Azərbaycanda icbari tibbi sığorta haqlarının məbləği belə olacaq
Bizi izləyin

Səhiyyə

Azərbaycanda icbari tibbi sığorta haqlarının məbləği belə olacaq

Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə deputatlara Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Komitə sədri deyib ki, “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilməsi haqda layihə 29 noyabrda plenar iclasda müzakirə edilib. O, əlavə edib ki, üçüncü oxunuşda qanun layihəsinə iki dəyişiklik təklif edilir. Bunlardan biri 15-ci maddəyə edilir və sığorta fəaliyyəti ilə bağlıdır. Digəri 16-4 keçid müddəasına təklif olunur”.

Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, icbari tibbi sığorta haqları aşağıdakı kimidir: neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;

Bu Qanunun 15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən - bu Qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat;

Bu Qanunun 15-2.3.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının 4 faizi;

Bu Qanunun 15-2.3.5-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;

Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - 2023-cü ildən etibarən minimum aylıq əməkhaqqının 48 faizi.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Bu qanunun qəbulu iki qanunun ləğvinə səbəb olub.

Belə ki, “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilib.

“Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulub.

Sənəd Milli Məclisin bugünkü plenar iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm