Sağlamlıq
Yayda hovuz təhlükəsi: Hansı xəstəliklərə yoluxa bilərsiniz?
Yay aylarında hovuzlar sərinləmək və istirahət etmək üçün ən çox seçilən məkanlardan birinə çevrilir. Lakin hovuz suyunun keyfiyyəti və gigiyenik qaydalara əməl olunması sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Dezinfeksiya və təmizlik qaydalarına düzgün riayət edilmədikdə bir sıra sağlamlıq problemləri yarana bilər.
Publika.az xəbər verir ki, Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Sevinc Əliyeva mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib.
O qeyd edib ki, hovuzda çimmək, suyun müvafiq qaydada dezinfeksiya edildiyi və gigiyenik normalara əməl olunduğu hallarda təhlükəsiz hesab edilir.
Həkimin sözlərinə görə, lakin suyun keyfiyyətinə nəzarət zəif olduqda və ya hovuzdan istifadə qaydalarına riayət edilmədikdə müxtəlif sağlamlıq problemləri yarana bilər. O qeyd edib ki, ən çox rast gəlinən hallar dəri infeksiyaları, göz və qulaq iltihabları, eləcə də mədə-bağırsaq infeksiyalarıdır.
Bundan əlavə, hovuz ətrafında sürüşmə nəticəsində müxtəlif travmaların baş vermə riski də mövcuddur. Hovuz suyundan yayıla bilən infeksiyalar
Həkim bildirib ki, hovuzlardan yoluxa bilən infeksiyalar arasında aşağıdakılar daha çox rast gəlinir:
“Dəri infeksiyaları:
Göbələk xəstəlikləri, follikulit (tük follikullarının iltihabı) və virus mənşəli ziyillər, xüsusilə ayaqaltı ziyillər. Bu hallarda qaşınma, qızartı, səpkilər, qabıqlanma və bəzən irinli səpkilər müşahidə oluna bilər.
Göz infeksiyaları:
Ən çox rast gəlinən xəstəlik konyunktivitdir. Əlamətləri gözlərdə qızartı, yanma hissi, sulanma, qaşınma və işığa qarşı həssaslığın artmasıdır.
Qulaq infeksiyaları:
Xarici qulaq yolu iltihabı (otitis externa) hovuzdan sonra inkişaf edə bilər. Bu zaman qulaqda ağrı, tutulma hissi, qaşınma, eşitmənin zəifləməsi və bəzi hallarda ifrazat müşahidə olunur”.
Xlorun sağlamlığa təsiri:
Həkim Sevinc Əliyeva hovuz suyunun tərkibindəki xlorun sağlamlığa təsirindən də danışıb. O bildirib ki, normativ səviyyədə istifadə olunan xlor insanların əksəriyyəti üçün təhlükəli deyil: “Əksinə, suyun dezinfeksiyası və yoluxucu xəstəliklərin qarşısının alınması baxımından mühüm rol oynayır. Lakin xlorun normadan artıq olması və ya uzun müddət təsirinə məruz qalmaq dəri quruluğu, qaşınma, gözlərdə qıcıqlanma, öskürək, tənəffüs yollarında narahatlıq və allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə bronxial astma və allergik xəstəlikləri olan şəxslər daha həssas olduqları üçün ehtiyatlı olmalıdırlar”.
Uşaqların hovuzda təhlükəsizliyi:
Sevinc Əliyeva bildirib ki, valideynlər uşaqları hovuzda heç vaxt nəzarətsiz qoymamalıdırlar. Onun sözlərinə görə, uşaqlara hovuz suyunu udmamağın vacibliyi izah edilməli, azyaşlı uşaqlar üçün isə xüsusi üzgüçülük bezlərindən istifadə olunmalıdır. Əgər uşaqda ishal, hərarət, dəri səpkisi və ya hər hansı yoluxucu xəstəlik əlaməti varsa, sağalana qədər hovuzdan istifadə etməməsi tövsiyə edilir.
Təhlükəsiz hovuz suyunun əsas göstəriciləri:
Həkim vurğulayıb ki, təhlükəsiz hovuz suyunun əsas göstəricilərindən biri onun şəffaf olması və hovuzun dibinin aydın görünməsidir: “Suyun xoşagəlməz qoxusunun olmaması, hovuz ətrafının, duş və soyunub-geyinmə otaqlarının təmiz saxlanılması da vacib meyarlardandır. Həmçinin hovuzda suyun müntəzəm filtrasiya və dezinfeksiya sisteminin tətbiq olunması təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır”.
Hovuz seçərkən bunlara diqqət edilməlidir:
Həkim bildirib ki, hovuz seçərkən sanitariya-gigiyena qaydalarına əməl olunmasına diqqət yetirilməlidir. Hovuzun mütəmadi təmizlənməsi və dezinfeksiya olunması, suyun keyfiyyətinə nəzarətin aparılması əsas meyarlardandır. İstifadəçilər çimməzdən əvvəl və sonra duş qəbul etməli, hovuz ətrafında şəxsi şlapanlardan istifadə etməli, açıq yara, dəri infeksiyası və ya yoluxucu xəstəlik olduqda isə hovuzdan istifadə etməməlidirlər.
Hovuzdan sonra həkimə müraciət tələb edən əlamətlər:
Həkim-dermatoveneroloq bildirib ki, hovuzdan istifadə etdikdən sonra aşağıdakı əlamətlər müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə olunur: “Hərarət, ürəkbulanma, qusma və ya ishal, yayılmış dəri səpkiləri, güclü qaşınma və ya irinli dəri dəyişiklikləri, qulaqda güclü ağrı, eşitmənin zəifləməsi və ya ifrazat, gözlərdə davamlı qızartı, ağrı və irinli ifrazat. Profilaktik məqsədlə şəxsi gigiyena qaydalarına riayət etmək, hovuzdan əvvəl və sonra duş qəbul etmək, hovuz suyunu udmamaq, şəxsi dəsmal və ayaqqabıdan istifadə etmək, həmçinin xəstəlik əlamətləri olduqda hovuzdan istifadədən çəkinmək tövsiyə olunur”.
Həkim-dermatoveneroloq Sevinc Əliyeva əlavə edib ki, yay mövsümündə hovuzlardan düzgün və məsuliyyətli şəkildə istifadə etmək həm şəxsi sağlamlığın qorunmasına, həm də yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına mühüm töhfə verir.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
























.jpg)













