Bakıda beynəlxalq dəyirmi masa keçirilib
Bizi izləyin

Qırmızı.az

Bakıda beynəlxalq dəyirmi masa keçirilib

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Astanada fəaliyyət göstərən Dövlət Qulluğu üzrə Regional Xabın Katibliyinin birgə təşkilatçılığı ilə “Dövlət xidmətlərinin səmərəli şəkildə çatdırılması” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Komisiyadan Publika.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd dövlət qulluğunda islahatlar sahəsində təcrübənin bölüşdürülməsi və dəyirmi masa iştirakçısı olan ölkələrdə dövlət xidmətlərinin göstərilməsi sahəsində təcrübənin öyrənilməsi olub.

Tədbirdə giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri B.Xəlilov, BMT İnkişaf Proqramının (UNDP) Qazaxıstandakı daimi nümayəndəsi S.Tull, Astanada fəaliyyət göstərən Dövlət Qulluğu üzrə Regional Xabın sədri Alixan Baymenov və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Avrasiya rəqabətlilik proqramının layihə rəhbəri J-Fs.Lenjelle çıxış ediblər.

Dəyirmi masada “Dövlət xidmətlərinin çatdırılması təcrübəsində dəyişikliklər” mövzusunda Əfqanıstan, “Meritokratiya prinsipinə əsaslanan Monqolustanın dövlət qulluğu və çağırışlar” mövzusunda Monqolustan, “Gürcüstanda dövlət xidmətlərinin göstərilməsi: təqdim olunan xidmətlərin keyfiyyətinə ictimai nəzarət mexanizminin inkişaf etdirilməsi” mövzusunda Gürcüstan, “Dövlət xidmətinin effektiv çatdırılması”, “Təhsil sahəsində dövlət xidmətlərinin çatdırılmasının effektivliyi” mövzularında Qazaxıstan, “Rusiya Federasiyasında dövlət xidmətlərinin çatdırılması: təkmilləşdirmə və inkişaf yolu” mövzusunda Rusiya, “Xidməti fəaliyyətin qiymətləndiriliməsi Qırğız Respublikasında dövlət xidmətlərinin çatdırılması keyfiyyətinin təkmilləşdirilməsi aləti kimi” mövzusunda Qırğızıstan, “Tacikistanda dövlət xidmətlərinin çatdırılması: problemlər və perspektivlər” mövzusunda Tacikistan nümayəndəsi təqdimatla çıxış edərək dövlət xidmətlərinin çatdırılması sahəsində öz ölkələrinin təcrübəsini bölüşmüşlər.

Sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) ekspertləri “Orta Asiyada tam şəkildə dövlət xidmətlərinin göstərilməsi strategiyası”nın hazırlıq mərhələsinin metodologiyası, nəticələri və “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) metodologiyası” mövzularında təqdimatla çıxış ediblər.

Hər bir mövzu ətrafında müzakirələr keçirilib.

Tədbir çərçivəsində 4 saylı ASAN xidmət Mərkəzinə səfər nəzərdə tutulub.

Qeyd edək ki, dəyirmi masada Türkiyə, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Monqolustan, Türkmənistan, Özbəkistan və Tailanddan olan nümayəndələr ilə yanaşı Avropa İttifaqının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və BMT İnkişaf Proqramının (UNDP), eləcə də Azərbaycan Respublikasının dövlət qurumlarının və bir sıra xarici dövlətlərin səfirliklərinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, dövlət qulluğu sahəsində Regional Xab-ın yaradılmasında məqsəd iştirakçı dövlətlər arasında dövlət qulluğu sahəsində davamlı bilik və təcrübə mübadiləsini həyata keçirən institusional şəbəkənin qurulmasıdır. Xab-ın yaradılması təşəbbüsü Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən irəli sürülmüşdür. 2013-cü il martın 15-də iştirakçı dövlətlər (o cümlədən Azərbaycan Respublikası) tərəfindən imzalanmış Memorandumla Dövlət qulluğu sahəsində Regional Xab təsis edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm