Qırmızı.az
Nə yoğurdum, nə yapdım, yeyəndə ziyan tapdım – şəhər təndirləri ilə bağlı ARAŞDIRMA
Təndirdə çörək bişirənlər bronxial astmadan tutmuş, bir çox ağır xəstəliklərə tutulma riski daşıyır. Araşdırmalar sübut edir ki, təndirin təzək, yaxud odunla yandırılmasından asılı olmayaraq, orada tüstü toplanır. İlk dəfə ocaq alışanda yaranan qara duman daha sonra sakit alova çevriləndə orada zəhərli qazlar yaranır. Qara alovdan sonra yaranan açıq rəngli qaz ilk baxışda təhlükəli görünməsə də, çox zərərlidir. Açıq rəngli alovun zəhəri ağciyər üzərində ciddi zədələnməyə səbəb olur.
Bu qənaətə Türkiyənin Loğman Həkim xəstəxanasının həkimləri apardıqları araşdırma nəticəsində gəliblər.
Türkiyəli mütəxəssislərin gəldikləri bu nəticə təndir çörəyini sevərək yeyən azərbaycanlılar üçün də maraqlıdır. Bu gün paytaxtın bir çox yerlərində quraşdırılmış təndirlər səhər saatlarından axşama qədər işləyir.
Publika.az-ın “Qırmızı xətt” layihəsində təndirlərin orada işləyənlər və alıcılar üçün yaratdığı təhlükəli məqamları araşdıracağıq.
Türkiyəli alimlərin araşdırması zamanı məlum olub ki, bu qazlarla təmasda olanlar xərçənglə yanaşı bronxial astma, nəfəs darlığı və bir sıra xəstəliklərdən əziyyət çəkirlər. Heç siqaret çəkməyən qadınlar belə təndirdə çörək hazırladıqlarına görə bu xəstəliklərə daha tez tutulurlar. Zəhərli qazlar bədənin bir çox xəstəliklərə müqavimətini azaldır, həmin insanlar asanlıqla vərəmə tutula bilir. Həmin qadınlar heç siqaret çəkməsələr də, onlarda ağciyər xərçənginə rast gəlinir.
Bildiyimiz kimi, təndirlərin yandırılması üçün kənd yerlərində təzək, bəzi hallarda odundan istifadə edilir. Bundan başqa təzək yandırılan otaqda zəhərli qazlar 24 saatdan 72 saata qədər havada qalır.
Mütəxəssislər təndirdən çıxan zərərli qazların zərərinin azaldılması üçün bəzi tövsiyələr də verir. Bunun üçün təndirlərin olduğu məkanda tüstü bacasının olması məsləhət görülür. Kənd yerlərində yerdən quraşdırılan təndirlərin daha yüksək yerlərdə qurulması və havalandırma sisteminin olmasını vacib hesab edirlər.
Günün əsas hissəsini təndir başında keçirənlər bu təhlükədən xəbərdardır?
Bunun üçün bir neçə təndirdə olduq. Yayda yol kənarlarında qurulan bu təndirlər havalar soyuyan kimi üstü bağlı otaqlarda yerləşdirilir. Bu obyektlərdə işləyənlərin kimi bu işi anasından, kimi də elə işlədiyi yerdə öyrənib. İş tapmadığına görə təsadüfən təndirdə işə başlayanlar az deyil.
Başı çörək bişirməyə qarışan qadınlarla, ayaqüstü söhbətləşdik. Məlum oldu ki, onlar təndirin səhhətləri üçün zərərli olmasından xəbərsizdirlər.
19 yaşımdan təndirdə çörək bişirirəm
19 ildir təndirdə işləyən Narıngül xanım hələ ki zərərini hiss etmədiyini deyir:
“Əslən Dəvəçi rayonundanam, amma çörək bişirməyi burada öyrənmişəm. İlk dəfə bu işə başlayanda 19 yaşım var idi. Amma hələ ki zərərin görməmişəm. Nə zərəri olacaq, odunla yox, qazla bişiririk. Baca qoyublar, amma o, tüstünü yaxşı çəkmir. Arada külək olanda tüstünü içəri verir, adam az qalır boğulsun. Amma tez çəkilir. Otağın da qapısı həmişə açıq olur ki, təmiz hava gəlsin. Kənd yerlərində odunla bişirirlər deyə tüstüsü çox olur. Mən elə təndirdə bişirə bilmirəm. Yəqin, qazın da zərəri var, qocalanda görəcəm nəticəsini. Gözümdə çoxlu göynəmə olur, yəqin təndirdəndir, amma hələ ki yaxşı görürəm”.
Ayda 70-80 manat alırıq
Baş çəkdiyimiz digər obyektin sahibi Dövlət Səfərov və orada işləyən qadınlar da tüstünün zərərindən xəbərsiz idilər.
Cəmi 2-3 aydır fəaliyyətə başlayan obyektdə yenicə işə başlayan qadınlar adlarını açıqlamasalar da, təndirdə çörək bişirməyin çətinliyi barədə danışırlar. Uzun müddət Lənkəranda ailəsi üçün təndirdə çörək bişirən müsahibim, son 10 ildir Bakıda təndirlərdə işlədiyini deyir. Onun sözlərinə görə, qazla işləmək odundan daha yaxşıdır:
“Rayonda ailəmiz böyük idi, 5 qızım, yoldaşım, onun valideynləri, ona görə də çox çörək bişirirdim. Rayonda odun, təzəklə bişirirdik, onun tüstüsü çox olurdu, adamın gözü çıxırdı. İndi qazla bişiririk, tüstü olmur. Qapını da açıq qoyuruq, hava təmizlənir”.
İşə hələ bu gün başlayan digər müsahibim uzun müddətdir şirniyyat sahəsində çalışdığını deyir. Amma bir müddət təndirdə də işləyib.
“Əslən Sabirabaddanam, burada qızımgildə qalıram. Bir qızım da rayonda yoldaşımla qalır, oğlum əsgərlikdə. Uşaqları yerbəyer etməliyik, yoldaşıma kömək etmək üçün işləyirəm. Qışda rayon yerində iş olmadığına görə, Bakıya gəlirəm, şirniyyat, çörək sexlərində işləyib pul qazanıram. Yayda belə yerdə işləmək olmur, onda da rayona gedib, orada işləyirəm. İş axtarırdım, bura gəldim danışdıq, bu günlük işimə baxacaqlar, yaxşı işləsəm götürəcəklər. Burdan əvvəl də təndirdə işləmişəm, amma elə bir zərəri olmur. Bəlkə gələcəkdə nəsə olacaq”.
Çörək bişirən qadınların aylıq maaşı 70-80 manatdır. Bu cür çətin şəraitdə, aşağı maaşa işləmək sərfəli olmasa da, buna məcbur olduqlarını deyirlər:
“Əlbəttə, aldığımız maaş, əziyyətimizə uyğun deyil. Amma nə edək? Rayondan bura gəlib işləyirik ki, evə 5 manat pul aparaq. Harda iş tapdıq işləməliyik. Həm də satış göz önündədir də, elə çox alan yoxdur ki, bizə də yaxşı maaş versinlər”.
Bu zaman obyekt sahibi Dövlət Səfərov söhbətə qarışır.
“Gündə 150-ə qədər satış edirik, azı 2 manat qaz pulu veririk, digər xərcləri də nəzərə alsaq, elə də çox qazancımız olmur. Bəzi günlər satış daha da az olur”.
O, işçilərin rahatlığı üçün bütün şəraiti yaratdığını deyir:
“Üç təndirimiz var. Çörəyi qazla bişiririk, qaz olmayanda kömür, elektrikdən istifadə edirik. Qazın yanması zərərli deyil, həm də pəncərə daim açıq olur. Bir neçə aydır işə başlamışıq, bura açılan kimi vergilər, sanitar-gigiyena, bələdiyyədən, bir neçə başqa yerdən də gəlib baxdılar. Hər şey tələbələrə uyğun olduğuna görə icazə verdilər”.
Baş çəkdiyimiz digər təndirlər də qazla işləyirdi. Söhbət zamanı bəlli olur ki, orada işləyənlər də hələ ki təndir tüstüsünün zərərindən xəbərsizdir. Onları düşündürən yeganə məqam satışla bağlıdır. Lakin həkimlər heç də müsahiblərimiz qədər rahat danışmır.
3 milyard insan təhlükədə
Tibb Universitetinin Terapiya Xəstəxanasının pulmunologiya şöbəsinin müdiri Əlizamin Sadıqov biokütlələr -təzək, torf, odun, neft məhsulları və s. vasitələrdən istifadə edənlərin sağlamlığının təhlükədə olduğunu deyir. Onun sözlərinə görə, bu gün dünyada 3 milyarda yaxın insan həmin məhsullardan otağın qızdırılması, yaxud qida hazırlanması üçün istifadə edir. Ölkəmizdə də bu insanların sayı az deyil:
“Xüsusən rayonlarda, dağətəyi bölgələrdə yaşayanlar bu mənbələrdən istifadə edir. Uzun müddət odunla çörək bişirən qadınlar siqaret çəkməsələr belə, onlarda ağciyər xəstəlikləri müşahidə edilir. Həmin qadınlarda həm də enfizema xəstəliyi müşahidə edilir. Bu da ağciyərin normal fəaliyyət göstərməsinə mane olur. Təkcə qadınlar deyil, həmin otaq şəraitindəki uşaqlarda da enfizema, müxtəlif ağciyər xəstəlikləri, astma kimi xəstəliklər müşahidə edilir. Ağciyər xərçəngi də istisna edilmir. Çünki həmin məhsulların yanmasından yaranan tüstü, hətta siqaret tüstüsündən daha təhlükəlidir. Yanma nəticəsində yaranan kimyəvi maddələr birbaşa ağciyər xəstəlikləri, astmanın kəskinləşməsinə səbəb olur. Bu problemlərlə bağlı bizə də müraciətlər olur”.
Müasir təndirlər qazla işləyir. Qazla işləyən təndirlərin orada işləyənlər üçün hansı xəstəlikləri vəd edir?
Müsahibimin sözlərinə görə, qaz biokütlələr qədər təhlükəli olmasa da, sağlamlığa zərərlidir.
“Qazla işləyən məkanda təndirin qazla işləməsi havanın çirklənməsinə səbəb olur. Bu çirklənmənin təsirinə ağciyərlər məruz qalacaq. Bu baxımdan həmin obyektlərdə də havalandırma sisteminin olması mütləqdir. Yalnız pəncərə, qapı, yaxud baca açmaqla otaqda hava təmizlənmir. Otaqda karbon qazı kütləsinin artması xroniki bronxit, astmanın kəskinləşməsi, eləcə də digər ağciyər xəstəliklərinə səbəb olur”.
Təndirlər yalnız burada işləyənlər deyil, alıcılar üçün də bir çox xəstəlik mənbəyi hesab edilir.
Obyekt sahibləri və orada işləyənlər hər şeyin normalara uyğun olduğunu desələr də, reallıq fərqli idi. Bu obyektlərdə çörəyin xəmiri əllə hazırlanırdı. Obyekt sahibləri unun saxlanma şəraiti, xəmirin necə hazırlanmasına baxmağımıza icazə vermədilər. Lakin bişirmə yerlərindəki səliqəsizlik görmədiklərimiz barədə müəyyən təsəvvür yarada bildi. İşçilərin xüsusi geyimdə olmaması, əllərini gah paltarlarına, gah da xəmirə vurmaları heç də xoş təəssürat yaratmırdı. Bir sözlə, obyektdə iş şəraiti nə işləyənlərin, nə də alıcıların sağlamlığı üçün xoş vədlər verirdi. Həmçinin təsadüfi insanların bu obyektlərdə işə götürülməsi, onların tibbi müayinədən keçirilməməsi də xəstəlik təhlükəsini daha da artırır.
Bəzi təndirlərdə milçək uçur
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov onlara hər həftə təndirlərlə bağlı 3-4 müraciətin olduğunu deyir:
“Təndirdə bişirilən çörəklərin tərkibi, oradakı gigiyenik şəraitlə bağlı telefon zəngləri olur. Lakin yazılı şikayət edənlər olmayıb. Birmənalı şəkildə deyirəm ki, “nənəmin təndiri” şəbəkəsi, Novxanı yolundakı digər təndirlərin bu günə qədər fəaliyyət göstərməsi mənim pis işləməyimin nəticəsidir. İnsanları isti çörəyin zərəri barədə düzgün maarifləndirməmişəm. Tələbat olduğuna görə, bu obyektlər fəaliyyət göstərir. İnsanlar oradakı antisanitariyanı görərək, necə çörək alıb yeyirlər? Həmin çörəklər orada işləyən qadınların təri ilə bişir. Normal sanitariya yoxdur. Sanitar orqanlar gözlərini yumaraq bu obyektlərin qarşısından keçir, hətta onlara qaydalara uyğun işləmələri barədə sənəd də verirlər. Bu obyektlərin çoxunda milçəklər uçuşur”.
Bəzi təndirlərdə küçədən keçən, təsadüfi insanlar işləyir
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev təndir yerlərində də çörək sexləri kimi monitorinqlər apardıqlarını dedi. Lakin bu işlər qanunvericiliyə əsasən, şikayət daxil olduğu zaman aparılır.
“İdarənin yerli şöbələri şikayət daxil olarkən və plan əsasında həmin obyektlərdə monitorinq aparır. Həmin yoxlamalar nəticəsində obyektlər cərimələnir. Apardığımız araşdırmalar zamanı ilk növbədə çörəyin normal temperaturda bişirilməsi və saxlanması qaydalarına nəzarət edirik. Xəmir əl ilə deyil, xüsusi aparatlarla yoğrulmalıdır. Çörəyi təndirə əllə qoymaq olar, lakin ona qədərki proseslər əlcəklə olmalıdır. Daha sonra bişmiş çörəyin üstü təmiz parça ilə bağlanmalıdır. Təəssüf ki, bir çox halda çörəyin üzərinin adyallarla bağlanmasını müşahidə edirik. Bu, gigiyenik normaların pozulmasıdır. Digər pozuntu çörəyin qablaşdırılmasındadır. Lakin bizdə qablaşdırma ilə bağlı normalar olmadığına görə, bu barədə tələblər irəli sürə bilmirik”.
İmran Abdullayev bu obyektlərdə işləyənlərin sağlamlıq məsələsinə də toxundu:
“Adət-ənənəyə görə, bu təndir odunla qızdırılmaldır. Lakin şəhərdə bunu təmin etmək həm çətindir, həm də ekoloji baxımdan daha zərərlidir. Təndirlərin qazla işləməsi çox da zərərli deyil. Lakin həmin işçilər birbaşa çörəklə kontaktda olduqlarına görə, sağlam olmaları tələb olunur. Təəssüf ki, belə yerlərdə çox vaxt küçədən keçən, təsadüfi insanlar işləyir. Onlar 15-20 gün işləyib sonra çıxırlar. Belə hallar yolverilməzdir. Onlar sağlamlıq müayinəsindən keçməli, xüsusi geyimdə işləməlidirlər. Geyimlərin çirki gözlə görünsün deyə, geyimləri açıq rəngli parçadan olmalıdır. Təəssüf ki, bu obyektlərdə əsasən, qara və boz rəngli geyimlərə üstünlük verirlər”.
İ.Abdullayev deyir ki, bu obyekt sahiblərini təsadüfi işçi götürdüklərinə və digər qanun pozuntularına yol verdiklərinə görə inzibati məsuliyyətə cəlb ediblər.
Onun sözlərinə görə, pozuntulara yol verən sahibkarlar fiziki şəxs olarsa, 100-200 manat, hüquqi şəxsl olduqdan 400 manat cərimələnir. Yoxlayıcı orqan obyektin fəaliyyətinin təhlükəli olduğu qənaətinə gəldikdə, bağlanma barədə qərar verir.
Gülxar
-
Rəsmi xronika15:30
İlham Əliyev sərəncam imzaladı
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi
-
Region14:00
Aİ-nin Ermənistandakı missiyası ABŞ nümayəndələri ilə görüşdü: Bu məlumatları ötürdülər
-
Sosial12:49
DYP sürücülərə çağırış etdi
-
MDB12:15
Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
-
Sosial11:33
Mağazaya girdi, hamının borcunu ödədi, yoxa çıxdı - Lənkəranda şok olay
-
Nida Xəbər 11:01
Türkiyədən Azərbaycana növbəti dəstək: Biz istəyirik ki...