin sözlərin də vətəndaşlıq hüququ qazanmasının vaxtı çatıb. Tutaq ki, biz fars dilindən biz “günah” sözünü almışıq. Həmin sözün bizim dilimizdə çox gözəl qarşılığı var – suç! Hətta bizdə “suçlamaq”, “suçlu” sözləri də işlədilir. Bundan başqa, dilimizdə “abır-həya” ifadəsi var. Bu mürəkkəb sözdəki hissələrdən biri fars, digəri ərəb kökənlidir. Amma bizim dilimizdə qədim dövrlərdə “ud” sözü olub. “Udanmaq”, yəni “utanmaq” formasında işlədilib və ya “udlu”, “utsuz” formasında da işlədilib. Bu sözlərə yenidən vətəndaşlıq vermək lazımdır. Bəziləri bu kimi təşəbbüslərə təəccüblə baxır. Amma bu sözləri işlətmək vətəndaşlıq qeyrətindən asılıdır. Ona görə də bu çox gözəl təşəbbüsdür. Həm dialektlərimizdə, həm də qədim yazılı abidələrimizdə işlənmiş milli sözlərimizi yenidən dilimizə qaytarmaq olduqca vacib məsələdir. Sözün sözünüzə qüvvət, bizim Əli Nəzmi adlı şairimiz olub. Mirzə Ələkbər Sabirin davamçılarındandır. O XX əsrin əvvəllərində yazırdı ki: “Dil” var ikən gəlin, “lisan” deməyək, döndərib farscaya ona “zəban” deməyək. Ərəbi göndərək öz evlərinə, “qonağ”a yad dildə “mehman” deməyək. Baxın, həqiqətən də bizim dilimizə Xalq Cümhuriyyəti dövründə “lisani-türki” deyirdlər və yaxud “dil” sözünün yerinə “zəban” işlədirdilər. Halbuki, “dil” sözü o vaxt da var idi. Hətta o vaxt Əli Nəzmi söyləyirdi ki, gəlin, ərəb-fars sözlərindən qurtulaq. Bizim dilimizdə “səksən” sözü var, amma hələ də “həştad” sözü işlədilər. Amma bu öz dilimizdə varsa, niyə yad dildə işlətməliyik?! Məsələn, ifadə var, “zər qədrini zərgər bilər”. “Zər” farsca “qızıl” deməkdir. Bizim dilimizdə, onun əvəzləyicisi “altun” var. Düşünürəm ki, biz dilimizin milliləşdirilməsi sahəsində də müəyyən addımlar atmalıyıq.
- Bir çox ölkələrdə Ana dili parkları var. Orada dillə, dilçi fədailərlə, alimlərlə bağlı heykəllər ucaldılır. Ana dilinin önəmini əks etdirən lövhələr quraşdırılır. Azərbaycanda bu cür park yalnız Ağstafa şəhərində var. Paytaxtda da demək olar ki, yoxdur. Bizdə nə əcəb belə parklar yaradılmır?
- Çox gözəl təşəbbüsdür. Mənə elə gəlir ki, haradasa, Ana dili Abidəsi olmalıdır. Amma harada olduğunu dəqiq bilmirəm. Ana dili Abidəsinin olması çox əhəmiyyətlidir. Çünki Ana dili də Bayrağımız, Himnimiz, Gerbimiz kimi dövlət atributlarından biridir. Eyni zamanda, ana dilimiz ən böyük mənəvi sərvətlərimizdən biridir. Xalqımızın varlığıdır, kimliyidir. Bu da çox gözəl təşəbbüsdür. Ana dilimizin şərəfinə abidələr ucaltmalıyıq, parklar yaratmalıyıq. Hələ sovet dövründə Əlyazmalar İnstitunda işləyərkən milli sözlərimizin əvəzinə əcnəbi sözlər işlədənləri cərimələyirdik. Tutaq ki, “soyuducu” əvəzinə “xolodelnik” deyənləri, dayanacaq əvəzinə “astanovka” deyənləri cərimə edirdik. Sonra toplanan kiçik pulu çayxanada ana dilimizin şərəfinə qeyd edirdik.
- Bizdə bəzi məmurların ana dilini bilməməsi ilə bağlı tez-tez iradlar eşidirik. Söhbət yüksək, orta və ya kiçik ranqlı məmurlardan gedir. Həmin məmurların dil bilgisi ilə bağlı hər hansı bir mexanizm tətbiq olunmalıdırmı, vəzifəyə təyin olunmamışdan öncə onlardan dil bilgisi səviyyəsini ölçmək üçün imtahan götürülməlidirmi?
- O vaxt biz dilçilər belə bir təşəbbüslə çıxış eləmişdik. Yəni, dövlət orqanlarına qəbul zamanı onların ana dilini bilmək səviyyəsi mütləq şəkildə yoxlanılmalıdır. Mənim yadımdadır, ulu öndərimiz ana dilini bilməyən məmurlara xəbərdarlıq edirdi ki, əgər dili bilmirlərsə, onlara iş olmayacaq. Deməli, Ana dili haqqında 30 sentyabr 2003-cü ildə, ulu öndərimizin zamanında qəbul olunmuş Azərbaycan Respublikasında Dövlət Dili haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Həmin qanunda ayrıca bir maddə var. Orada Ana dilinin bütün dövlət orqanlarında işlənməsi, eyni zamanda, ana dilini bütün məmurların məcburi olaraq bilməmələri orada qeyd olunub. Eləcə də 2018-ci ilin noyabrın 1-də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı var. Həmin sərəncama əsasən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. 2021-ci ilin oktyabr ayından bu mərkəz fəaliyyətə başlayıb. Milli Məclisdə fonetik normaların pozulmasına görə, cərimə məsələsi də gündəmə gəldi. Mənə elə gəlir ki, Monitorinq Mərkəzi də publik-hüquqi şəxs kimi bu məsələlərin həlli istiqamətində müəyyən addımlar atmalıdır.
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar