Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun “Prix de la Fondation” mükafatı təqdim olunub
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun “Prix de la Fondation” mükafatı təqdim olunub

İyunun 29-da Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas olub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iclasda iştirak edib.

İclası açan Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mərasim iştirakçılarına təqdim edib.

O bildirib ki, forumun ən ali mükafatı olan “Prix de la Fondation” mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. Bu sırada qadınlar olanda isə mükafat daha böyük məna və mahiyyət kəsb edir.

“Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır”, - deyə Jan Pol Karteron bildirib.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən danışıb.

Sonra mükafatlandırma mərasimi olub.

Krans Montana Forumunun ən ali mükafatı - “Prix de la Fondation” Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edilib.

Eyni mükafat Beynəlxalq İnkişaf, Siyasi və İnsan Hüquqları Təşkilatının baş məsləhətçisi, Liviyadan olan xanım Fəridə Allagiyə də verilib.

Sonra “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas işə başlayıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva plenar iclasda çıxış edib.

“Qadınlar kişilərlə bərabər hüquqludur, bəzi hallarda isə onlardan üstündür”, - deyən CNN telekanalının keçmiş aparıcısı Larri Kinq mühüm əhəmiyyət daşıyan iclasın işinə uğurlar arzulayıb.

Nigerin birinci xanımı Aissata İssufu Mahamadu Azərbaycan Prezidentinə və onun xanımına bu cür yüksək səviyyəli forumun təşkil olunmasına görə minnətdarlığını çatdırıb. O, ölkəsində qadın hüquqlarının təmin olunması istiqamətində görülən işlərdən danışıb.

Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın birinci xanımı Maya İvanova da forumda iştirak üçün dəvətə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib. Birinci xanım deyib ki, insan haqlarının mühüm tərkib hissəsi olan gender bərabərliyinin qorunub saxlanması beynəlxalq səviyyədə layiqli yerini tutmalıdır.

Monteneqronun birinci xanımı Svetlana Vuyanoviç qeyd edib ki, qadın hüquqlarının pozulması ilə bağlı mövcud stereotiplərə son qoyulmalı, gender bərabərliyi demokratik cəmiyyətlərin əsas atributuna çevrilməlidir.

Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ölkəsində qadınlarla bağlı həyata keçirilən layihələrdən danışıb. Xüsusilə də qadınların səhiyyə ilə bağlı ehtiyaclarının ödənilməsi, uşaq ölümünün qarşısının alınmasının vacib olduğunu bildirib. O, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsil sahəsindəki fəaliyyətinin böyük maraqla qarşılandığını diqqətə çatdırıb.

Keniya Baş nazirinin xanımı İda Odinqa ölkəsində qadınlara daha geniş səlahiyyətlərin verilməsi, onların seçkilərdə təmsil olunması ilə bağlı tədbirlərin görüldüyünü deyib.

Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri Giuli Alasania ölkəsində gender problemləri sahəsində qəbul olunmuş qanunlardan danışıb. O, qadınların parlamentdə təmsil edilməsi baxımından ölkəsinin zəngin təcrübəyə malik olduğunu vurğulayıb.

İtaliyanın Mediterraneo Fondunun təsisçisi və sədri Mişel Kapasso bu forumda aparılan müzakirələr nəticəsində səmərəli irəliləyişlərə nail olunacağına əminliyini bildirib.

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadınların hüquqlarının reallaşdırılması üçün geniş imkanların açıldığını, mühüm qanunların qəbul edildiyini diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın birinci xanımının rolunu xüsusilə qeyd edən H.Hüseynova Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə gender bərabərliyinin təmin olunması, məişət zorakılığının aradan qaldırılması haqqında qanunların qəbul edildiyini diqqətə çatdırıb.

Finlandiyanın Beynəlxalq Qadınlar Şurasının sədri xanım Laura Finne-Elonen rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, bu qurum qadınlarla bağlı önəmli məsələləri nüfuzlu beynəlxalq təşkilatların qarşısında qaldırmaqla həmin problemlərin həll olunmasına mühüm töhfə verir. O, qadınların hüquqlarının qorunması sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.

Digər qonaqlar da çıxışlarında dünyada qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkdilər. Bu cür ciddi problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin birinci xanımlarının üzərinə böyük vəzifələrin düşdüyünü deyiblər. Qeyd olunub ki, cəmiyyətin müxtəlif sahələrində qadınların rolunun gücləndirilməsi, onların öz fəaliyyətləri ilə bu prosesdə iştirakının təmin olunması indi qarşıda duran ən vacib məsələlərdəndir. Bildirilib ki, bütün bu amillərin həyata keçməsi üçün qadınlara daha çox səlahiyyətlərin verilməsi vacibdir və ən əsası da qadın hüquqlarının qorunması sahəsində beynəlxalq və yerli qanunvericiliyin möhkəmləndirilməsi əsas məqsədlərdən biri kimi qəbul edilməlidir. Bundan əlavə, Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolu gücləndirilməli, bu sahədə prioritetlər müəyyənləşdirilərkən onların da təcrübəsindən istifadə edilməlidir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm