Balakəndə toyda qan töküldü: 2 nəfər bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Balakəndə toyda qan töküldü: 2 nəfər bıçaqlandı

Balakən rayonunda toy məclisi iki nəfərin bıçaqlanması ilə başa çatıb.

Publika.az xəbər verir ki, hadisə ötən ilin iyunun 5-də rayonun Qazma kəndində Rafiq adlı şəxsin oğlunun toy məclisində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Bayram Vəliyev, 52 yaşlı Həsən Mirəliyev və daha bir neçə şəxsin arasında rəqs etmək üstündə mübahisə yaranıb. Bundan sonra içkili vəziyyətdə olan Həsən Mirəliyev evinə gedib və bıçaq götürərək toy məclisinə qayıdıb.

O, oynamaq üstündə mübahisə etdiyi Bayram Vəliyevlə yenidən mübahisə edib və əlindəki bıçaqla onun sağ döş qəfəsinə xəsarət yetirib. Bundan sonra Həsən Mirəliyev Bayram Vəliyevin bacanağının anası, 1953-cü il təvəllüdlü Mahizər Abduləziz qızı Quliyevanın qarın boşluğundan bıçaq zərbəsi vurub.

Bayram Vəliyev və Mahizər Quliyeva Balakən rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hər iki yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Həsən Mirəliyev ömrünün 30 ilini məhkumluq həyatı yaşayıb və hadisədən 6 ay əvvəl həbsdən çıxıb.

“Oynamaq üçün səhnəyə çıxdım”

Həsən Mirəliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib və cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Həsən Mirəliyev ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 5 iyun 2014-cü ildə qonşusu Firudinin toy məclisinə çağırılıb: “Bu zaman həbsxana yoldaşım olan Müşviq evimdə qonaq olub. Müşviqi evdə qoyaraq toya getmişəm. Özüm alıb apardığım pivəni toyda gələcək qudam Zöhrabla içdim. Toyun axırına yaxın oynamaq üçün səhnəyə çıxdım”.

“Gördüm ki, camaat məni toydan çıxarmaq üçün üstümə gəlir”

Təqsirləndirilən şəxsin sözlərinə görə, oynayan zaman kimsə onu arxadan itələyib: “Geri baxanda gördüm ki, camaat məni toydan çıxarmaq üçün üstümə gəlir. Həmin vaxt hərə məni bir tərəfə dartaraq köynəyimi cırdılar. Bu səbəbdən toydan çıxaraq evimə getdim və evdə paltarımı dəyişib geri qayıtdım. Yenidən toya qayıtmaqda məqsədim Elvini başa salmaq olub. O, nahaq yerə məni arxadan vurub. Məclis olan həyətə girəndə Elvini gördüm. Üzərimdə gəzdirdiyim cib bıçağını çıxardaraq ona tərəf getdim. Elvinə “məni niyə vurursan” deyəndə Elvin “məni tanımırsanmı?” deyərək cavab verdi. Özüm isə ona “tanıyıram” dedim. Elvin əlimdə bıçaq olduğunu görərək geri çəkildi. Bu zaman kirvəm Bayram gələrək məni kənara aparmaq üçün qucaqladı. Lakin onun əlindən dartınaraq çıxdım. Həmin anda Elvinin anası Mahizər üzərimə gələrək mənə cırmaq atmaq istədi. Onun əlindən çıxaraq qapıya tərəf getdim”.

“Gecələr parkda yatmışam”

Həsən Mirəliyev qeyd edib ki, yola çıxarkən qardaşı oğlu Vahid ona yaxınlaşıb: “Vahid dedi ki, Bayram məni tutarkən əlimdəki bıçaqla yaralanıb. Həmçinin Vahid bıçağın Mahizərə də dəydiyini dedi. Oradan birbaşa evimə gəldim. Ailə üzvlərimə heç bir söz demədən yaşadığım evin həyətində olan bağ sahəsinə gedərək orada gizləndim. Sonrakı gün gecə Danaçı kəndi yolu ilə Zaqatalaya, oradan isə avtobusla Bakıya getdim. Bakıda qohum evinə getmək təhlükəli olduğundan, gecələr parklarda yatmışam, gündüzlər isə gündəlik işlərdə işləmişəm”.

“30 il həbsxana həyatı yaşamışam”

Onun sözlərinə görə, 23 avqust 2014-cü ildə taksi ilə Balakən rayonuna, evinə gəlib: “Fikirləşdim ki, oğlumun toyundan sonra polisə təslim olaram. Lakin avqustun 26-da polis əməkdaşları məni tutaraq polis şöbəsinə apardılar. Cinayət əməlini törətdikdən sonra gecə vaxtı çöldə gedərkən bıçaq cibimdən düşüb, bıçağın harada düşdüyünü bilmirəm. Beş dəfə məhkum olunmuşam, 30 il həbsxana həyatı yaşamışam. O demək deyil ki, həmin cinayəti qəsdən törətmişəm. Keçmişimə görə ağır ittiham verilməsi ədalətli deyil”.

Məhkəmənin hökmü ilə Həsən Mirəliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm