Prezident Monteneqro parlamenti sədrini qəbul etdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezident Monteneqro parlamenti sədrini qəbul etdi - FOTO - (YENİLƏNDİ)

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu qeyd edərək mütəmadi qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini dedi. Prezident İlham Əliyev, eyni zamanda, bildirdi ki, Azərbaycan ilə Monteneqro müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirir, parlamentlərarası əlaqələr də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.

İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı ticarət, investisiya sahələrində yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev özünün Monteneqroya və Monteneqro Prezidentinin və Baş nazirinin Azərbaycana səfərlərinin əlaqələrimizin möhkəmlənməsində rolunu vurğuladı. Monteneqro parlamentinin sədri İvan Brayoviçin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirən dövlətimizin başçısı bu səfərin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Monteneqro parlamentinin sədri İvan Brayoviç Monteneqro Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Monteneqro ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyəsini vurğulayaraq, ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da möhkəmlənməsində maraqlı olduğunu dedi. Qonaq bildirdi ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn çərçivəsində həllinin tərəfdarıdır. İvan Brayoviç Azərbaycana səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransda iştirakından məmnunluğunu ifadə etdi.

Dövlətimizin başçısı Monteneqro Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monteneqronun Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm