Məcburi köçkünlər yeni binalara köçürülür
Bizi izləyin

Sosial

Məcburi köçkünlər yeni binalara köçürülür

İyulun 21-də Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada məskunlaşmış məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı püşkatma keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə,püşkatma Komitədə yaradılmış komissiyanın, Xəzər Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək, Ermənistanın işğalçı siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yuxarı göstəriciləri sırasındadır.

“Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son 23 ildə 6 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib ” – deyə Gəray Fərhadov məlumat verib. O, həmçinin qeyd edib ki, görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu insanlara xüsusi qayğı ilə yanaşırlar. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, onların bir qisminə Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni qəsəbənin təməlinin qoyulması bu diqqət və qayğının bariz göstəricisidir.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Hamı istəyir ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, torpağına qayıtsın. Dövlətimiz hər zaman bu problemi ən vacib məsələ kimi diqqət mərkəzində saxlayır. Çox yaxşı haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulurlar.

Çıxışlardan sonra püşkatma mərasimi keçirilib. 151 məcburi köçkün ailəsi növbə ilə püşk çəkərək yeni mənzillərə sahib olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm