Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR - (YENİLƏNDİ)

İyunun 22-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Moldova Respublikasının Prezidenti İqor Dodon mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, əziz dostlar.

Moldova nümayəndə heyətini Azərbaycanda bir daha səmimi qəlbdən salamlamaq istəyirəm. Prezidentin səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərdə çox mühüm hadisədir. Əminəm ki, bu səfər Moldova-Azərbaycan münasibətlərinin dinamik inkişafına yaxşı təkan verəcək.

Bu gün biz qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə etdik və gələcək birgə fəaliyyətimizin yollarını müəyyənləşdirdik. Biz bundan sonra da siyasi əlaqələri möhkəmləndirəcək və beynəlxalq qurumlarda birgə fəal işləyəcəyik. Prezidentin səfəri bizim bir-birimizə qarşılıqlı hörmətimizin və qarşılıqlı marağımızın göstəricisidir. Onu da qeyd etmək istərdim ki, Moldova Prezidenti cənab Dodonun Azərbaycana rəsmi səfəri onun ilk rəsmi səfərlərindən biridir. Biz onun ölkəmizə gəlişini Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk.

Bu gün biz, həmçinin ticari-iqtisadi əməkdaşlıqla bağlı məsələləri də çox geniş müzakirə etdik. Bu sahədə yaxşı potensial var. Artıq bizim orqanlara müvafiq təlimatlar verilib ki, əmtəə dövriyyəsinin artırılması ilə əlaqədar məsələlərin razılaşdırılması prosesi sürətləndirilsin. Əlbəttə, bunun üçün ümid edirik ki, lap yaxın vaxtda hökumətlərarası birgə komissiya toplaşacaq. Çoxdan bəri toplaşmayan komissiyanın bu iclasında qarşılıqlı ticarətin necə artırılması, investisiyalar üzrə hansı imkanların olması, bizim şirkətlərin birgə iştirak edə biləcəkləri hansı infrastruktur layihələrinin mövcud olması kimi mühüm məsələlər müzakirə ediləcək. Yəni, bu məsələlər bloku da böyük əhəmiyyət kəsb edir, çünki ticari-iqtisadi münasibətlərin bugünkü səviyyəsi, əlbəttə, bizi qane edə bilməz. Biz bilirik ki, qat-qat artıq potensial var. Energetika və nəqliyyat sahələrində əməkdaşlığın da böyük perspektivləri var. Biz Azərbaycanda çoxlu nəqliyyat və enerji layihələri həyata keçiririk. Bu layihələr artıq çoxdan ölkəmizin hüdudlarından kənara çıxıb. Bu istiqamətdə moldovalı tərəfdaşlarımızla əməkdaşlıq etmək maraqlı olardı.

Bu gün biz regionlararası əlaqələr məsələlərini də müzakirə etdik. Bu sahədə ölkələrimizin müxtəlif regionları arasında münasibətlərin strukturlaşdırılması və ya formalaşdırılması üzrə konkret addımlar nəzərdə tutmuşuq. Əlbəttə, humanitar əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilib. Moldova Prezidenti mənə dedi ki, dünən o, Azərbaycandakı moldav icmasının nümayəndələri ilə görüşüb. Moldovadakı Azərbaycan diasporu da çox fəal işləyir və Prezidentin onlara göstərdiyi diqqətə görə ona təşəkkür edirəm. Bu da ikitərəfli münasibətlərdə mühüm amildir.

Əminəm ki, bugünkü səfər münasibətlərimizin inkişafında mühüm mərhələ olacaq, bizim münasibətlərə zəruri dinamizm verəcək və çox mühüm məsələlərin həllinə kömək edəcək. Bununla da ölkələrimizi və xalqlarımızı yaxınlaşdıracaq.

Mən cənab Prezidentə ölkəmizə gəldiyinə görə təşəkkür edirəm. Hörmətli cənab Prezident, Sizə və dost Moldova xalqına yeni uğurlar və firavanlıq arzu edirəm. Sağ olun.

Prezident İqor Dodonun bəyanatı

-Çox sağ olun cənab Prezident.

Əvvəla, Azərbaycana, Bakıya səfər etmək üçün rəsmi dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimizin prezidentləri çoxdan idi ki, görüşmürdülər və əminəm ki, ali siyasi səviyyədə görüş ikitərəfli münasibətlərimizə yeni təkan verəcək.

Biz çox böyük məsələlər blokunu müzakirə etdik, lakin əgər onları strukturlaşdırsaq, onda əsasən üç istiqamət alınacaq. Bunlar iqtisadiyyat, humanitar-sosial və siyasi istiqamətlərdir. İqtisadiyyata gəldikdə, vəzifə ən yaxın vaxtda hökumətlərarası komissiyanın iclasını keçirməkdir. Təəssüf ki, 2012-ci ildən bəri hökumətlərarası komissiya rəhbərlərinin nazirlər səviyyəsində iclasları keçirilməyib. Çox ümid edirik ki, həmin iclas yaxın vaxtlarda, yaxşı olardı bu ilin sonunadək keçirilsin.

Hökumətlərarası komissiyanın iclasının keçirilməsi ilə paralel olaraq biz ikitərəfli iqtisadi münasibətlərimizə yeni təkan vermək üçün iki ölkənin iş adamlarının görüşünü təşkil etməyi planlaşdırırıq. Bu sahədə yaxşı dinamikamız var, 2016-cı ildə qarşılıqlı ticarətin həcmi 30 faizdən çox artıb. Lakin əgər rəqəmlərə müraciət etsək biz hələ ki, 5 milyon dollar səviyyəsindəyik. Bu da çox aşağı səviyyədir. Mən əminəm ki, bizim potensialımız qat-qat artıqdır.

Sosial və humanitar layihələrə gəldikdə, bizim ölkədə, Moldovada bəzi sosial layihələrin mümkünlüyünü müzakirə etdik. Biz Moldovanın regionlarında, xüsusən Qaqauziyada bəzi layihələri müzakirə etdik. Mənimlə bərabər Qaqauziyanın rəhbəri – başqanı da nümayəndə heyətinin tərkibindədir. Çox ümid edirəm ki, biz Moldova Respublikasının regionlarında, xüsusən Qaqauziyada və güman edirəm ki, başqa regionlarda da bəzi konkret sosial layihələrin icrasına başlayacağıq.

Çox ümid edirəm ki, ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacağıq. Ola bilsin ki, lap yaxın vaxtlarda bizim təkcə prezidentlər, hökumətlərarası komissiya səviyyəsində deyil, həm də siyasi partiyalar səviyyəsində əməkdaşlığımız üçün müəyyən partiyalararası razılaşmalar da imzalanacaq. Qoy siyasi partiyalar da öz aralarında əməkdaşlıq etsinlər.

Mən Prezident İlham Əliyevi Moldova Respublikasına rəsmi səfərə dəvət etdim. Onun Moldovaya sonuncu rəsmi səfəri 2005-ci ildə olub. Çox ümid edirəm ki, Azərbaycan Prezidentinin gələn il Moldova Respublikasına səfər etməyə imkanı olacaq və o vaxta qədər hansı konkret işlər görüldüyünü həmin səfər çərçivəsində nəzərdən keçirəcəyik. Buna görə də bizim nazirlərə tövsiyə edirəm ki, bugünkü görüşümüzdən sonra gələn il üçün konkret nəticələr əldə olunsun.

***

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Moldova Respublikasının Prezidenti İqor Dodonun şərəfinə rəsmi nahar verilib.

***

İyunun 22-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti İqor Dodonun geniş tərkibdə görüşü olub.

Ali qonağı salamlayan Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Sizin gəlişinizə çox şadam. Biz artıq ikitərəfli münasibətlərin mühüm məsələlərinə, regional problemlərə dair fikir mübadiləsi aparmışıq. Bu gün biz artıq işimizi geniş tərkibdə davam etdiririk. Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq. Bunun üçün çox böyük potensial var. Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur.

Əlbəttə, bu gün biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik. Düşünürəm ki, səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına bütün zəruri tapşırıqlar veriləcəkdir ki, hər istiqamət üzrə təbirlər planı müəyyən edilsin və həmin plan reallaşdırılsın.

Beləliklə, mən çox şadam. Sizi bir daha salamlayıram və səfərinizin xoş keçməsini arzu edirəm.

Prezident İqor Dodon dedi:

- Hörmətli İlham Heydər oğlu, çox sağ olun.

Hörmətli dostlar.

Çox şadam ki, biz – Moldova Prezidenti və Azərbaycan Prezidenti, nəhayət, yüksək səviyyədə görüşdük. İndicə biz xatırladıq ki, son 8-10 ildə görüşməmişik. Buna görə bu görüşümüzü çox vacib hesab edirəm. Bu gün biz ali siyasi səviyyədə ikitərəfli münasibətlərimizə yeni təkan verəcəyik. Hökumətlərarası komissiyanın işində də çox böyük fasilə olub. Mənim hökumətlərarası komissiyaya rəhbərlik etmək təcrübəm var. Mən bir neçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının Moldova tərəfdən rəhbəri olmuşam. Bizim çox böyük potensialımız var və mən çox ümid edirəm ki, ali səviyyədə görüşün nəticələrinə əsasən ən yaxın vaxtda hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyik.

Ümidvarıq ki, bu il hər iki tərəfdən nazirlərimizin də görüşü olacaq. Hər halda daha fəal əməkdaşlıq etmək üçün bilavasitə konkret layihələr, konkret addımlar nəzərdən keçiriləcək. Əlbəttə, bizim ticarət sahəsində müsbət dinamika var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik göstəricidir. Ümidvaram, hökumətlərarası komissiya çərçivəsində bizim biznesmenlərin də buraya, Bakıya səfərini təşkil edə biləcəyik ki, onlar özlərinin potensial tərəfdaşları ilə görüşsünlər.

***

İyunun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti İqor Dodon ilə təkbətək görüşü olub.

Moldova Prezidenti İqor Dodonu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Əminəm ki, səfər yaxşı keçəcək və ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə edəcəyik. Bir çox məsələlər üzrə bütövlükdə fikir mübadiləsi aparacağıq. İkitərəfli münasibətlərə əhəmiyyətli dinamika vermək də vacibdir ki, çox iş görmək mümkün olsun. Sadəcə, həm rəhbərlik, həm də nazirlər, bütün əməkdaşlar fəal işləməlidirlər. Azərbaycana xoş gəlmisiziniz!

Moldova Prezidenti İqor Dodon dedi:

-Hörmətli cənab Prezident. Mən çox şadam ki, Sizin dəvətinizlə Azərbaycana bu rəsmi səfəri təşkil edə bilmişik. Bizim çox yaxşı ikitərəfli münasibətlərimiz var. Biz may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etmişik. Təəssüf ki, son 5 ildə hökumətlərarası komissiyanın iclasını keçirməmişik. Buna görə də çox ümid edirəm ki, bizim görüşümüz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Çünki potensial çox böyükdür. Hələ ki, bundan tam həcmdə istifadə olunmur.

Moldovada çox böyük Azərbaycan diasporu var. Yüz illərdir ki, biz bir yerdə yaşayırıq, onlar özlərini Moldovada yaxşı hiss edirlər. Azərbaycanda bizim diaspor daha azdır. Biz dünən görüşmüşük, təxminən 10-15 nəfər. Lakin biz həmişə sülh və dostluq şəraitində yaşamışıq. Mən ümid edirəm və əminəm ki, gələcəkdə bizi daha yaxşı və gözəl nailiyyətlər gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm