Bir qələmin sirri: ürəyinizi stressdən belə xilas edə biləriniz - ŞOK ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

Bir qələmin sirri: ürəyinizi stressdən belə xilas edə biləriniz - ŞOK ARAŞDIRMA

Avstriyanın Qrats Universitetinin alimləri aşkar ediblər ki, sadə bir minnətdarlıq təcrübəsi insanın fiziki rifahına əhəmiyyətli dərəcədə təsir edə bilər. Minnətdarlıq bildirən məktub yazmaq ürəyin stresli vəziyyətlər zamanı özünü tənzimləmə qabiliyyətini yaxşılaşdırır və emosional stressə davamlılığı artırır.

Publika.az xəbər verir ki, araşdırma "The Journal of Positive Psychology" (JPP) jurnalında dərc olunub.

Minnətdarlıq ənənəvi olaraq psixoloji rifahı artıran müsbət hiss kimi qəbul edilir. Lakin bu emosiyaları fizioloji dəyişikliklərlə bağlayan mexanizmlər az öyrənilmişdi. Alimlər diqqəti avtonom sinir sisteminə və ürək reaksiyalarına cavabdeh olan, orqanizmin gərginlik və sakitlik halları arasında keçidinə kömək edən vagus sinirinə yönəldiblər.

Əsas göstərici kimi ürək ritminin dəyişkənliyi seçilib — bu parametr ürək-damar sisteminin çevikliyini əks etdirir. Dəyişkənlik nə qədər yüksəkdirsə, orqanizm dəyişikliklərə bir o qədər yaxşı uyğunlaşır.

Minnətdarlığın bu proseslərə təsirini yoxlamaq üçün iki eksperiment aparılıb.

Birinci eksperimentdə 76 nəfər iştirak edib. Onların yarısından 15 dəqiqə ərzində minnətdar olduqları şəxsə məktub yazmaları xahiş olunub. Nəzarət qrupundakılar isə evlərindəki mebelləri təsvir ediblər - mosional məzmunu olmayan neytral tapşırıq. Sonra hamı stress testindən keçib: iştirakçılar Robbi Uilliamsın "Angels" mahnısını kamera qarşısında öyrənib ifa etməli olublar. Nəticədə minnətdarlıq qrupunda ürəyin fəaliyyəti fərqli olub. Stress zamanı ürək ritminin dəyişkənliyi kəskin azalıb, bu isə orqanizmin səfərbər olunması üçün düzgün “tormozun götürülməsi” deməkdir. İmtahan bitən kimi göstəricilər sürətlə normaya qayıdıb. Bu U-şəkilli reaksiya ən sağlam sayılır: insan stressə adekvat cavab verir və tez bərpa olunur. Nəzarət qrupunda belə dinamika müşahidə edilməyib.

İkinci eksperimentdə 133 nəfər iki həftə ərzində hər gün minnətdarlıq məşqi edib — yazılı şəkildə və ya düşünərək üç minnətdarlıq səbəbini qeyd ediblər. Nəzarət qrupu isə günün ən çox vaxt aparan üç işini yazıb. İştirakçılar axşamlar nəbzlərini smartfon tətbiqi ilə ölçüblər. İki həftə sonra alimlər görüblər ki, nəzarət qrupunda nəbz tədricən artıb. Minnətdarlıq qrupunda isə göstərici aşağı səviyyədə qalıb, bu da ürək-damar sisteminin daha sakit vəziyyətdə olduğunu göstərir.

Maraqlıdır ki, iştirakçılar özlərində minnətdarlıq və ya xoşbəxtlik hissinin artdığını bildirməyiblər. Psixoloji sorğular emosional dəyişiklikləri aşkar etməyib. Bu, fizioloji təsirin şüurlu əhvaldan asılı olmadan yarana biləcəyini göstərir — ola bilsin ki, diqqətin minnətdarlığa yönəldilməsi beynin tənzimləyici mexanizmlərini işə salır.

Alimlər bu prosesdə beynin hansı sahələrinin iştirak etdiyini öyrənməyi planlaşdırırlar. Xüsusi diqqət prefrontal korteksə yönəlib. Bu sahə həm emosiyaları tənzimləyir, həm də ürəyin fəaliyyətinə təsir göstərir. Tədqiqatçılara görə, bu neyron mexanizmlərin anlaşılması sadə minnətdarlıq hissinin orqanizm sağlamlığına necə təsir etdiyini izah etməyə yaxınlaşdıra bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm