600 milyondan çox insanın əziyyət çəkdiyi bel ağrıları - PULSUZ xilas olmaq mümkündür
Bizi izləyin

Sağlamlıq

600 milyondan çox insanın əziyyət çəkdiyi bel ağrıları - PULSUZ xilas olmaq mümkündür

Dünyada əlilliyin əsas səbəblərindən biri hesab olunan bel nahiyəsi ağrılarından 600 milyondan çox insan əziyyət çəkir. Avstraliyalı alimlərin apardığı yeni araşdırma göstərib ki, bu problemin həllində bahalı prosedur və dərmanlardan daha çox, həyat tərzində edilən nisbətən sadə dəyişikliklər daha effektiv nəticə verə bilər.

Publika.az xəbər verir ki, bu barədə tədqiqat Arthritis Care & Research (AC&R) jurnalında dərc olunub.

Araşdırmaya əsasən, siqaretdən imtina, fiziki aktivliyin artırılması, yuxunun yaxşılaşdırılması və sağlam bədən çəkisinin qorunması bel ağrılarının müalicəsinə çəkilən xərclərin azalması və dərmanlardan asılılığın zəifləməsi ilə əlaqəlidir. Tədqiqatın diqqətçəkən nəticələrindən biri də qadınların bu sahədə daha yüksək maliyyə yükü daşımasıdır. Belə ki, qadınlarda bel ağrısının müalicəsinə çəkilən xərclər kişilərlə müqayisədə orta hesabla 76 faiz çox olub.

Araşdırma Sidney Universitetinin Tibb fakültəsinin Sağlamlıq Elmləri Məktəbi və Çarlz Perkins Mərkəzinin professoru Paulu Ferreyranın rəhbərliyi altında aparılıb. Alimlər 12 ay ərzində iştirakçıların bədən kütlə indeksi, fiziki aktivlik səviyyəsi, yuxu keyfiyyəti və siqaret çəkmə statusunu izləyib, bu göstəriciləri şəxsi müalicə xərcləri ilə müqayisə ediblər.

Dörd əsas faktorun hər birinə 0-dan 2-yə qədər bal verilib, ümumi göstərici isə 0–8 bal aralığında qiymətləndirilib. Təhlil göstərib ki, bu göstəricilərdən hər hansı birinin cəmi 1 bal yaxşılaşması bel ağrısının müalicəsinə çəkilən xərclərin orta hesabla 23 faiz azalması ilə müşayiət olunub.

Ən güclü təsir yuxu keyfiyyəti ilə bağlı olub. Daha keyfiyyətli yuxuya malik iştirakçılar həkim, fizioterapevt və manual terapevtlərə daha az müraciət edib, eləcə də ağrıkəsici dərmanlara daha az vəsait xərcləyiblər. Professor Ferreyra bildirib ki, sağlam vərdişlər və dərman istifadəsinin azalması arasında aydın xətti əlaqə müşahidə olunub. Onun sözlərinə görə, bir çox ağrıkəsicilər, o cümlədən opioidlər xroniki bel ağrılarında effektiv deyil və uzunmüddətli istifadə üçün uyğun sayılmır.

Tədqiqatın aparıcı müəllifi, doktorant Tiara Tyan qeyd edib ki, hətta kiçik dəyişikliklər belə ölçülə bilən nəticə verir. Məsələn, həftəlik orta səviyyəli fiziki aktivliyin 60 dəqiqədən 75 dəqiqəyə qaldırılması artıq 1 ballıq irəliləyiş hesab olunur və xərclərin həmin 23 faiz azalması ilə əlaqələndirilir. O vurğulayıb ki, yuxunun yalnız müddəti deyil, keyfiyyəti, yəni gecə oyanmalarının və ağrı ilə bağlı narahat düşüncələrin azalması da mühüm rol oynayır.

Araşdırmada siqaret çəkmə də əhəmiyyətli faktor kimi qiymətləndirilib. Siqaret çəkən iştirakçıların göstəriciləri daha zəif, çəkməyənlərin isə daha yaxşı olub. Alimlərin fikrincə, keçmiş siqaret çəkənlər formal olaraq ballarını artıra bilməsələr də, siqaretdən imtina uzunmüddətli perspektivdə sağlamlıq üçün, o cümlədən onurğa toxumalarında qan dövranının yaxşılaşması baxımından müsbət təsir göstərir.

Qadınlarda xərclərin daha yüksək olmasını izah edən professor Ferreyra bunu bel ağrısının qadınlar arasında daha geniş yayılması və onların tibbi yardıma müraciət etməyə daha meyilli olmaları ilə əlaqələndirib.

Tədqiqatın müəllifləri vurğulayıblar ki, bel ağrılarının müalicəsində yanaşma standart sxemlərdən uzaqlaşmalı, fərdi və gender xüsusiyyətlərini nəzərə almalıdır. Onların fikrincə, əlçatan və real həyat tərzi dəyişikliklərinə fokuslanmaq həm pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdıra, həm də bahalı və təkrarlanan kəskinləşmələrin qarşısını ala bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm