Portağalın gizli gücü ortaya çıxdı: Tərkibində elə şeylər var ki...
Bizi izləyin

Sağlamlıq

Portağalın gizli gücü ortaya çıxdı: Tərkibində elə şeylər var ki...

Əksər insanlar üçün portağal suyu sadəcə adi içkidir. Lakin aparılan tədqiqatlar göstərir ki, bu içki susuzluğu aradan qaldırmaqdan daha çox faydaya malikdir.

Publika.az xəbər verir ki, bununla bağlı araşdırmanı "Medical Xpress" nəşri dərc edib.

Araşdırma, portağal suyunun müntəzəm istehlakının immun hüceyrələrimizdəki minlərlə genin fəaliyyətinə təsir göstərdiyini sübut edib. Bildirilir ki, onların bir çoxu qan təzyiqini idarə etməyə, iltihabı sakitləşdirməyə və ürək sağlamlığının açarı olan qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir.

Tədqiqat zamanı alimlər iki ay ərzində hər gün yarım litr təmiz, pasterizə edilmiş portağal suyu qəbul edən insanları izləyiblər. Araşdırmanın 60-cı günündə iltihab və yüksək qan təzyiqi ilə əlaqəli bir sıra genlərin aktivliyinin azaldığı müəyyən edilib.

Bu genlərə adətən orqanizm stress vəziyyətində olduqda aktivləşən NAMPT, IL6, IL1B və NLRP3 daxildir. Bundan başqa, böyrəklərin natrium saxlama qabiliyyətinə təsir edən SGK1 geninin də fəaliyyətinin zəiflədiyi müşahidə olunub.

Araşdırma göstərib ki, artıq çəkili iştirakçılarda yağ metabolizmasını tənzimləyən genlərdə daha çox dəyişiklik qeydə alınıb, daha arıq könüllülərdə isə iltihab reaksiyalarına təsir daha qabarıq özünü göstərib.

Alimlər portağalda olan təbii birləşmələrin, xüsusilə antioksidant və iltihabəleyhinə təsirləri ilə tanınan sitrus flavonoidi hesperidinin yüksək qan təzyiqi, xolesterin və bədənin şəkəri emal etməsi ilə bağlı proseslərə təsir göstərə bildiyini irəli sürüblər.

Başqa bir araşdırma göstərib ki, portağal suyunun gündəlik qəbulu 68 obez iştirakçıda endotel funksiyasını, yəni qan damarlarının daxili səthinin fəaliyyətini yaxşılaşdırıb. Qan damarlarının rahatlama və genişlənmə qabiliyyətinin artması isə infarkt riskinin azalması ilə əlaqələndirilir.

Tədqiqatçılar bildiriblər ki, əldə olunan nəticələr sitrus şirələrinin yalnız şəkərdən ibarət olması barədə yayılmış fikri təkzib edir. Hərçənd lifə görə bütöv meyvə daha üstün hesab olunur, lakin təmiz portağal suyunun gündəlik kiçik porsiyası da zamanla faydalı təsir göstərə bilər.

Bu pozitiv təsirlər iltihabın azalması, normal qan axınının dəstəklənməsi və uzunmüddətli ürək sağlamlığı ilə bağlıdır.

“Bu, gündəlik qidaların bədənə düşündüyümüzdən daha çox təsir edə biləcəyini xatırladır”, - deyə tədqiqatçılar vurğulayıblar.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm