Uzman həkim Mirəli Məcidov: “Köklük ürək xəstəliklərinin yaranmasının başlıca səbəbidir”
Bizi izləyin

Səhiyyə

Uzman həkim Mirəli Məcidov: “Köklük ürək xəstəliklərinin yaranmasının başlıca səbəbidir”

Həm dünyada, həm də Azərbaycanda ürək-damar xəstəliklərindən ölənlərin sayı ildən-ilə artır. Dünya əhalisinin 70%-dən çoxu müxtəlif ürək xəstəliklərindən dünyasını dəyişir.

Əvəllər ürək xəstəliklərinə 40-70 yaş arası insanlarda rast gəlinirdisə, bu göstəricilər xeyli cavanlaşaraq, 22-35 yaş arası gənclərdə də özünü büruzə verməyə başlayıb. Statistikaya əsasən Azərbaycanda ölüm halları arasında ikinci yerdə məhz ürək xəstəlikləri dayanır. Anadangəlmə ürək qüsurlarına görə isə dünya üzrə ilk sıralarda qərarlaşan ölkələrdən biri də Azərbaycandır.

Ürək xəstəlikləri, onların bu qədər sürətlə yayılması və səbəbləri ilə bağlı suallarımıza Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov cavab verib.

Publika.az-a danışan həkim bildirib ki, ildən ilə bu xəstəliklər gənc nəslin nümayəndələrində də özünü büruzə verir. Azərbaycanda ürək xəstəlikləri arasında ən çox ürəyin işemik xəstəlikləri(ÜİX) çoxluq təşkil edir:

“Bu xəstəliklərin bir neçə növü var - stenokardiya, miokard infarktı, xroniki ürək çatmazlığı. Xəstəliyin əsasında ürək əzələsi olan miokarda oksigen çatəşmazlığı dayanır. Ümumiyyətlə, həm dünyada, həm də Azərbaycanda ən çox infarkta və ürək çatışmazlığına rast gəlinir. Ürək-damar xəstəliklərinin genetik dəyişiklərlə də çox sıx əlaqəsi var. Ölkədə ürək-damar xəstəlikləri getdikcə cavanlaşır və artır. Təəssüf ki, biz də gündəlik praktikamızda bu cür xəstələrlə işləyirik. Bu yalnız bizim ölkəmizə məxsus tendensiya deyil. Bütün dünyada son illərdə ürək-damar xəstəliklərinin artması müşahidə olunur.”

Həkimin sözlərinə görə, əsas risk qrupuna daxil olan amillər arasında köklük ön planda dayanır. Bunlar ürək xəstəliklərinin yaranmasının başlıca səbələridir:

“Bu xəstəliklərin səbəblərindən biri də genetika ilə bağlıdır. Genetik, yəni irsi keçməyibsə, ikinci ən önəmli faktor diabetdir. 40 yaşdan yuxarı insanlar içərisində şəkər xəstəliyi hədsiz dərəcədə çox yayılıb. Daha sonrakı risk faktorları arasında təzyiq problemi və xolestrolun normadan artıq olması, hipertaniya, köklük, kişi faktoru, siqaret, oturaq həyat tərzi, qırmızı ət, Azərbaycan mətbəxi (yağlı, duzlu yeməklər), və s. bütün bunlar ən önəmli səbəblərdən biridir.”

Xəstələrə ürək-damar xəstəliklərinə tutulmamaq üçün ən çox düzgün qidalanma, rasionuna riayət etməyi məsləhət görürük:

“Yaşından asılı olmayaraq hər kəs düzgün qidalanma və yuxu rejiminə xüsusi diqqət etməlidir. Qırmızı ətdən, “fasd-fud” məhsullarından, ağ çörəkdən uzaq durmaq məsləhətdir. Daha çox toyuq və balıq ətinə üstünlük versələr yaxşı olar. Əsas məqamlardan biri az-az qidalanmaqdır. İnsan beyninə doyma siqnalları daha gec çatır və bu səbəbdən də dayanmadan yemək orqanizmə xüsusilə də ürəyin qidalanmasına ziyandır”.

Bəzən kürək nahiyyəsində qulunc ağrıları bizi narahat edir. İlkin əlamətlərinə görə bir-birinə bənzəyən ağrıları müəyyən etməkdə çətinlik çəkən insanlar buna səhlənkar yanaşır. Bunun özü də ölüm riskini artırır:

“Qulunc ağrıları da kürək nahiyyəsində olduğu üçün bu insanları çaşdırır. Lakin ürək ağrısının ilkin simptomları zamanı sinə nahiyyəsində yanma hiss olunur. Daxildə güclü ağrılar hiss olunur, sol qol nahiyyəsində keyimələr, soyuq tər, ümumilikdə xəstənin əhval-ruhiyyəsində ciddi dəyişiklik yaradır. Təbii ki, bunu hər kəs ayırd edə bilmədiyi üçün yaxşı olar ki, bu cür ağrılar zamanı xəstələr səhlənkarlıq etmədən həkimə müraciət etsinlər. Ağrılar zamanı exokordioqrama çəkilməsi çox daha dəqiq nəticə göstərəcək.”

Son illərdə qadınlar arasında da ürək xəstəlikləri geniş yayılmağa başlayıb. Lakin statistikaya görə, kişilərin sayı daha çoxdur:

“Qadınlarda bu xəstəliklər özəlliklə klimaks dövründən sonra müşahidə olunur. Kişilərdə isə 30-40 yaşdan yuxarı. Kişilərə nisbətən qadınlar infarktı çox ağır keçirir və üstəlik ağrılara fikir vermədikləri və həkimə gec müraciət etdikləri üçün onlarda diaqnoz dəqiqləşdirmək nisbətən çətin olur.”

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm