Sosial
Yeni nazir 11 şöbə müdirini işdən çıxardı
Ünvanlı dövlət sosial yardımı üzrə aparılan ilkin araşdırmaların nəticələri təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, məlumatlar İşçi Qrupun növbəti iclasında açıqlanıb.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial təminat sisteminin gücləndirilməsi Prezident cənab İlham Əliyevin sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm addımlar atılır.
S.Babayev qeyd edib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda “sövdələşmə”lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub. Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.
Nazir bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb.
Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.
Qrupu tərəfindən sosial yardım alan ailələrin kateqoriyalarının və ailələrə yardımın təyin edilməsindən imtina olunmasının səbəbləri də araşdırılıb. Sosial yardım alan 54 min ailədən 32880 ailənin daha həssas kateqoriyalara (I və ya II qrup əlil üzvü və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan ailələr, ailə başçısını itirmiş ailələr, 3-4 uşağı olan ailələr, qaçqın və ya məcburi köçkün olan ailələri və s.) aid olduğu müəyyən edilib. Digər 21 min ailədə isə əmək qabiliyyətli insanların olduğu müəyyən edilərək onların özünüməşğulluq proqramına cəlb olunması istiqamətində işlər aparılır.
S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə carı ildə sosial yardımın alınması üçün elektron sistemə təxminən 90 minə yaxın müraciət daxil olub ki, ilkin mərhələdə elektron qaydada araşdırmalar aparılmaqla, sistem tərəfindən onlardan 57 min ailəyə sosial yardım təyin edilməsindən imtina qərarı verilib. 32666 müraciətlə bağlı isə həmin müraciətləri edən ailələrin maddi-məişət şəraitinin müayinəsinin aparılması qərara alınıb və aparılmış müayinələrin nəticələri əsasında həmin ailələrdən 11678 ailəyə sosial yardım təyinatından imtina edilib, 18332 ailəyə isə sosial yardım təyin edilib. Maddi-məişət şəraitinin müayinəsindən sonra ailələrə yardım təyin olunmasından imtina edilməsinin əsas səbəbləri sırasına ailə tərkibinin, ailənin kommunal xərclərinin, habelə ailə gəlirləri və ailənin yardımçı təsərrüfatı, ailənin əmlakı, torpaq mülkiyyəti barədə məlumatın düzgün göstərilməməsi və ya gizlədilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması və s. daxildir.
-
Magazin215:00
Alla Puqaçova ilə bağlı şok iddia - 20 milyon dollarlıq əntiq əşyaları...
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA