Qulaqlardakı səs ciddi xəstəliklərin əlaməti ola bilər - Həkim xəbərdarlıq etdi
Bizi izləyin

Sağlamlıq

Qulaqlardakı səs ciddi xəstəliklərin əlaməti ola bilər - Həkim xəbərdarlıq etdi

Qulaqlardakı səs ciddi xəstəliklərin əlaməti ola bilər - Həkim xəbərdarlıq etdi

Qulaqlarda davamlı səs, zəng və ya uğultu təkcə narahatlıq yaratmır, həm də psixoloji və ciddi tibbi problemlərin göstəricisi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya açıqlamasında Rusiya Dövlət Maarif Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov bildirib.

Onun sözlərinə görə, tibbdə bu vəziyyət "tinnitus" adlanır və ən çox rast gəlinən forması yalnız xəstənin özünün eşitdiyi “subyektiv tinnitus”dur. Bu hal eşitmə siniri və ya beyində səsin işlənməsinə cavabdeh sahələrin pozulması nəticəsində yaranır.

Stress və depressiya əsas səbəblərdən biridir

Mütəxəssis qeyd edib ki, "tinnitus" çox vaxt narahatlıq və depressiya ilə əlaqəli olur. Bu zaman beyində GABA adlı əsas “tormozlayıcı” neyromediatorun səviyyəsi azalır, neyronların aktivliyi artır və beyin artıq lazım olmayan daxili səsləri “filtrləyə” bilmir.

“Çox vaxt təhlükəli dövran yaranır: səs narahatlıq yaradır, narahatlıq isə səsi gücləndirir. Stress təzyiqin artması ilə müşayiət olunursa, səs pulsasiya edən xarakter ala bilər”, - deyə həkim qeyd edib.

Qulaq kiri, xəstəliklər və digər səbəblər

Umnovun sözlərinə görə, qulaqdakı səs bəzən sadə səbəblərdən, məsələn, qulaq kirinin tıxanması nəticəsində də yarana bilər və yuma proseduru ilə aradan qaldırıla bilər.

Eyni zamanda "tinnitus" aşağıdakı ciddi xəstəliklərin əlaməti ola bilər:

Meniere xəstəliyi (eşitmə itkisi riski ilə)
Şişlər
Yaşla bağlı eşitmə zəifləməsi (xüsusilə 60–65 yaşdan sonra)
Boyun osteoxondrozu (40 yaşdan sonra, oturaq işlə məşğul olanlarda daha çox olur)

Həkim bildirib ki, yaşla bağlı hallarda səs adətən ikitərəfli olur və yüksək tezlikli zəng, fit və ya “cırcırama” kimi eşidilir. Osteoxondrozda isə baş ağrısı, boyun xırıltısı və göz önündə “milçəklər” də müşahidə oluna bilər.

Bir qulaqda səs - daha ciddi siqnal ola bilər

Bir qulaqda səs və kəskin ağrı varsa bu "orta otit", qulaq tutulması ilə birlikdə eşitmə zəifləməsi isə "evstaxiit" əlaməti ola bilər. Başgicəllənmə ilə müşayiət olunan "tinnitus" isə Meniere xəstəliyinə işarə edə bilər.

Nadir hallarda isə bir qulaqda eşitmə itkisi ilə birlikdə səs "neyroma" adlı xoşxassəli şişdən xəbər verə bilər.

Pulsasiya edən səs daha təhlükəlidir

Bəzi hallarda həkim tərəfindən belə eşidilə bilən “obyektiv tinnitus” daha az rast gəlinir və adətən əzələ spazmları, çənə oynağı problemləri, ürək-damar xəstəlikləri, damar anevrizmaları və ya daralmaları ilə bağlı olur.

Mütəxəssis vurğulayıb ki, qulaqlardakı səs həyat keyfiyyətini ciddi şəkildə aşağı sala bilər, yuxusuzluq və əsəbilik yaradar. Ən önəmlisi isə bu, bədənin “nəsə düzgün deyil” siqnalıdır.

Əgər "tinnitus" qəfil başlayıbsa, eşitmə itkisi, güclü başgicəllənmə, yerişdə tarazlıq pozulması və ya pulsasiya ilə müşayiət olunursa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm