Şok: Fərhad Əliyevin adamı bazarı su qiymətinə aldı
Bizi izləyin

Qırmızı.az

Şok: Fərhad Əliyevin adamı bazarı su qiymətinə aldı

“8-ci km bazarı”nın yenicə özəlləşməsi və sahibkarın adının açıqlanmasından sonra olduqca maraqlı məlumat əldə etmişik.

Axar.az xəbər verir ki, bazarın sahibi kimi adı açıqlanan Bəhram Qurbanov tanınmış biznesmenin oğlu kimi təqdim edilir. Ancaq onun atası Rasim Qurbanov beznesmendən daha çox, polis polkovniki və keçmiş nazir Fərhad Əliyevin yaxın adamı olaraq tanınıb.

Fərhad Əliyev sahibkarı aldadıb?

"8-ci km Ticarət Mərkəzi" ASC ötən ay cəmi 312 min manata iş adamı tərəfindən özəlləşdirilib. Halbuki bazarın dəyəri on milyonlarla ölçülür. Bəs niyə bazar bu qiymətə hərraca çıxarılıb?

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bazarla bağlı problem 2001-ci ildən başlayıb. Dövlət Əmlak Komitəsi həmin dövrdə bazarın səhmdar cəmiyyətə çevrilməsinin vacibliyini bildirib və bazarın ovaxtkı sahibi M.Bağırova sənədlər imzalatdırılıb. Aradan nə az-nə çox, 7 il keçəndən sonra bəlli olub ki, ASC-yə çevrilən bazarın səhmlərinin 91 faizi o vaxt iqtisadi inkişaf naziri olan Fərhad Əliyevin yaxın adamı, təqaüddə olan polis polkovniki Rasim Qurbanovun adına özəlləşdirilibmiş.

Bazar yenidən özəlləşir və... Oğul Qurbanov

2008-ci ildə bu faktı müəyyənləşdirən keçmiş sahibkar məhkəməyə müraciət edir və bazarın dövlətə qaytarılması, yenidən özəlləşdirilməsinə nail olur. Amma təkrar hərraca cəmi 3 nəfər buraxılır ki, onların da ikisi ata-oğul Qurbanovlardır. Nəticədə bazar 2001-ci ildə 91 faiz səhmə sahiblənən Rasim Qurbanovun oğlu Bəhram Qurbanova satılır.

Bazar niyə ucuz qiymətə satılıb?

Mənbənin qeydlərinə görə, bazarın aylıq gəliri 700-750 min manatdır, ümumilikdə dəyəri isə 30 milyondan yuxarı qiymətləndirilir.

Hərracda 2001-ci ildən 91 faiz səhmə sahib olan R.Qurbanova güzəştlər edilməsi qanuna müvafiq olsa da, bazarı almaq istəyən çoxsaylı iş adamlarının auksiondan kənarda qalması barədə də iddialar var. Mənbə qeyd edir ki, Fərhad Əliyevin dolayısı ilə sahibi olduğu bu bazarın yenidən onun adamına, həm də cəmi-cümlətani 1 aylıq qazancının yarısından da aşağı qiymətə satılması müəyyən şübhələrə yol açır.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na müvafıq olaraq "8-ci km Ticarət Mərkəzi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.

“Trend”in məlumatına görə, fevral ayının 7-də "8-ci km Ticarət Mərkəzi" ASC-nin özəlləşdirilməsi ilə əlaqədar keçirilən tenderin qalibi Bəhram Qurbanov olub. Bəhram Qurbanov tanınmış biznesmen Rasim Qurbanovun oğludur.

Xatırladaq ki, müsabiqədə iştirak etmək üçün üç iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycanın müvafıq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər üç iddiaçı iştirakçı statusunu əldə edib. Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxdıqdan sonra 16 yanvar 2015-ci il tarixində açıq səsvermə yolu ilə qərar qəbul edib və investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqənin şərtlərinə əsasən, qalib dövlət büdcəsinə 312 min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm