15 manat pul, 10 dəqiqə həzz: dünyanı Bakıya gətirən sürət ehtirası - REPORTAJ
Bizi izləyin

Sosial

15 manat pul, 10 dəqiqə həzz: dünyanı Bakıya gətirən sürət ehtirası - REPORTAJ

Bu günlərdə bütün dünyanın diqqəti Bakıdadır. "Formula 1"in Bakı mərhələsinə maraq dünyanın dörd bir yanından turistləri ölkəmizə gətirib.

Həmin turistlərin bəziləri isə ikiqat adrenalin yaşamaq istəyirlər. Yəni həm "Formula 1" pilotlarının çıxışlarına baxıb həzz alırlar, həm də həmin həzzi, adrənalini özləri sükan arxasına keçərək yaşayırlar. Söhbət kartinqlərdən gedir. Avtomator idman növünə yerli sakinlərlə yanaşı, xarici qonaqlar böyük adrenalin üçün axın edirlər. Adı günlərdən fərqli olaraq, son 3 gündə paytaxtdakı kartinq mərkəzlərinə axın edənlərin sayı birə-beş çoxalıb.

"Baku Karting &Event Center"də daha çox "Formula 1" marafonunu izləməyə gələn turistləri gördük. Yarış öncəsi özləri həyəcan yaşamaq istəyirdilər:

- Keyfə halukə? (Necəsiniz?)

- Bi xayri şükran! (Yaxşıyıq!)

Ahmad Mohsun ərəbdir. Bir neçə həmyerlisi ilə "F1" Bakı trektini izləməyə gəlib. "Formula1" aşiqidir. Onunla və onun çevrəsindəki qaraqabaq ərəb turistlərlə qısa söhbət etməyə çalışdıq. Paytaxtımızı çox bəyəndiklərini, avtomotorlardan, yəni kartinqlərdən böyük həzz aldığını söylədilər.

Mərkəzdə bizi kartinq üzrə mütəxəssis Yalçın Fərzəliyev qarşılayır. Gülər üzlü, sualları səbrlə dinləyib izah edən bir insandır. Həm də fiziki olaraq çox cəlddir. Bizimlə danışa -danışa ətrafdakı prosesləri də izləyir, istiqamət verir.

Yalçın bəy söyləyir ki, kartinqə gələnlər əsasən avtomotor idman növünü bəyənən, onun mahiyyətini başa düşən insanlardır:

- Sürətə meyilli və sürəti sevənlər daha çox axın edirlər. Gənclər, adrenalin dolu anlar yaşamaq istəyənlər daha çox buraya axın edirlər.

- Təkcə kişilər gəlir?

- Yox, son dövrlərdə kartinqə gələn xanımların da sayı çoxalıb. Ölkəmizin qonaqları, turistlər də bizim mərkəzə təşrif buyurur, kartinqlərdən istifadə edirlər. Son illərdə ərəb ölkələrindən daha çox turistlər gəlir.

- Kartinq.məekəzlərimizə son günlər daha çox hansı ölkələrin adrenalin həvəskarları təşrif buyururlar?

- Bir çox ölkədən gələnlər var. Bu günlərdə paytaxtımızda keçirilən "Formula 1" Azərbaycan qran-prisinə görə ingilislər, almanlar, finlandlar, norveçli turistlər burada üstünlük təşkil edirlər. Onu da deyim ki, Baku Carting Event Mərkəzi səhər saat 10-dan gecə 12-yə qədər şəhərimizin adrenalin yaşamaq istəyən qonaqlarının xidmətindədir.

Öyrənirik ki, burada 7 yaşından yuxarı olan uşaqlar üçün də xidmət göstərilir:

"Son dövrlərdə uşaqların marağı bu sahəyə daha çox artıb. Onlar daha çox valideynlərinin istiqamətləndirməsi, həvəsləndirmələri ilə bu sahəyə yönəlirlər. Hətta həmin uşaqlar "Formula1"ə qədər iddialıdırlar. Valideynlər çox istəyirlər ki, uşaqları avtomator idman növünə maraq göstərərək bu istiqamətdə daha da irəli getsinlər".

Mərkəzin əməkdaşları deyirlər ki, bu mərkəzdə kartinqlərin təmiri ilə bağlı mühəndislər, texniki mexaniklər çalışır. Biz hər gün trekə buraxılan maşınların saxlanmasına, təmir-bərpa işlərinə ciddi fikir verirlər.

Yalçın Fərzəliyev isə bildirir ki, maşınların ehtiyat hissələri əsasən Avropadan gətirilir: "Mövsüm öncəsi boks və qarajımızı ehtiyat hissələri ilə çoxaldırıq ki, daha sonra hər hansı problem yaşamayaq. Hal-hazırda burada 20 ədəd kartinq var. Onlardan 10-u cari periodda istifadə olunursa, digər yarısı növbəti seans üçün boksumuzda qalır. Hər hansı bir maşın sıradan çıxarsa, onu əvəzləyirik. Hazırda "Formula 1" həyəcanı olduğu üçün kartinqlərdə növbə də yarana bilir. Çünki turistlər həm "Formula 1"dən, həm də kartinqlərdən adrenalin almaq istəyirlər. Onlar bu həyəcanı ikiqat yaşamağa çalışırlar. Bakı qran-prisi günlərində kartinqlərə maraq daha çoxdur. Hətta şəhər sakinləri də turistlərə baxaraq buraya daha çox axın etməyə başlayırlar. Biz də buna görə gücləndirilmiş iş rejimində çalışırıq. Buraya gələnlər əsasən məmnun qayıdırlar".

Kartinq əməkdaşları bildirirlər ki, onlar buradakı işləri ilə həm də ölkəmizi təmsil edirlər. "Çalışırıq ki, xaricdən gələn qonaqlar ölkəmizdən gözəl təəssüratlarla geri dönsünlər" - deyə vurğulayırlar.

Turistləri trekə hazırlayan, kasklarını taxmaqda kömək edən və start prosesinə kömək edən mütəxəssisə yaxınlaşırıq:

- Bəs "Formula 1" pilotlarından buradakı trekə çıxmağa gələnlər olubmu?

- Xeyr, hələ ki, gəlməyiblər. Onların başı hazırda öz treklərinə qarışıb, iş başındadırlar (gülür).

Burada öyrənirik ki, pandemiya dövründə paytaxtdakı kartinq mərkəzləri də fəaliyyətsiz qalıb. Ötən ilin oktyabrından isə fəaliyyətləri bərpa edilib. Hətta açıq havada kartinq təşkil edən mərkəzlər də olub. Eyni zamanda, kartinq mərkəzləri bir-birinə rəqib olsalar da texniki avadanlıqlarla bağlı əməkdaşlıq edirlər. Lazım gəldiyi halda bir-birlərinə dəstək olurlar. Bu idman növünü daha çox insana aşılamaq üçün hətta kartinq yarışları da təşkil edilir.

Yalçın bəylə turistlərin adrenalin dolu keçidlərini izləyirik. İstər-istəməz məndə sual yaranır:

- Görəsən, bu cür mərkəzlərdə özlərini yetişdirən və peşəkar nailiyyətlər dalınca düşən gənclərimiz varmı?

Sualımı başqa bir əməkdaşa ünvanlasam da cavab üçün məni şəhadət barmağı ilə yenə mütəxəssis Yalçın bəyə yönəldir. Yalçın Fərzəliyev söyləyir ki, bəli, var:

- Kartinq mərkəzlərində özünü yetişdirən Gülhüseyn Abdullayev "Formula3"ə qədər yüksəlməyi bacarıb. Hətta İngiltərədə yaşayan Cəmil Həsənli Rogers Formula 4-ə qədər gedib çata bilib. Bu idman növü ilə maraqlananlar indi də çoxdur. Onlar əsasən azyaşlılardır. Ziya Əlizadə, Tariyel kimi yeniyetmələrin hədəfləri isə "Formula1"ə qədər yüksəlməkdir. Onlar öz üzərində işləsələr, xaricdə təşkil olunan yarışlarda iştirak eləsələr ən azından Formula 3 və Formula 2 mərhələlərinə qədər gedib çıxa bilərlər. Bunun üçün şansları var. Bakıdakı kartinq mərkəzlərində məşq edərək xaricdə təşkil olunan yarışlarda uğur qazanan gənclərimizin də sayı az deyil. Paytaxtdakı mərkəzlər, əsasən də "Baku Karting&Event Center" onlara hər cür şərait yaradır.

Sonda Yalçın bəydən "Siz də adrenalin yaşayın ki, həmin hisslərin nə olduğunu daha yaxından biləsiniz, insanların, turistlərin avtomotor idman növünə niyə bu qədər maraq göstərdiyini anlayasınız. Doğrusu, həmişə yüksək sürətdən çəkinmişəm. Amma trekdə məndən başqa heç kimin olmadığını görüb ürəklənirəm. Asta sürətlə hərəkətə başlayıram. Sonra sürəti artırıram. Motordan çıxan gurultulu səs məni daha da sürətə təşviq edir. Amma qorxuram. Üç keçid etdikdən sonra əyləcə basıram...

Elə bu vaxt turistlərin və qonaqların da mərkəzdən seyrəldiyini görürəm. Səbəbi soruşuram. Deyirlər ki, yarım saat sonra "Formula 1"də trektlər başlayır.
Bir sözlə, 15 manat pul, 10 dəqiqə vaxt bəs edir ki, adrenalin dolu dəqiqələr yaşayasınız, ehtirasınızı söndürəsiniz. Ehtirasınızı söndürün, təki motorunuz sönməsin. Arada bir gedib əylənmək yaxşı şeydir. Gedin, motorunuza qüvvət...

Tural Turan

Fotolar: Rüfət Mikayılov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm