Bu şəxslər COVID-19-u yüngül keçirir
Bizi izləyin

Sağlamlıq

Bu şəxslər COVID-19-u yüngül keçirir

Pandemiya ilə bağlı dəyişikliklər bizim xəstəxanada da baş verdi. Yoluxmanın qarşısını almaq, liftdə, pilləkəndə və şöbələrdə xəstələrin kontaktını minimuma endirmək üçün xəstəxanada ciddi dəyişikliklər aparıldı. Birinci mərtəbədə temperatur ölçülür, xəstələrə antiseptik məhsullar təklif olunur. Müayinə üsulları pilləli olduğu üçün insanlar daha az ünsiyyətdə olurlar və ehtiyac olmadığı müddətdə yuxarı mərtəbələrə qalxmırlar. Bunlar həm xəstə, həm də tibbi personal üçün önəmli tədbirlərdir. Məlumdur ki, xəstə sayı artdığı qədər tibbi personalda da tez-tez yoluxmalar baş verir. Xəstə sıxlığının qarşısını almaq məqsədilə həkimlərin iş saatları artırıldı. Əvvəl 3 saat poliklinika daxilində çalışırdıqsa, pandemiyadan sonra iş saatımız 6-7 saata qədər uzadıldı.

Bu sözləri Publika.az-a açıqlamasında 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının sahə həkimi Şəbnəm Qələndərova deyib. Həkim bildirib ki, xəstəxanada vaksinasiya işləri sürətlə aparılır:

“Xəstəxananın 7-ci mərtəbəsi tamamilə vaksinasiya üçün ayrılıb. Həmin mərtəbədə qeydiyyata alan, yoxlayan, gözləmə və iynə, eləcə də məsləhətləşmək üçün həkim otaqları var. Bu otaqlar kameralar vasitəsilə daim izlənilir ki, əlavə proseslər baş verməsin. Vaksinasiya prosesində hər cür tədbirlər gözlənilir. İnsanlar vaksinasiyada aktiv iştirak edir, gələnlər çoxdur. İstər cavan, istərsə də yaşlı nəsil həm peyvəndləri vurdurur, həm də həkimlə məsləhətləşmək imkanı qazanırlar. Əgər xəstənin səhhəti ilə bağlı hər hansı problem olarsa, terapevtlərə yönləndirilir. Bəzi xəstələr təzyiq problemi, temperatur və qriplə gəlir, yaxud da hər hansı narahatlığı olur. Onlara köməklik olunur, xəstənin vəziyyəti stabilləşəndən sonra vaksin otağına yaxınlaşır. Onu da deyim ki, vaksinasiya işləri yalnız xəstəxana daxilində aparılmır, bunun üçün səyyar xidmətlər yaradılıb. Terapevtlər öz briqadaları ilə müəssisələrə gedirlər və həmin müəssisələrdə işləyən şəxslərin vaksinasiyası ilə məşğul olurlar. Həmçinin xəstəxananın həkimlərini müəllimlərin vaksinasiyası üçün məktəblərə də yönləndirirlər. Xəstəxana həkimləri qrup şəklində cədvəl üzrə mütəmadi olaraq məktəblərə gedir, xəstələri yoxlayır, peyvəndə yönləndirir və vəziyyətə nəzarət edir”.

Həkim hesab edir ki, vaksinasiya işlərinin sürətləndirilməsi Azərbaycanın pandemiyadan daha tez çıxmasına təsir edəcək:

“Peyvənd olunmuş insanların sonrakı durumu, virusa yoluxarsa, onu necə keçirdiyi nəzarətdə saxlanılır. Hər bir sahə həkimi təkrar yoluxmuş xəstələrin və ya peyvənddən sonra xəstələnən insanların səhhəti ilə maraqlanır. Öz müşahidələrimə əsasən deyə bilərəm ki, vaksin olunan xəstələr COVID-19-u daha rahat keçirir. Birinci dəfə xəstəliyi yüksək təngənəfəslik, hərarət və ağciyərlərin pnevmoniyası ilə keçirən və sağalan xəstələrimiz var ki, onlar vaksin olunduqdan sonra ikinci dəfə xəstəliyi çox yüngül formada keçirirlər. Onlarda çox nadir hallarda pnevmoniya halları müşahidə edirik, olsa da çox aşağı səviyyədə olur. Vaksin olunan şəxslər xəstəliyi çox yüngül keçirirlər, temperatur yüksək həddə qalxmır, xəstəxanaya müraciət faizi daha aşağı olur, daha az ağırlaşmalar baş verir. Bu da bizi çox sevindirir və bu məlumatı peyvənd olunmağa gələn hər xəstə ilə paylaşırıq.

Hesab edirəm ki, hər kəs peyvənd olunarsa, cəmiyyətin sağlamlığı daha az təhlükə altında olar, ölüm faizləri azalar. Peyvənd sonrası İmmunoqlobilin G analizinin yoxlanılmasında da xəstələrdə böyük faiz göstəriciləri ilə immunitetin yarandığını görürük. Bunu bir neçə xəstənin gətirdiyi analizlərin nəticələrinə əsasən qiymətləndirirəm. Hazırkı müşahidələrimiz peyvəndin gətirdiyi üstünlüklərin çox olduğunu göstərir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm