Bakı-2017: "Xəzərdən başlayan səyahət" Ağcabədiyə yetişdi
Bizi izləyin

Sosial

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Ağcabədiyə yetişdi

Xəzər dənizindən start götürən "Bakı 2017" ümumxalq səyahət turu dünən Ağcabədiyə yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

"Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Ağcabədidə yerləşən Ağgöl Milli Parkı ətrafında tədbir keçirilib. Azərbaycanın ikinci ən böyük gölü olan Ağgöl minlərlə quşun, o cümlədən nəsli kəsilməkdə olan bir çox quş növlərinin oazisidir. Qlobal əhəmiyyətə malik ərazi kimi tanınan bu bölgə UNESCO-nun himayəsi ilə Ramsar Konvensiyası əsasında beynəlxalq əhəmiyyətli sulu-bataqlıq yer kimi qorunur.

Su mərasimi, rəqs həvəskarı Fatimə Şirinova, karate üzrə Azərbaycan Respublikasının əməkdar məşqçisi Eldəniz Qənbərov və karate üzrə Dünya Çempionatının gümüş və bürünc medal mükafatçısı Adəm Məmmədov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında "Domestic Grassroots" proqramı çərçivəsində Mirzə Fətəli Axundov adına 3 saylı məktəb - liseydə daha bir möhtəşəm layihə, "Sport joys - Regional idman tədbiri" həyata keçirildi. Bakı 2017, 4cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb olunması məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu. Tədbir, iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Heydər Əliyev Meydanında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, Qarabağ Muğam Mərkəzinin şagirdləri Zəhra Məmmədova və Nəcibə Məmmədova, şəhər uşaq musiqi məktəbinin şagirdi Çinarə Ömərzadə və Qarabağ rəqs qrupunun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Ağcabədi sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən karate üzrə Dünya Çempionatının gümüş və bürünc medal mükafatçısı Adəm Məmmədov deyib: "4-cü İslam Həmrəyliyi Oyunları tarixi bir yarış olacaq və bu, həqiqətən də, bizim üçün çox böyük nailiyyətdir. Belə mötəbər bir yarışda idmançılarımızdan ən yüksək nəticələri gözləyirik."

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 17 aprel tarixində Horadiz şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Qeyd edək ki, "Bakı - 2017" İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər. Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm