• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə xalqı təbrik edib

  • Sosial
  • 29 Avqust 2017 18:51
  • 784 Baxış
Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə xalqı təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

QMİ-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha -- Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.

İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı layiqli şəkildə bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqqədəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza Böyük Qayıdışımız yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.

Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəziz, ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

İslam həmrəyliyi İlində bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət və dualarımızı qəbul etsin! Amin!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR