Bakının ən qədim turist məkanından FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bakının ən qədim turist məkanından FOTOREPORTAJ

“Bakı qədim və gözəl şəhərdir. Burada tarix İçərişəhərin hər küçəsində yaşayır. Mən ilk dəfə Qız Qalasında oldum. Deyim ki, bu abidəyə heyran qalmışam. Siz onu qoruyub indiyə qədər yaşada bilmisiniz”.

Bu, Bakıya ilk səfərini edən alman tarixçi Lüdviq Anderasın paytaxtımız haqqında Publika.az-a dediyi sözlərdir. Azərbaycana ilk dəfə səfər edən turisti ən çox cəlb edən həm də şəhərimizin mehriban və qonaqpərvər insanlarıdır. Çoxdandır yolum düşməyən İçərişəhərdə ilk qarşılaşdığım əcnəbi turistdən şəhərimiz haqqında bu sözləri eşitmək, təbii ki, çox xoş oldu. Elə həmin təəssüratla da Qoşa Qala qapısından içəri daxil oldum. Bu dəfə xəbər hazırlamaq üçün getdiyimdən şəhərin tarixi, dar küçələrini daha diqqətlə seyr etmək imkanım oldu.

İçərişəhər Bakının ən qədim və ən çox turist axını olan məntəqəsidir. Elə addımbaşı da heyranlıqla paytaxtımızı seyr edən əcnəbi turistlərlə qarşılaşdım. Ölkəmizin ev sahibliyi etdiyi “Bakı-2015” ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı əsas məkanlardan biri də yəqin ki, qədim İçərişəhər olacaq. Artıq İçərişəhərdə onun tarixi ilə tanış olmaq üçün 4 məlumat məntəqəsi yaradılıb. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər , o cümlədən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin audiobələdçi xidmətidir. Audiobələdçilər vasitəsilə İçərişəhər haqqında Azərbaycan, rus, ingilis, fransız və alman dillərində məlumat əldə etmək mümkündür.

Əcnəbi qonaqların asudə vaxtının səmərəli təşkili üçün İçərişəhərdə həyata keçirilən layihələrdən biri də elektromobillər vasitəsilə turların təşkilidir. Elektromobillərdən istifadə etməklə turistlər qədim şəhəri çox asanlıqla gəzə və məlumat əldə edə bilərlər.

Xarici qonaqlara yardımçı olmaq üçün birinci Avropa Oyunları zamanı İçərişəhərdə könüllülər də fəaliyyət göstərəcək. Xüsusi geyimlərdə olan könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanır, turistlərə, eləcə də yerli sakinlərə lazımi yardım göstərir, istiqamətləndirir, həmçinin İçərişəhər və burada təşkil olunan müxtəlif festival və tədbirlərlə bağlı sualları cavablandırır.

Şəhəri gəzməyə çıxmış rusiyalı Svetlana İvanova isə fotoqrafdır. Şəhərimiz o qədər xoşuna gəlib ki, indiyə kimi Azərbaycanda olmadığına görə heyifsiləndiyini deyir: “Bakı möhtəşəmdir. Çox heyf ki, buranı gec tanımışam. Bakılı xanımlar da çox gözəldirlər. Biz burada xeyli fotosessiya etdik. Burada ilk Avropa Oyunları keçiriləcək. Bu sizin üçün bir şansdır. Mən oyunlar vaxtı da buraya gəlməyi planlaşdırıram. Sizin millətin qonaqpərvərliyinə heyran oldum”.

İçərişəhərdə ən çox diqqətimi cəlb edənlərdən biri də tariximizi özündə əks etdirən əşyalar satılan köşklər oldu. Burada Avropa Oyunları atributu olan nardan tutmuş, üzərində Avropa Oyunlarının loqosu əks olunmuş stəkan-boşqab dəstinə qədər hər şey var idi. İstənilən turist paytaxtımızdan özü ilə kiçik bir xatirə - suvenir alaraq geri qayıda bilər.

I Avropa Oyunları ərəfəsində qoruq ərazisində müxtəlif tədbirlərin də keçiriləcəyi planlaşdırılır. Bunlardan biri də ənənəvi Qız Qalası Beynəlxalq incəsənət festivalıdır. Bu il festival 6-cı dəfə təşkil olunacaq. Qeyd edək ki, ötən illər ərzindən bu festivalda 60-dan çox ölkədən yüzdən artıq rəssam iştirak edib. Bu il festivalın tarixi Avropa Oyunlarının keçiriləcəyi tarixə uyğunlaşdırılaraq iyunun 11-dən 14-dək keçiriləcək.

Qoruq ərazisində turistlər üçün müxtəlif turlar da təklif olunacaq. Bunlar vasitəsilə şəhərimizin qonaqları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin muzey ekspozisiyaları ilə tanış ola biləcəklər. Qız qalası, Şirvanşahlar Sarayı Kompleksləri, Sıratağlı dini-memarlıq kompleksi, Tahir Salahovun ev muzeyi və Numizmatika ekspozisiyalarının fəaliyyət saatları artırılacaq. Belə ki, sözügedən ekspozisiyalarda iş saatları iyun ayının 1-dən 30-dək saat 10:00-dan 21:00-dək davam edəcək.

Mən İçərişəhərdən xoş təəssüratlarla ayrıldım. Bura doğurdan da, Bakının ürəyidir. İstər əcnəbi turistin gözü ilə bax, istərsə də, yerli vətəndaşın gözü ilə.

Gülnar Əliyeva

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm