Vahid Əhmədov Bakı-Quba yolundan danışdı: "Bu dəfə işlər yüksək keyfiyyətlə aparılır" - FOTO
Bizi izləyin

Sosial

Vahid Əhmədov Bakı-Quba yolundan danışdı: "Bu dəfə işlər yüksək keyfiyyətlə aparılır" - FOTO

Bakı-Quba avtomobil yolunda təmir və bərpa işləri sürətlə və yüksək səviyyədə davam etdirilir.

Bu sözləri Publika.az-a söyləyən Milli Məclisin deputatı Vahid Əhmədov yolun təmirinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi:

"Cənab Prezident bölgədə yaşayan əhalinin narahatlığını və bizim xahişimizi nəzərə alaraq, yenidən bərpa işlərinə başlanılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq göstərişlər verdi. İşlər başlayan günü sədr Saleh Məmmədov və onun birinci müavini Əvəz Qocayevlə birlikdə Qubaya getdik və yolda görüləcək işlərlə yaxından tanış olduq".

V.Əhmədov seçicilərlə görüşmək üçün ayda bir, ya iki dəfə Qubaya getdiyini və hər gedişində yola nəzarət etdiyini də diqqətə çatdırdı:

"Ötən həftənin şənbə günü də Qubada idim. Həm gedəndə, həm də qayıdanda işçilərlə həmsöhbət oldum və görülən işləri yaxından izlədim. AAYDA-nın rəhbərliyi tərəfindən işlərə ciddi nəzarət olunur. Artıq bəzi hissələrdə asvalt-beton örtüyü döşənir. Düşünürəm ki, işlər bu qaydada davam edərsə, dekabr ayının əvvəlinə qədər yol təhvil veriləcək. Elə yerlər var ki, yolun zəmini 2 metr dərinlikdə qazılır. Yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır, sonra yararlı qrunt tökülərək yenidən kipləşdirilir və qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Yəni, işlər keyfiyyətlə görülür. Bu işlər yekunlaşdıqdan sonra həmin hissələrə yeni asfalt-beton örtüyü döşənəcək".

Müsahibimiz qeyd etdi ki, eyni vaxtda 8 briqadanın çalışdığı təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılır:

"Bərpa işləri yolun hər iki tərəfdən başlayıb. Nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər yarandığı üçün, işlərin tez başa çatmasına çalışırlar. Çünki, bu yolda tez-tez qəza hadisələri baş verir. Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən də bu hadisələrin qarşısının alınması üçün bəzi tədbirlər həyata keçirilir. Quba-Xaçmaz turizm bölgəsi olduğu üçün, həm ölkə vətəndaşları, həm də əcnəbilər istirahət etmək üçün buraya gəlirlər. Amma yolların bərbad vəziyyətdə olması onların gəlişinə, eləcə də yerli sakinlərin hərəkətinə ciddi maneələr yaradırdı. Əhali bu il daha çox əziyyət çəkdi. Amma hazırda görülən işlər həm onların vəziyyətini düzəldəcək, həm də bölgədə turizmin inkişafına təkan verəcək".

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm