Tahir Abbaslı: “Biz molla təfəkkürlü təşkilat deyilik”
Bizi izləyin

Qırmızı.az

Tahir Abbaslı: “Biz molla təfəkkürlü təşkilat deyilik”

“Siyasi partiyalar haqqında” Qanuna ediləcək əlavə və dəyişikliklər layihəsində dinyönümlü partiyaların, adında hər hansı din adı keçən siyasi təşkilatların qeydiyyata alınmaması nəzərdə tutulur. Publika.Az məsələ ilə bağlı adında “islam” sözü olan partiyaların mövqeyini öyrənib.

Azərbaycan İslam Partiyasının sədr müavini Akif Heydərli bu şərtləri insan hüquqlarına, demokratiyaya, eləcə də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hesab edir: "Azərbaycanda əhalinin 97 faizi müsəlmandır, bunlardan da müəyyən hissəsi dini əqidə ilə yanaşı siyasi əqidəyə də malikdir. Onların dinyönümlü partiyada birləşməsi o demək deyil ki, Azərbaycan dövlətçiliyinə, konstitusiyaya qarşı çıxırlar. İslam Partiyası Azərbaycan xalqının milli mənafeyini müdafiə edən partiyadır. 1995-ci ildən bəri hər qurultaydan sonra qeydiyyat üçün Ədliyyə nazirliyinə müraciət etsək də, heç bir cavab ala bilmirik".

Akif Heydərli vurğulayıb ki, dinyönümlü siyasi partiyaların qeydiyyatına məhdudiyyət qoyulması bu insanların ictimai-siyasi fəaliyyətinə birbaşa maneədir və bu fəaliyyətin qanuni yolla tənzimlənməsinə birbaşa əngəl törədə bilər: "Dinyönümlü partiyalar Türkiyədə də var, Avropada da. Nəyə görə onların fəaliyyətinə maneə törədilmir?”

İslam Partiyasının rəsmisi “Bu sənəd qüvvəyə minsə, partiyanın adında dəyişiklik edilə bilərmi?” sualına belə cavab verib: “Zərurət qarşısında, fəaliyyətimizin qanunla tənzimlənməsi naminə müəyyən addım ata bilərik, lakin bu müzakirələr nəticəsində baş verməlidir. Hər halda qurultayımızda bu məsələ öz həllini tapmalıdır”.

2002-ci ildən qeydiyyatsız fəaliyyət göstərən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı da öz növbəsində bu şərtin demokratik tələblərinə sığmadığını deyib: “Biz molla təfəkkürlü təşkilat deyilik. İslam Demokrat Partiyası Azərbaycan qanunvericiliyinə, dövlətçiliyi hörmətlə yanaşan partiyadır. Bizim siyasi fəaliyyətimizdə dövlətçilik əleyhinə heç nə ola bilməz”.

Tahir Abbaslı hesab edir ki, bu sənədin hazırlanmasında iştirak edən Venesiya Komissiyası da məsələyə ədalətsiz yanaşıb: “Avropada Xristian Demokrat Partiyası ola bilər, Azərbaycanda İslam Demokrat Partiyası ola bilməz? Məncə bu yanlış addımdır. Hesab edirəm ki, bu məsələdə diqqətli olmaq lazımdır”.

İslam Demokrat Partiyasının sədri ad dəyişikliyi bağlı suala cavab olaraq deyib ki, məram və ideya dəyişməsə də, ad dəyişikliyi mümkündür: “Lakin bu, yalnız qurultayda müzakirələr əsasında baş tuta bilər. Texniki problemlərimizi həll edə bilsək, bu ilin sonuna kimi qurultay keçirəcək, sənədlərimizi bir daha qeydiyyat üçün təqdim edəcəyik”.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm