Tərk edilmiş teleməkan- ANALİZ
Bizi izləyin

Qırmızı.az

Tərk edilmiş teleməkan- ANALİZ

Bu gün Azərbaycan teleməkanında yaranmış durum çox mənfi və strateji planda olduqca təhlükəli tendensiyanın başlamasına nədən olub. Bu da ondan ibarətdir ki, ölkə tamaşaçılarının çox böyük əksəriyyəti yerli kanallardan imtina edərək xarici yayımçıları izləməyə başlayıb. Nəticədə, vətəndaşlarımız xarici dini, ideoloji, siyasi mərkəzlərin təbliğatı altına düşür və dəyərlərimiz mənəvi-əxlaqi aşınmaya məruz qalır.

Teleməkanda passiv boykot

Professionallıqdan getdikcə uzaqlaşmaqda olan özəl telekanallar bayağı və "ədviyyatsız xörəkləri", şit və yalançı reklamları, əxlaqsızlığı təbliğ edən "sabun operaları"- teleserialları, abırsız şouları, restoran mətbəxinə döndərilmiş səhər verilişləri və digər səviyyəsiz proqramları ilə seyrçini əsəb xəstəliyinə düçar etməyi qarşısına məqsəd qoymuş kimi görünür.

Ölkəmizin özəl tele və radio kanalları demək olar ki, bütün normal kriteriyaları tapdalayaraq, cəmiyyətin mənəvi tələbatını və ictimai maraqları bir kənara ataraq, fərqli istiqamətə köklənib. Diletantların hakim olduğu teleradio efirində proqram şəbəkəsi elə tərtib olunur ki, sanki, tamaşaçı auditoriyası tamamilə meşşan, kütbeyin, qeybətdən və "sabun operaları"ndan ötrü sinov gedən adamlardan ibarətdir.

Tamaşaçılar isə bunun heç də belə olmadığını qeyri-efir vasitəsilə əyani sürətlə nümayiş etdirdlər. Başqa sözlə, yerli telekanallar artıq öz auditoriyalarını demək olar ki, tamamilə itiriblər. Həm də telemenecerlər bunun gec də olsa fərqindədirlər. Elə müvafiq dövlət qurumlarının rəhbərləri də.

Bu prosesi yalnız inzibati yollarla tənzimləmək o qədər də effektli olmazdı. Burada ictimai qınaq önəmli roy oynaya bilər. Sivil ölkələrdə TV-lərin fəaliyyəti cəmiyyət tərəfindən məhz bu üsulla tənzimlənir. Azərbaycanda isə tamamilə sivil bir metod- passiv boykot tətbiq olundu və ... seyrçilər yerli teleməkanı tərk etdilər...

Teleməkanda ağır psixosimptomatik krizis

Vəziyyət o həddə gəlib çatıb ki, savad və peşəkar təcrübə bir yana qalsın, elementar danışıq və davranışlara belə yiyələnməyə "vaxt tapmayan" adamlar efirdən xalqa məsləhət verir, milli-mənəvi dəyərləri və "lazımsız" əxlaq kriteriyalarını lağa qoyur, özləri də blmədən psixi xəstəliyə tutulduqlarını nümayiş etdirirlər.

Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, bəzi iddialara görə, qlobal fırıldaqçı qruplaşmanın təsiri ilə televiziya rəhbərlərinə yalançı reytinq sorğularının nəticələri təqdim olunur ki, guya seyrçilərin çoxu şou verilişlərə baxır.

Bir neçə gün öncə sosial şəbəkələrin birində kiçik bir sorğu apardım. Müxtəlif yaş, peşə, təhsil və digər sosial qruplardan ibarət əhali kateqoriyalarına mənsub təxminən 160 nəfərə yaxın respondentin 100 nəfərdən çoxu Rusiya, 40 nəfərə yaxını Türkiyə, 4 nəfəri Avropa, 15 nəfəri isə Azərbaycan telekanallarını izlədiyini bildirdi. 10 faizdən aşağı nəticə...

Yerli kanalları izləyənlərin böyük əksəriyyəti isə, çox az verilsə də, ciddi proqramlara baxdığını dedi. Sorğu iştirakçılarının yalnız 20 faizi şou proqrama və ya seriala baxdığını bildirdi.

Söhbət tək bu sorğudan getmir, müşahidələr də eyni şeyi deyir. Şou epopeyası bir dövr idi yaşanıb bitdi. İndi intellekt əsridir, tamaşaçılar peşəkarların hazırladığı səviyyəli intellektual verilişləri tələb edir. Maraqlıdır, bir vaxtlar "Milyonçu", "Zəif bənd" kimi bilik yarışmaları nədən dayandırıldı, amma şou layihələr hələ də davam edir?

Teleməkanımızda çatışmayan nədir?

Ölkəmizdəki televiziyalardan birinin rəhbər strukturunda 5 illik iş təcrübəmə əsaslanıb deyə bilərəm ki, bizim TV-lərin əsas problemi proqram siyasətidir. Bu gün Azərbaycan teleməkanında çatışmayan proqramları hazırlamaq üçün teleşirkətlərin yetərli maliyyə və maddi-texniki bazası var. Pis-yaxşı kadr potensialı da. Lakin AzTv və İTV istisna olmaqla özəl teleşirkətlər ciddi və səviyyəli proqramlar yaratmaq əvəzinə, getdikcə şou verilişləri artırırlar. Bəs nədən belə edirlər? Bunun çox sadə səbəbləri var.

Birincisi odur ki, şit, mənasız hay-küy, qeybət və tərbiyəsizliklə müşayiət olunan şoularda SMS-lə külli miqdarda pul qazanırlar. Belə verilişlər konkret auditoriyaya ünvanlanıb və əmindirlər ki, onları qızışdırmaqla xeyli SMS (yəni pul) qopara biləcəklər. Beləliklə, SMS dilənçiliyi telemenecerlər tərəfindən pul qazanmağın ən asan yolu kimi seçilib.

İkincisi ondan ibarətdir ki, ciddi elmi-intellektual, sosial-iqtisadi, hərbi-vətənpərvərlik və digər verilişlərdən fərqli olaraq bu verilişlər (şou, əyləncə) nə çoxlu maliyyə, nə də peşəkar mütəxəssislər tələb etmir. Əksinə, onlara sponsor və reklam tapmaq daha asan olur.

Üçüncüsü isə, son zamanlar diletantların tele-radio kompaniyalara ayaq açması nəticəsində savadsız, dünyagörüşü olmayan, zövqsüz televiziya əməkdaşlarının sayı artıb. Aşağı əməkhaqqı ilə işləyən praktikantlar isə seyrçiləri öz zövqləri səviyyəsinə salmağa çalışırlar.

Köhnə hamam, köhnə tas

Sirr deyil ki, ölkəmizin ziyalı auditoriyası yerli tele ve radio kanalları izləmir. Ucuz şouları, keyfiyyətsiz proqramları, bərbad durumda tərcümə olunmuş filmləri, savadsızlığı efirdən aşkar bilinən teleaparıcıların verilişlərini nədən izləsinlər ki?

Təbii ki, nəhəng xarici telekanallarla rəqabətə bizim televiziyalar davam gətirə bilmir. Texnologiyanın inkişafı, peyk yayımları ilə dünya kanallarını izləməyin mümkünlüyü bizim TV-ləri seyrçi itkisinə məruz qoyur.

Məsələnin əsas tərəfi isə TV-lərimizin kadr siyasətinin zəifliyi, verilişlərin aşağı səviyyəsi və proqram siyasətilə ilə bağlıdır. Ölkədə səviyyəli teleistehsalların (bədii, sənədli, cizgi filmləri, serial və s) çox az olması da önəmli rol oynayır.

Əhalinin xarici kanalları izləməsi bizim TV-lərin reytinqini aşağı salır, reklam gəlirlərini azaldır. O üzdən də milli kanallarımız itirilmiş seyrçi kütləsini qaytarmaq üçün qollarını çırmalamalıdırlar.

Bu məsələlərlə bağlı dəfələrlə ən yüksək səviyələrdə ciddi iradlar tutulsa da, televiziyalar "içlərinə bir şey qoymayıblar". Ölkə prezidenti, millət vəkilləri, yüksək rütbəli dövlət xadimləri, media ekspertlər dəfələrlə yerli TV-lərdəki proqram və kadr siyasətini sərt tənqid ediblər. Lakin yenə də "köhnə hamam, köhnə tas".

Biri milli dəyər daşıyıcılarımızdan olan kinofilmlərimizi "sünnət" eləyir, birinin efirində bütün günü şoudur, digərində küçə qeybətləri yayımlanır, o birində meyxana yarışması verilir. Bunlardan bezən seyrçimiz isə əlacı xarici TV-lərə üz tutmaqda görür.

Əcnəbi televiziyaların efirində yüksək səviyyəli proqramlar yayımlansa da, bir çox kanallarda sırf dini, siyasi, ideoloji təbliğat aparılır ki, bu da cəmiyyətimiz üçün son dərəcə təhlükəli tendensiya sayılır.

Milli televiziyanın milli proqram siyasəti

Ədalət naminə deyək ki, AzTv-ni (o cümlədən, "Mədəniyyət" kanalını) səviyyəsizlikdə suçlamaq olmaz. AzTv efirinə "küçə uşaqları"nı buraxmır və ciddi proqramlara üstünlük verir, "ana kanal" funksiyasını davam etdirməklə öz auditoriyasını qoruya bilir. Bu kanalın efirində klassik mədəniyyət irsi təbliğ olunur, intellektual səviyyəli sənədli, bədii və çizgi filmləri yayımlanır.

Xüsusilə, orta və yaşlı nəsil AzTv-də Sovet dövründə istehsal edilmiş klassik musiqi şedevrlərini, kinoları, tamaşaları, multfilmləri və s. teleistehsalları bəyənir. Milli televiziyanın kadr bazası savadlı, dublyajı da səviyyəlidir.

Özəl telekanallarımızda isə, əksər proqramlar və seriallar Rusiya, Türkiyə televiziyalarından oğurlanmış, oxşadılmış və təkrarlanmış teleistehsallardır. Həm də bu çox səviyyəsiz və bayağı şəkildə edilir ki, tamaşaçıda ikrah hissi yaranır.

Bu sıraya bayağı reklamları da əlavə etmək olar, hansı ki, əslində bunları anti-reklam adlandırmaq daha doğru olar. Əslində, normalda heç bir özünə hörmət edən şirkət bu cür TV-lərə (qızıl qiymətinə) reklam yerləşdirməz, amma alternativ olmadığından onları qınamaq doğru olmaz.

Özəl kanallarda texniki cəhətdən hər şey yüksək səviyyədədir. Çatışmayan isə, savadlı, peşəkar kadr bazası (heç bir TV işə müsabiqə yolu ilə qəbul etmir), səviyyəli proqram siyasəti (ölkənin ziyalı auditoriyasını cəlb edə biləcək verilişlər) və yaradıcılıq azadlığıdır (televiziyaların proqramları bir neçə adamın zövqü əsasında formalaşır.

Səbəbə yox, nəticəyə qarşı mübarizə?

Təbii ki, nəhəng xarici telekanallarla rəqabətə bizim televiziyalar davam gətirə bilmir. Məsələnin digər tərəfi isə TV-lərimizin kadr siyasətinin zəifliyi, verilişlərin aşağı səviyyəsi və proqram siyasətilə ilə bağlıdır. Ölkədə səviyyəli teleistehsalların (bədii, sənədli, cizgi filmləri, serial və s) çox az olması da önəmli rol oynayır.

Texnologiyanın inkişafı, peyk yayımları ilə dünya kanalarını izləməyin mümkünlüyü bizim TV-ləri seyrçi itkisinə məruz qoyur. Əhalinin xarici kanalları izləməsi bizim TV-lərin reytinqini aşağı salır, reklam gəlirlərini azaldır. O üzdən də milli kanallarımız itirilmiş seyrçi kütləsini qaytarmaq üçün qollarını çırmalamalıdırlar.

Amma çıxış yolu peyk antenlərinin yığılması deyil. Yəni, nəticəyə yox, səbəbə qarşı mübarizə aparıımalıdır. Səbəbi isə yuxarıda göstərmişik.

Beləliklə, yaranmış situasiya təcili tədbir görülməsini tələb edir. "Liderlik" xəstəliyinə tutulan, bəzi yerlərdə bəzilərinin özlərini Napaleon hesab etdikləri kimi ölkənin "birinci kanalı" (?) və ya "ən baxımlı kanal" (?) adına heç bir əsas olmadan iddia edən Azərbaycan televiziyalarını xilas etmək, ona itirilmiş keçmiş nüfuzunu qaytarmaq, cəmiyyətin önündə getməsini təmin etmək üçün ciddi işlər görülməlidir.

Bu prosesi yalnız inzibati yollarla tənzimləmək o qədər də effektli olmazdı. Burada ictimai qınaq önəmli roy oynaya bilər. Sivil ölkələrdə TV-lərin fəaliyyəti cəmiyyət tərəfindən məhz bu üsulla tənzimlənir. Deyəsən, Azərbaycanda çatışmayan da elə budur.

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm