Hacı Madər Musayev: “İndi cavanlıq fotolarını başdaşlarına vururlar”
Bizi izləyin

Qırmızı.az

Hacı Madər Musayev: “İndi cavanlıq fotolarını başdaşlarına vururlar”

“Dəbdəbəli toy və yas mərasimləri aradan qaldırılmalıdır”. Bunu Publika.az-a müsahibəsində Milli Məclisin deputatı Hacı Madər Musayev bildirib.

Onun sözlərinə görə, yas və toy mərasimləri nə qədər sadə təşkil olunsa, bir o qədər başucalığı gətirər.

Deputat deyib ki, Azərbaycanda əsasən toy mərasimlərində daha çox israfçılığa yol verilir: “Toylarda 50 cür yemək-içmək verilir. Hamısı da bəhsəbəhs edirlər. Amma o yeməklərin çox hissəsi israf olunur, stollarda qalır, yeyən olmur. Axı bu nəyə lazımdır? Məgər toyda 2-3 cür yeyib-içmək verilsə, pis olar? İnsanlar bunu etməlidir. Yas mərasimlərində isə vəziyyət bir qədər fərqlidir. Orada cürbəcür xörəklərin bişirilib ehsan verilməsi, bahalı çadırların qurulması kimi halların tərəfdarı deyiləm. Çünki hər hansı yas mərasiminə, ən azı, 300 nəfər adam gəlir. Müsəlmançılıq olduğu üçün yas yerinə insanlar mütləq gəlməlidir.

Toya getməmək ayıb deyil, amma yas yerinə getmək lazımdır. Ona görə də yas mərasimi verən insan da məcbur olub bahalı çadır qurdurur, bir neçə cür ehsan verdirir. Bir günlük ehsan üçün isə, ən azı, 5-6 min manat pul xərclənir. Vay o günə ki, ehsan verən adam imkansız ailədən olsun. İndi o hər gün üçün 5-6 min manatı haradan tapsın? Doğrudur, burada məcburi heç nə yoxdur. Amma insanlar bir-biri ilə bəhsə girib bunu edirlər. Halbuki, yas mərasimini çay və halva ilə də yola vermək mümkündür və bu heç də qəbahət iş deyil. Onsuz da yas yerinə gələn insanlar başsağlığı vermək üçün gəlirlər. Daha orada yeyib-içmək nəyə lazımdır? Mən yas mərasimlərində ifrat dərəcədə yeyib-içmək verilməsinə qarşıyam. Doğrudur, yas yerində verilən cürbəcür yeməklər sonra imkansız ailələrə paylanılır. Yəni heç kəs o yeməkləri zibilliyə tullamır. Ancaq yaxşı olar ki, heç bu qədər israfçılıq olmasın. Şəriətdə “3”, “7”, “40” deyə bir şey yoxdur. Salavat gücə bağlıdır. Mən rəhmətə getmiş adamın nə “3”də, nə “7”də, nə də “40”da ifrat yeyib-içmək verilməsinin tərəfdarıyam. Türkiyədən bir misal gətirmək istəyirəm.

Bu yaxınlarda Türkiyənin baş nazirinin müavini dedi ki, qadınlar gülməyinə fikir verməlidir. Əslində, o düz deyir də. Qadınlara atasının, qardaşının və həyat yoldaşının deməli olduğu sözü baş nazirinin müavini deyir. Yəni, qadın xeylağı camaatın içərisində ucadan gülməməlidir. Məgər o, səhv deyir? Əslində, belə olmalıdır”.

Başdaşları ilə bağlı məsələyə də toxunan M.Musayev qeyd edib ki, vaxtilə qəbir daşlarının üzərində yalnız “Filankəs qızı” yazılırdı:

“Qadının adını başdaşı üzərinə yazmazdılar. Ancaq indi qadınların cavanlıq fotolarını başdaşlarına vururlar. Məgər bu, doğrudur? Normal başdaşı qoymaq olar. Amma heykəl, büst və başqa dəbdəbəli məzar daşlarının qoyulması doğru deyil. Mən də qəti şəkildə bunun əleyhinəyəm. İndi mənim də yaşadığım Binəqədi kəndində insanlar gəlib qəbir yeri götürmək istəyir, amma yer qalmayıb. Başqa yerdə də istəmirlər. İnsanlar bir-biri ilə bəhsə girirlər. Axı nə üçün insanlar bir-biri ilə bəhs etməlidir? Məgər dünyada insanların hər biri eyni cürdür? Cinayətlər də belə şeylərdən yaranır. Mən bu cür şeylərin də əleyhinəyəm. Nə varsa, Allaha min şükür etməlisən. Ataların gözəl məsəli var, deyir, yuxarı baxıb fikir etməkdənsə, aşağı baxıb şükür etmək lazımdır. Vallah, elə adam var ki, sağlığında anasının, atasının üzünə normal baxmayıb, çörəyini verməyib, amma rəhmətə gedəndən sonra onlar üçün dəbdəbəli nəsə etmək istəyir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm