Sosial
Xaricdə iş arzulayanlar üçün hazırlanan tələ: Qurbana neçə çevrilirsiniz?
Son illər Avropa ölkələrində işləmək istəyən azərbaycanlıların sayı artıb. “Qoca qitə”də işləmək arzusunda olanlar bunu müxtəlif yollarla reallaşdırırlar. Hazırda Bakıda “Avropada işə düzəldirik” deyən şirkətlərin sayı kifayət qədərdir. Vətəndaşlar müəyyən ödəniş qarşılığında həmin şirkətlərin xidmətlərindən istifadə edirlər. Amma zaman-zaman bu şirkətlərin qanunsuz əməllərinin, vətəndaşları yalançı vədlərlə aldatdıqlarının şahidi oluruq. Ekspertlər hesab edirlər ki, “qoca qitə”də işləmək arzusunda olanlar yüz ölçüb, bir biçməlidirlər. Çünki istənilən vaxt dələduzların qurbanına çevrilə bilərlər.
Bəs, görəsən, xaricdə həqiqətən real iş təklif edən şirkətlər mövcuddurmu? Bunun arzusunda olanlar daha çox nələrə diqqət yetirməlidirlər?
İşaxtaranlar qurbana necə çevrilir?
Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Azərbaycanda belə şirkətlər 1990-cı illərin ortalarından yaranmağa başlayıb: “2000-ci ilin əvvəlləri Azərbaycanda bu profillə fəaliyyət göstərən 4 rəsmi şirkət var idi ki, müvafiq dövlət qurumları tərəfindən lisenziya əldə etmişdilər. Amma dəqiq bilirəm ki, həmin şirkətlərdən üçünün hər hansı bir fəaliyyəti qeydə alınmadı. Yalnız bir şirkətin xətti ilə dövlətlərarası proqram əsasında Səudiyyə Ərəbistanında kiçik tibb personalı vəzifəsinə 250 nəfərə qədər vətəndaşın göndərilməsinə nail olundu. Digər bundan kənar fəaliyyətlər isə hansısa MMC-lər tərəfindən həyata keçirilir. Düzdür, onların sayı çoxdur. Amma bu istiqamətdə fəaliyyətləri yetərli deyil”. A.Allahverənovun sözlərinə görə, bununla bağlı çoxsaylı şikayətlər mövcuddur: “Əsas şikayətlər insanların aldadılaraq pullarının mənimsənilməsi, verilən vədlərdən tamamilə fərqli fəaliyyət sahəsinə cəlb edilməsi ilə bağlıdır. Nəticədə iş üçün xaricə üz tutan şəxslər getdiyi ölkədə çətin vəziyyətdə qalır və qeyri-qanuni miqrant səviyyəsinə düşür. Eyni zamanda, mütəşəkkil cinayətkar qrupların qurbanına çevrilir. Təəssüflər olsun ki, bu tipli problemlər hələ də xaricdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin vasitəçilərə müraciət etmək həvəsini azaltmayıb. İnsanlar hər zaman vasitəçi şirkət axtarışındadırlar”.
Yüz ölçüb, bir biçin
Ekspert tövsiyə edib ki, vətəndaş əgər xaricdən iş təklifi alıbsa, bütün sənədləşmə işlərini, danışıqları hüquqşünasların bilavasitə iştirakı ilə həyata keçirsin: “Çünki hüquqşünaslar istənilən təklif olunan müqavilədə hansısa təhlükələri dərhal görə bilirlər. Təhlükədən sığortalanmaq üçün xarici dil bilikləri də mütləqdir. Namizədin dil biliyi olmalıdır ki, kommunikasiya prosesində aldadılmasın. Dəfələrlə şahidi olmuşuq ki, insanlar məhz dil bilikləri olmadığından aldadılıblar. Bundan başqa, iş təklifi alınan şirkətin fəaliyyəti ilə hərtərəfli maraqlanmaq lazımdır. Şirkətin fəaliyyətinin qanuni olub-olmadığı, əcnəbi miqrantlarla iş birliyinin mövcudluğu və s. suallara cavab tapmaq lazımdır. Bu istiqamətdə məlumat toplamağın müxtəlif yolları var. Birinci, getdiyin ölkədə miqrasiya sahəsində ixtisaslaşan ictimai təşkilatlar mövcuddur. Onlarda bu şirkətlər barədə çox dəqiq məlumatlar olur. Bundan başqa, Beynəlxalq Miqrasiya Təşkilatına müraciət etmək mümkündür. Azərbaycanın həmin ölkədəki səfirliyi və ya digər diplomatik qurumlar, eləcə də diaspora təşkilatları ilə əlaqə yaratmaq olar. Bununla mümkün təhlükələri neytrallaşdırmaq mümkündür. Ümumiyyətlə, hesab edirəm ki, soydaşlarımız xaricdə iş təklifi alarkən dərhal evlərini, maşınlarını satıb köçməsinlər. Təklifi dəyərləndirməzdən öncə yüz ölçüb, bir biçsinlər”.
“Vasitəçi şirkətlər mütləq araşdırılmalıdır”
Slovakiyadan iş vizası gözləyən Fərid Ələkbərov deyib ki, xarici ölkələrdə işləmək arzusunda olanlar vasitəçi şirkətləri mütləq araşdırmalıdırlar: “Öz təcrübəmə əsasən deyə bilərəm ki, təxminən bir aydan çox bu şirkətləri araşdırdım. Sosial şəbəkələrdə həmin şirkətlərlə bağlı yazılan şərhlərlə tanış oldum. Şərh yazan insanlarla birbaşa əlaqə yaratdım. İş vizası aldıqları ölkədə olub-olmadıqları, hansı şərtlərlə getdikləri ilə maraqlandım. Nəhayət, Polşaya işləməyə yollandım. Orada Böyük Britaniyaya məxsus zavodda çalışırdım. Vizamın müddəti başa çatdığından geri döndüm. Hazırda Slovakiyadan iş vizası gözləyirəm”.
Viza məsələsinə diqqət
İşədüzəltmə üzrə mütəxəssis Vüsal Yusifov bildirib ki, işaxtaranlar vasitəçi şirkətlərin fəaliyyətini araşdırmaqla yanaşı, viza məsələsinə də diqqət yetirməlidirlər: “Birbaşa viza alınması mümkün olmayan ölkələrə müraciət etmək doğru deyil. Məsələn, bəzi şirkətlərin elanlarında Norveç, Niderland, Almaniya kimi ölkələrdən iş təklifləri öz əksini tapıb. Dünyagörüşü, az-çox araşdırma qabiliyyəti olan insan bilməlidir ki, bu ölkələrə Azərbaycandan birbaşa viza almaq çox çətindir. Bəzi ölkələrə ümumiyyətlə mümkünsüzdür. Amma bəzi şirkətlər işaxtarana bu ölkələrdə işlə təminat sözü verirlər. Həmin ölkələrdə vakansiyalar ola bilər. Lakin Azərbaycandan birbaşa viza alınması mümkün deyil. İşaxtaran yalnız hansısa Şengen ölkəsinə gedib orda oturum aldıqdan sonra həmin ölkələrə keçid edib özü iş tapıb işləyə bilər. Təbii ki, bəzi qanunsuz yollar da mümkündür. Məsələn, vizaları yararsız hala salırlar, pasportları yandırırlar və s. Qeyri-leqal yolları müştəriyə məsləhət görmürük. Çünki sonradan çox əziyyət çəkirlər, qaçqın düşərgələrinə düşürlər. Hazırda iş üçün ən məsləhətli ölkələr Polşa, Çexiya, Latviya, Litva və Slovakiyadır”.
Elə maaş vəd edirlər ki...
İşçi qüvvəsinin beynəlxalq miqrasiyasını xarici partnyorlar vasitəsilə həyata keçirən şirkətlərdən birinin rəhbəri Elməddin Əliyev bildirib ki, Azərbaycan vətəndaşları hansısa vasitəçi şirkət seçməzdən öncə ölkəni seçməlidirlər. Onun sözlərinə görə, əməkçi miqrantlar seçdikləri ölkə barədə bütün məlumatları rəsmi mənbələrdən toplamalıdırlar: “Tutaq ki, seçdikləri ölkənin viza qaydalarında hansısa dəyişikliklər baş verə bilər. Bu kimi məlumatları “Tik Tok”dan deyil, rəsmi platformalardan əldə etsinlər. Hər ölkənin miqrasiya siyasətini əhatə edən saytlar var. Vətəndaşlar niyə aldanırlar? Çünki məlumatları rəsmi deyil, qeyri-rəsmi mənbələrdən əldə edirlər. Bəzi vasitəçilər də bundan sui-istifadə edərək “cəlbedici təklif”lər irəli sürürlər. Tutaq ki, işaxtarana elə maaş vəd edirlər ki, əslində o ölkədə həmin əməkhaqqı yoxdur. Məsələn, şirkət təklif edə bilər ki, Slovakiyada zavodda 3000 avro aylıq əməkhaqqı təklif olunan iş var. Ən sadə variant deyirəm, işaxtaran “Google”da Slovakiyada 2024-cü ildə minimum əməkhaqqının nə qədər olmasına dair axtarış verməlidir. Axtarışın nəticəsinə əsasən, o, başa düşəcək ki, getdiyi vəzifədə həmin maaş var, ya yoxdur”.
Ekspert vurğulayıb ki, hazırda azərbaycanlıların ən rahat iş tapdığı Avropa ölkəsi Slovakiyadır: “Slovakiyada gedib çalışırlar, istədikləri vaxt da məzuniyyətə gələ bilirlər. Bu ölkədə minimum aylıq məvacib 1000 avrodan başlayır. Gündə 8 saatlıq iş rejimidir”. ("Kaspi" qəzeti)
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar