Çin və Hindistan virusu Azərbaycana keçə bilərmi?
Bizi izləyin

Sağlamlıq

Çin və Hindistan virusu Azərbaycana keçə bilərmi?

COVİD-19 pandemiyasının yaratdığı travmalardan hələ tam sağalmamışdıq ki, dünyanı yeni bir infeksiya təşvişi bürüyüb. Çin və Hindistanda geniş yayılan sirli pnevmoniyanın İtaliya, Hollandiya və Danimarkada təsbit edilməsi təbii olaraq əhalidə narahatlıq doğurur. Həmçinin "Rospotrebnadzor"un(İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) mətbuat xidməti məlumat yayıb ki, Rusiyada da bir neçə mikoplazma pnevmoniya halı müəyyən edilib.

Bəs Azərbaycanı hansı risk gözləyir və biz bu risklərə hazırıqmı?

Publika.az xəbər verir ki, professor Əlizamin Sadıqov bu suala cavab verib.

O, bildirib ki, mikoplazma pnevmoniyası cəmiyyət üçün qorxulu hal deyil:

“İngilislər ona ayaqüstü keçirilən pnevmoniya deyirlər. Bu xəstəlik insanı heç vaxt yataq xəstəsi etmir. Təbii ki, kollektiv ola bilər. Məsələn, məktəbdə bir uşaq xəstələnibsə, çox yüksək yayılma qabiliyyətinə malikdir. Öhdəsindən gəlinə bilən problemdir, ona qarşı vaksin yoxdur. Antipik törədicidir və yayılması sürətlə baş verir. Amma virus deyil və insan sağlamlığına zərər verə bilməyən problemdir. Bu xəstəlikdən ölüm halları demək olar ki, qeydə alınmayıb. Bütün digər infeksiyalar kimi, onu da aşacağıq və keçib gedəcək. Yayılmasına baxmayaraq, həyat üçün təhlükəsi olmayan bir infeksiyadır. Təbii ki, dünyada yayılıbsa, Azərbaycanda da yayılacaq. Ola bilər ki, bir milyard insan xəstələnsin, amma hospitallaşma, ölüm halları və.s olmayacaq”.

Professor Adil Qeybulla isə vurğulayıb ki, bu xəstəliyə əvvəllər uşaqlar arasında tək-tük təsadüf edilsə də, indiki göstəricələr başqadır:

“Bu gün bunun kifayət qədər geniş yayılması göstərir ki, törədici yeni bir xassə alıb, fəallaşıb və.s. Bu, koronavirus pandemiyasından sonra orqanizmin zəifləməsi ilə də bağlı ola bilər. Bu xəstəlik zamanı rentgen müayinədə ağciyərlərdə iltihabi kütlə qeyd edilir və pnevmoniya əlamətləri olur. Xəstəlik ağırlaşa bilir, əlbəttə ki, bunun yayılması bizi də narahat edir. Odur ki, sərhəd keçid zonalarında nəzarət gücləndirilməlidir, diqqətli olmaq lazımdır. Hesab edirəm ki, bizdə də mümkün qədər lazımi epidemik tədbirlər həyata keçirilməlidir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə vəziyyəti izlədiklərini bildirib.

"Çində qışda mikoplazma pnevmoniyasının baş verməsi normal haldır və hal-hazırda rast gəlinən artım pandemiya potensialına malik deyil. Mikoplazma pnevmoniyası adətən qışda müşahidə etdiyimiz bir xəstəlikdir, antibiotiklərlə müalicə olunur və bir çox müxtəlif ölkələrdə aydın şəkildə aşkarlanır. Yenə də vəziyyəti izləyir, müalicə və digər məsələlərlə bağlı məsləhətlər veririk. Hazırda onun pandemiya potensialı olduğunu düşünmürük", - ÜST rəsmisi vurğulayıb.

Harrisin sözlərinə görə, həkimlər pandemiyanın qlobal izolyasiyası zamanı virus və bakteriyaların dövriyyəsinə məruz qalmadıqları üçün xəstələrin immunoloji cəhətdən zəif olub-olmadığını hələ dəqiq deyə bilmirlər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm