Rəsmi xronika
İlham Əliyev: "Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur"
"Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur".
Bunu Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
"Bununla paralel olaraq bizim demək olar ki, bütün regional addımlarımız, təşəbbüslərimiz həm ölkəmizin maraqlarının təmin edilməsinə, Azərbaycan iqtisadiyyatının inkişafına, eyni zamanda, işğalçı dövlətin təcrid vəziyyətinə salınmasına hesablanıbdır. Bütün bu amillər artıq birləşib və öz səmərəsini verməkdədir. Ermənistan bu gün heç bir maraq doğurmayan ölkədir, heç bir investisiya qoyulmur. Müqayisə üçün deyə bilərəm ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur ki, bunun böyük əksəriyyəti xarici sərmayədir. Ermənistan iqtisadiyyatına isə keçən il ümumilikdə 200 milyon dollardan bir qədər çox vəsait qoyulmuşdur, onun da böyük payı xaricdə yaşayan diaspor təşkilatlarının üzərinə düşür. Yəni, bu, müqayisəedilməz vəziyyətdir və əlbəttə ki, biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən kənarda qoyacağıq. Bu gün Ermənistan bir dalana çevrilibdir. Biz onları siyasi dalana, iqtisadi, enerji, nəqliyyat dalanına çeviririk və bu siyasət davam etdiriləcək. Biz bunu gizlətmirik, açıq şəkildə bəyan edirik və biz haqlıyıq. Biz öz torpaqlarımızı istəyirik. Biz istəyirik ki, münaqişə tezliklə öz həllini tapsın, ölkəmizin ərazi bütövlüyü bərpa edilsin, soydaşlarımız öz doğma torpaqlarına qayıtsınlar. Bu, bizim üçün prioritet məsələdir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələnin həllinə nail olaq. Əlbəttə, mən dəfələrlə demişəm, biz öz istəyimizə nail olmaq üçün daha da güclü olmalıyıq. Ermənistandan fərqli olaraq biz öz hesabımıza yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Əlbəttə, belə olan halda iqtisadi siyasət ön plana çıxır. Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır və bu istiqamətdə birinci rübün yekunları çox müsbətdir. Mən keçən ilin sonlarında demişdim ki, 2017-ci il sabitləşmə ili olubdur. Hətta 2017-ci ildə qeyri-neft sektorunun inkişafında çox müsbət nəticələr olmuşdur. Ancaq 2018-ci ilə gəldikdə, şübhəsiz qeyd edirdim ki, bu, uğurlu və sürətli inkişaf ili olacaqdır. Birinci rübün yekunları, sosial-iqtisadi göstəriciləri mənim sözlərimi təsdiqləyir. Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır: "Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bu da çox müsbət göstəricidir. Qeyd etdiyim kimi, ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır. Bizim xarici ticarət dövriyyəmiz 31 faiz artmışdır. Bu da çox gözəl göstəricidir. İxrac isə 37 faiz artmışdır, daha doğrusu, qeyri-neft ixracı. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artmışdır. Bu da bizim siyasətimizin bariz nümunəsidir. Çünki ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əldə edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin".
"İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Artıq biz 1 milyon 500 min iş yerinin yaradılmasına yaxınlaşırıq. Əgər biz birinci rübün rəqəmlərini də əlavə etsək, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır. Bu iqtisadi göstəricilərimiz əlbəttə ki, bizi çox sevindirir. Onu da əlavə etməliyəm ki, inflyasiya birinci rübdə cəmi 4 faiz olmuşdur. Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə olacaq və əhalinin gəlirləri inflyasiyanı qabaqlayacaq. Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır", - dövlət başçısı vurğulayıb.
-
Magazin218:12
İstanbulda "Azərbaycan Rüzgarı" "əsəcək" - FOTO
-
Sosial16:40
Müharibə ərəfəsində lentə alınan maraqlı görüntü: Döyüşdən çıxdı, toyuna yola salındı - VİDEO
-
Nida Xəbər 15:40
Sabahdan etibarən 4 gün... - Müdafiə Nazirliyindən xəbərdarlıq
-
Magazin215:00
Alla Puqaçova ilə bağlı şok iddia - 20 milyon dollarlıq əntiq əşyaları...
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO