Azərbaycanda hər kəsin həyatına təsir edəcək sistem: 1 il qaldı – ARAŞDIRMA
Bizi izləyin

Sosial

Azərbaycanda hər kəsin həyatına təsir edəcək sistem: 1 il qaldı – ARAŞDIRMA

Prezident İlham Əliyev keçən ilin dekabr ayının 20-də Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzaladı. Beləliklə Azərbaycan dövləti üçün böyük əhəmiyyət kəsb edən əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təminatı istiqamətində mühüm addım atılmış oldu.

Məhz bu fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratmalı və 2020-ci ildə ölkənin bütün rayonlarında icbari tibbi sığorta fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub. Həmçinin fərmanla Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan əksər tibb müəssisələri TƏBİB-in tabeliyinə verilib.

“Özəl klinikalar ağzına kimi doludur, qiymətlər kəllə-çarxa çıxır”

Artıq icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisində tətbiq edilməsi ilə bağlı qanuni və hüquqi baza formalaşdırılıb. Son 3 ay ərzində dövlət başçısı tərəfindən bu sahə ilə bağlı imzalanmış fərman və sərəncamlar prosesin sürətləndirilməsinə xidmət edir. Cəmiyyətdə də əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsinin vacibliyi ilə bağlı fikirlər səsləndirilməkdədir. İqtisadçı-ekspert Samir ƏIiyevin sözlərinə görə, ölkədə qısa müddətdə tibbi sığorta sisteminin işə düşməsi vacibdir: “Özəl klinikalar ağzına kimi doludur. Qiymətlər kəllə-çarxa çıxır. Həkim konsultasiyası 30-80 manat, analizlər isə 50-100 manatdan başlayır. Bir pasiyent orta hesabla 150-200 manat xərcləyir. Mən hələ həkimlərin pasiyentlərini lüzumsuz analizlərdən keçməyə vadar etməsini demirəm. Ölkə iqtisadiyyatı sanki klinika-aptek biznesi üzərində qurulub. İnsanların illərlə qəpik-qəpik yığdıqları pul bir anda klinikaların gəlirinə çevrilir. Tibbi sığorta sistemi qısa müddətdə tam işə düşməsə bu gün birtəhər pul tapan insanlar sabah həkim nəzarətindən kənarda qalacaqlar".

Azərbaycanda 2 ildir ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar 3 bölgələ – Yevlax, Mingəçevir və Ağdaşda pilot layihələr həyata keçirilir. 2019-cu il isə tibbi sığorta sisteminə tam keçid ilidir və bu sahədə böyük yeniliklər gözlənilir. Son aylarda dövlət başçısı tərəfindən imzalanmış fərman və sərəncamlar da prosesin sürətlənməsinə və bazasının formalaşmasına xidmət edir.

Əhalinin 90 faizi məmnun qaldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) departament direktoru Vüqar Qurbanovun sözlərinə görə, yeni sistemə keçid üçün hüquqi və maddi baza formalaşsa da, müəyyən rayonlarda və tibb sahələrində ciddi kadr çatışmazlıqları mövcuddur: “Prezidentin fərmanı ilə 2 ilə yaxındır ki İTS pilot layihə olaraq tətbiq olunur. Pilot layihə ilk dəfə Mingəçevir şəhərində və Yevlax rayonunda tətbiq olunmağa başladı. İkinci ildən etibarən Ağdaş rayonu da bu siyahıya daxil edildi. Bu 3 illik müddət ərzində bir sıra işlər həyata keçirildi. İTSDA cənab prezidentin digər fərmanı ilə həmin regionda olan tibb müəssisələrini tabeçiliyinə aldı və Agentlik həmin tibb müəssisəslərinin idarəçiliyini də həyata keçirir. İlk növbədə həmin tibb müəssisələrində struktur dəyişiklikləri həyata keçirilməyə başladı, təchizat, təminat işləri həyata keçirildi, kadr potensialının effektivliyinin artırılmasına çalışıldı. Agentliyimizin əsas prinsiplərindən olan əhaliyə tibbi xidmətin əlçatan olması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsini təmin etmək hədəfləri reallaşdırıldı. Bundan başqa İTSDA görülən işlərin effektivliyinin yoxlanılması məqsədi ilə pilot ərazilərdə tam sərbəst bir qrumla anlaşaraq sorğu həyata keçirdi. İTS tətbiqi müddəti ərzində bu regionlarda əhali arasında həm tibbi xidmətlərin əlçatanlığından, həm də tibbi xidmətin keyfiyyətindən məmnunluq səviyyəsi 90 faizdən çox oldu. Bizim üçün ən vacib olan məqamlardan biri də tibb işçilərinin məmnunluğu idi. Çünki xidməti verən tərəf tibb müəssisəsidir və xidməti alan tərəf məmnun olduğu qədər xiidməti verən tərəf də eyni məmnun şəkildə xidmət göstərməlidir. Tibb işçiləri arasında aparılan sorğunun nəticəsi kifayət qədər qənaətbəxş oldu. Bu məmnunluq səviyyəsi 80 faizin üzərində idi. Hal-hazırda bilirsininiz ki, respublikamızda tibb personalı əsasən Bakı şəhərində cəmləşib. Bizim əsas məqsədlərimizdən biri tibbi xidməti vətəndaşlarımızın yaşadığı əraziyə yaxın ərazilərdə həyata keçirə bilməkdir. Bizə regionlarda işləmək üçün müraciət etdən tibb personalı, həkimlərin də regionlarda fəaliyyətini təmin etmək üçün tətbiqlər həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzi ilə müzakirələrimiz gedir, müzakirələrin nəticəsində işə qəbul qaydaları təsdiq olunacaq. Universiteti yeni bitirmiş gənc kadrlar, habelə xaricdə fəaliyyət göstərən və ölkəyə geri dönmək istəyən kadrların işlə təmin olunması ilə bağlı tədbirlər həyata keçiriləcək. Yəni bir sıra tətbirlər həyata keçiriləcək ki regionda tibbi xidmətin səviyyəsi yüksəldilsin və hər bir tibbi xidmət əhali üçün əlçatan olsun”.

Rayonlardakı tibb işçilərinin bilik və bacarıqları artırılacaq

Vüqar Qurbanov qeyd edib ki, yeni yaradılmış qurum olan TƏBİB-in əsas funksiyası xəstəxanaların idarəçiliyini həyata keçirmək, tibbi xidmətin keyfiyyətinin artırılması ilə məşğul olmaq, tibbi təminat, kadr potensialı və s kimi ehtiyaclarının ödənməsi üçün tədbirlər həyata keçirmək olacaq: “TƏBİB-in və yaxud da Agentliyin idarə edəcəyi müəssisələr dövlət tabeçiliyində olan tibb ocaqlarıdır. Özəl tibb müəssisələrinin bu sistemə tam daxil edilməsi real deyil, çünki özəl tibb müəssisələri fərqli bir təsisçinin yaratdığı qurumdur və onların fəaliyyətini İqtisadiyyat və Səhiyyə nazirliklərinin standartlarına uyğun olaraq tənzimləyirlər. Biz Agentlik olaraq gələcək dövrlərdə tibbi xidmətin təşkili ilə bağlı özəl tibb müəssisələri ilə müqavilələr bağlayacağıq. Hansı xidmətlər ki dövlət səhiyyə sistemində həyata keçirilməsi mümkün deyil, həmin xidmətləri biz özəl tibb müəssisələrindən əldə edəcəyik. Bunun üçün tibb müəssislərinin seçim kriteriyaları da Agentlik tərəfindən təyin ediləcək. O kriteriyalara əsasən də seçim həyata keçiriləcək ki, tibbi xidməti vətəndaş hansı tibb müəssisəsində alsın”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament direktoru həmçinin əlavə edib ki, ölkənin müxtəlif rayonlarında kadr potensialı ilə bağlı çatışmazlıqların aradan qaldırılması üçün əlavə tədbirlər də həyata keçirilir: “Bu çatışmazlıqların aradan qaldırılması üçün ciddi işlər həyata keçirilir. Yəni həm regionda fəaliyyət göstərən tibb işçilərinin təlimləri ilə məşğul olur, kifayət qədər çox reanimasiya, əməliyyat bloku, qəbul şöbələrində və qeydiyyat bölmələrində işləyən personalın ölkə daxilində təlimlərini həyata keçiririk. Bir çox həkimlərimizin Rusiya, Türkiyə kimi ölkələrə göndərərək təlimlərlə ixtisas artırma kurslarında iştirakını təmin edirik. Qeyd edilən regionda ilk dəfə olaraq loporoskopik cərrahiyyə əməliyyatı həyata keçirdik. Bu kimi yeniliklərimiz daim davam edir. Bizim üçün vacib olanı həmin tibb müəssisələrinə müraciət etmiş Azərbaycan vətəndaşının daha keyfiyyətli və üstün xidmət almasıdır. Hər bir Azərbaycan vətəndaşı yaşadığı rayona yaxın olan tibb müəssisəsində istədiyi tibbi xidmətdən yüksək səviyyədə yararlana bilməlidir. Bunun üçün də işlərimiz davam edir”.

Özəl klinikalar da icbari tibbi sığortaya qoşula biləcək

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bütün səhiyyə müəssisələri istələr də, icbari tibbi sığorta ilə maliyyələşərək işləyə bilməyəcəklər. Belə ki, icbari tibbi sığorta sisteminə qoşulmaq üçün tibb müəssisələrinin müəyyən edilmiş standartlara cavab verməsi tələb ediləcək: “Bunun üçün həm o səhiyyə müəssisəsinin maddi texniki bazası həm də kadr hazırlığı , informasiya resursları və s məsələlərdə standartlara cavab verməlidirlər. Bütün bunların hamısının atestasiyası keçiriləcək. Hansı müəssisələr daha çox icbari tibbi sığorta fəaliyyəti göstərməyə uyğundursa onlarla müqavilə bağlanacaq və ilkin mərhələdə onlar bu xidmətləri həyata keçirəcəklər. Eyni zamanda özəl səhiyyə müəssisələrindən də icbari tibbi sığorta agentliyinin və yaxuddakı təbib publik hüquqi şəxsin müqavilə bağlamaq hüquqi vardır. Çünki icabari tibbi sığorta modelinə daha çox uyğun hal-hazırda özəl səhiyyə müəssisələridir. Özəl səhiyyə müəssisələri həm maliyyələşmə mənbələri, həm də onların könüllü tibbi sığorta da işləmək təcrübələri vardır. Könüllü tibbi sığorta artıq neçə ildir ki, ölkəmizdə tətbiq olunur və könülli tibbi sığortanı sığorta agentlikləri ancaq özəl kliniklarla bağlayır. Çünki dövlət klinikalarının belə bir xidmət göstərmək hüquqi yoxdur. Buna görə düşünürəm ki, hansı müəssisələr özəl və ya dövlət olmağından asılı olmayaraq daha çox hazırdısa icbari tibbi sığorta agentliyi birinci onlarla müqavilə bağlayacaq”.

İşsizlər üçün pulsuz tibbi xidmət imkanı

Milli Məclisdə qəbul edilmiş qanuna əsasən icbari tibbi sığorta sistemi çərçivəsində əhaliyə xidmətlər zərfi iki hissədən - baza və əlavə hissədən ibarət olacaq. Xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəsinə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir. Pulsuz olacaq xidmətlər zərfinin baza hissəsindən Azərbaycan vətəndaşlarından başqa ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də istifadə edə biləcəklər: “Baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Bu haqq işəgötürən tərəfindən hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi, sığortaolunan tərəfindən – işçinin əməkhaqqının aylıq 2 faizi qədər müəyyən edilir. İxtisaslaşmış tibbi yardım haqqını ödəməkdən azad edilən şəxslər, yəni işləməyənlər üçün xidmətlər zərfinin əlavə hissəsi olan illik 120 manat tibbi sığorta sisteminin tətbiqi dövlət büdcəsindən ayırmalar, istehsal və xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək. Hazırda icbari tibbi sığorta sisteminin məlumat bazasının yaradılması və bütün ölkə üzrə dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin həmin məlumat bazasına inteqrasiyası, TƏBİB-in tabeliyinə verilmiş müəssisələrdə gəlirlərin və xərclərin uçotu da daxil olmaqla onların idarə edilməsini təmin edəcək proqram təminatı hazırlanır”.

İnsanlar sağlam, tibb işçiləri varlı olacaq

Araşdırmalar zamanı məlum olub ki, icbari tibbi sığorta sisteminin pilot layihə kimi tətbiq edildiyi rayonlarda layihə dövründə əməliyyatların sayı 52 faizdən çox artıb. Cərrahi müdaxilələr sırasında isə ürək əməliyyatları üstünlük təşkil edib.

İcbari tibbi sığorta sisteminin tətbiqindən pilot rayonların həkimləri də razıdırlar. Bu ərazilərdə həkimlərin və tibb işçilərinin əməkhaqlarındakı yüksəlişlərdən sonra onlar arasında məvacibləri 5-6 min manatdan çox olanların da sayı artıb.

Beləliklə 2020-ci ildə ölkənin bütün ərazisinə əhatə edəcək icbari tibbi sığorta sistemi əhalinin sağlamlığının təminatı ilə yanaşı, insanların keyfiyyətli tibbi xidmət almasına, səhiyyə sahəsində şəffaflığa və tibb işçilərinin rifahının yüksəlməsinə gətirib çıxaracaq.

Nizam Rzayev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm