"Azərbaycan və Çin arasında yekdil siyasətimiz var"
Bizi izləyin

Rəsmi xronika

"Azərbaycan və Çin arasında yekdil siyasətimiz var"

"İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib.

"Bəli, bunu bir daha təsdiq edə bilərəm ki, münasibətlər əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini və əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir. Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. Çünki ölkələr qarşılıqlı faydalı əməkdaşlıq formatı çərçivəsində birləşirsə, bu, regionun sabitliyini, proqnozlaşdırılmasını, firavanlığını və inkişafını gücləndirir", - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev bildirib: "Beləliklə, xarici siyasət prioritetlərinə və gündəliyə gəldikdə, mən Azərbaycanın və Çinin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqlar görürəm. Son zamanlar bizim münasibətlərimiz daha da intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır. Bu səbəbdən, uzun bir yolun başlanğıcında olduğumuzu deyəndə, buraya məhz bu məsələlər daxildir. İkitərəfli əlaqələrin gələcəyinə gəldikdə isə bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm