Sosial
İctimai müzakirə: “Bayram günlərində milli geyimdə gəzək..." - Foto
“Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli geyimlərin təbliği - Ənənədən gələcəyə" adlı layihə çərçivəsində ictimai müzakirə keçirib.
Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Nərgiz Cavadzadə bildirib ki, 4 ay davam edən layihə çərçivəsində 10 araşdırma yazı, 6 veriliş hazırlanıb və bu gün yekun olaraq mütəxəssislər, ziyalıların iştirakı ilə ictimai müzakirə keçirilib.
Layihənin məqsədi Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfdir.
Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova kolleksiyalarında daim Azərbaycanın maddi-mənəvi dəyərlərini əks etdirdiyini vurğulayıb: “Gəncliyin Səsi”, “Turan”, “Qarabağ”, “Xarıbülbül”, “Miniatür” kolleksiyaları bunu özündə göstərir. Daim yeni kolleksiyalarımız yaranır. Azərbaycanımızı xarici ölkələrdə yüksək səviyyədə təmsil edirəm. Onu da nəzərinizə çatdırım ki, 2006-cı ildə “Milli Geyim Günü”nün yaranması təşəbbüsü ilə çıxış etmişəm. Azərbaycanda “Milli Geyim Günü” və yaxud da türkdilli ölkələrin “Milli Geyim Festivalı”nın təşkil edilməsini irəli sürmüşəm.
Hətta təklif etdim ki, həmin gün vacib deyil insanlar tam milli geyimdə olsunlar, ən azından özündə milli simvol və ornamentləri əks etdirən bir araxçın, bir kəlağayı və sair istifadə etsinlər”.
Gülnarə Xəlilova ictimai müzakirə zamanı gənc xanımların xınayaxdı mərasimlərində istifadə etdiyi geyimlərdən də söhbət açıb:
“Orta əsrlərdə Azərbaycan və Türkiyə geyimləri eyni olub. Türkiyədə “Muhteşem Yüzyıl” serialında geyimlər sinəsi açıq təqdim edilmişdi. Tarixən hərəmdə heç bir qadın sinəsi açıq kişilərin önündən keçməyib. Bu günə qədər Türkiyədə sinəsi açıq geyimlər satılır. Hətta bizim xına və toy mərasimlərində də o geyimlərdən istifadə edirlər.
İnsanlara izah etməyə çalışıram ki, bu yanlışdır və belə etməsinlər. Geyimlərimizdə öz tariximizə daha çox diqqət etməliyik. Hər bir insanın öz dünyagörüşü, tərzi var. Ona görə də bununla mübarizə aparmaq çətindir. Amma el birliyi ilə öhdəsindən gələ bilərik”.
Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın zəngin geyim mədəniyyətinin olduğunu deyib:
“Azərbaycan xalqının çox zəngin geyim mədəniyyəti olub. Amma çox təəssüf ki, xalqımızda geyim saxlamaq ənənəsi yoxdur. Milli geyimlərimizin təbliğatı zəifdir. Milli kimliyimizi qorumaq üçün geyimə xüsusi diqqət etməliyik. Milli geyimlərin təbliğatına çox böyük ehtiyac var. Hətta cənab prezident İlham Əliyev Özbəkistana səfəri zamanı prezident Şavkat Mirziyoyevlə söhbətində buxara papaq haqqında danışıb.
Milli geyimlərimizin geniş vüsət alması üçün onun tarixinə, əhəmiyyətinə dair müzakirələrə böyük ehtiyac var. Televiziyalarımız və verilişlərimizdə də milli geyimlərimizin təbliğatına yer verməliyik. Biz tariximizi bilməsək, diqqət etməsək, öyrənməsək, növbəti nəsillərə ötürməsək, kim bunu biləcək?..
Mənim “Milli geyimlərin təbliği - Ənənədən gələcəyə" adlı layihə çərçivəsində müzakirə edilən təkliflər bundan sonra düşünəcəyim və vaxtaşırı qayıdacağım mövzulardan biri olacaq”.
Millət vəkili Ceyhun Məmmədov ictimai müzakirədə səslənən təklifləri yüksək dəyərləndirdiyini vurğulayıb:
“Bu gün Azərbaycan cəmiyyətində geyimlə bağlı xeyli problem var. Məsələn, elə millətlər var ki, onların bizim qədər nə zəngin mədəniyyəti, nə tarixi, nə də ənənəsi var. Bizim çox gözəl milli geyimlərimiz mövcuddur. Milli geyimlərimizdəki xüsusi ilmələr, naxışlar, düymələr var. Bəylərin geyimləri də buna daxildir.
Xanlıqlar dövründə ənənələrə baxanda kifayət qədər zəngin geyim ənənəsinin olduğunu görürük. Bu sualı özümə tez-tez verirəm: "Niyə milli geyimləri geyinməkdən utanırıq". Bu, hamıya şamil edilmir. Qırğızların araxçını, ərəblərin xüsusi geyimləri var və onlar həmin libasları geyinməkdən çəkinmirlər.
Qırğızlar araxçını hər yerdə istifadə edirlər, ərəblər havanın isti olmasına baxmayaraq rəsmi tədbirlərdə öz milli paltarlarını geyinirlər. Amma bizdə reallıqdır ki, əksəriyyətimiz buna o qədər də meyil göstərmirik. Bizim də papaqlarımız, kəlağayımız var. Bu, bir problem olaraq özünü göstərir. Ümumiyyətlə, nikbin olsaq da cəmiyyətdə gənclərin geyimi son vaxtlar məni çox ciddi şəkildə narahat edir.
Biz millilikdən, zövqdən uzaqlaşaraq daha çox soyunmağa doğru gedirik. Bizdə belə bir fikir yaranıb ki, insan nə qədər soyunsa, bu, bir o qədər mədəniyyətin göstəricisidir. Son vaxtlar kişilər və qadınların geyimindəki zövqsüzlüyü açıq şəkildə müşahidə edirik. Burada bir dilitasiya, tənəzzül də var. Bəzən tələbələr universitetlərə düzgün geyimdə getmirlər. Əgər bir tələbə universitetə çimərlik paltarı ilə gəlirsə, o dərsə buraxılmamalıdır. Hətta iş yerinə də rəsmi geyimdə gedilməlidir. İş yerinə idman üslubunda geyimlə gəlmək olmaz. Eləcə də bir rəsmi şəxsin cins şalvar ilə tələbələr və insanlar qarşısında çıxışını məqbul saymıram.
Mənim üçün bütün günü qalstuk ilə oturmaq çox çətindir. Amma hesab edirəm ki, rəsmi şəxsəm, eyni zamanda nümunəyəm. Tədbirdə idman üslubunda iştirak edə bilmərəm".
Millət vəkilinin fikrincə, milli geyimləri çox təbliğ etməli və bunu gənclərə çatdırmalıyıq: "Ən birinci məsələ zövqlü geyimin formalaşdırılmasıdır. Milli geyim insanlarımızın əksəriyyətinin həyat tərzindən çıxıb. Ənələrimiz, dəyərlərimiz qorunmalıdır. Televiziyalarımızda milli geyimlərimizlə bağlı verilişlər olmalıdır. Cəmiyyətə nə veririksə, cəmiyət də onu qəbul edir. Mediada geyim, zövqlə, mədəniyyətlə bağlı müzakirələrə böyük ehtiyac var".
Millət vəkili dinlə məşğul olan Azərbaycan qadınlarının ərəb üslubunda geyimlərindən istifadə etməsinə də münasibət bildirib. O, Aynur Camalqızının "Dinlə məşğul olmaq üçün bizim qadınlarımız ərəb geyimi geyinməlidirlərmi? Keçmişdə analarımız, nənələrimiz başlarını kəlağayı ilə örtər və danışanda yaşmaqlanardılar. Başını bağlamaq istəyən xanım niyə kəlağayı bağlamır və ərəblər kimi hicab geyinir" sualını belə cavablandırıb:
"Bu, bizdə özümüzü bəyənməməklə bağlıdır. Bununla yanaşı təsir altına tez düşmək məsələsi var. Əslində, keçən əsrin əvvələrinə baxanda bizim dini örtüklə bağlı geyimlərimiz olub. Məsələn, mən də düşünürəm ki, niyə qadınlarımız başlarını kəlağayı ilə bağlamasınlar, milli ornamentli geyimləri geyinməsinlər?! Bizim dini sahədə də kənar təsirlər çox güclüdür. Dövlət dəstəyi ilə milli geyimlərin formalaşması istiqamətində addımları artırmalıyıq. Bu gün dinlə məşğul olan qadınlarımızın bir hissəsi İran, digər hissəsi ərəb geyimlərini geyinir.
Bir qismi isə Türkiyə geyimlərindən istifadə edirlər. Mütləq şəkildə belə geyinilməlidir kimi qayda yoxdur. Hicab taxan xanımların sırasında zövqlü geyinənlər də var. Amma elə qadınlarımız da var ki, tamamilə qapanıb və insanlar tərəfindən buna tənqidlə yanaşılır. Biz milliliyimizi təbliğ etməliyik, bu sahədə maarifləndirmə və təbliğat aparmalıyıq. Sizin də qeyd etdiyiniz kimi nənələrimizin başında kəlağayı olardı. Sadəcə bunu bərpa etmək, təbliğ etmək lazımdır. Milli geyimlərimizlə bağlı kütləvilik olmadığına görə biz də həmin istiqamətə gedirik".
Azərbaycan Dillər Universitetin regionşünaslıq kafedrasının müdiri, etnoqraf Sevdagül Əliyeva deyib ki, Gülnarə Xəlilovanın fikirləri ilə razıdır: " Azərbaycanda "Milli Geyim Günü" təsis edilsə, çox xoş olar. Hətta Norveçdə milli geyimlərin polisi var. Milli geyimləri, aksessuarları fərqli şəkildə geyinmək olmaz. Norveçdə "Milli Geyim Günü" qeyd edilir. 17 may tarixində öz dövlətinin müstəqilliyini bayram edən norveçlilər milli geyimlərini geyinib kral sarayına gedirlər. Milli geyimləri istənilən şəkildə geyinmək olmaz".
Etnoqraf onu da qeyd edib ki, xınayaxdı mərasimlərində qızların türk geyimlərindən istifadəsini məqbul hesab etmir: "Azərbaycanın xınayaxdı mərasimlərindəki qoşmalar, deyişmələr, haxıştası və halayı tamamilə başqa mahiyyət daşıyır. Bizdə qızın başının üstünə xınanı qoyub, ananın süd haqqını verirlər. Onu götürən oğlan uşağı tapırlar, həmin uşaq ən yaxşı ailədən olmalıdır. Xınayaxdı mərasimlərimizi öz adət-ənənələrimizə uyğun etməliyik".
Etnoqraf vurğulayıb ki, bütün universitetlərimizdə "Azərbaycan mədəniyyəti və fənni" daimi məcburi fənn kimi tədris edilməlidir: "O zaman milli geyim məsələmiz də düzələcək".
Xalq artisti Nəzakət Teymurova deyib ki, milli geyimlərimizdən çox istifadə edir: “Milli paltarlarımın sayını-hesabını itirmişəm. Hətta milli geyimlərimdən birinin 6-7 kq çəkisi var. Hansı ölkəyə gediriksə, dövlətimizi, millətimizi təbliğ etməliyik. Amma təəssüf olsun ki, bəzi xanəndələrimiz əlində qabal dekolte ilə muğam ifa edir, Füzulidən, Nəsimidən oxuyur. Bu, qınaq obyekti olmalıdır ki, adət-ənənəmizi niyə ucuz şəklə salırsınız. Biz də sənətkar kimi fikir bildirəndə deyirlər ki, paxıllıq edirsiniz. Necə ki, Şövkət Məmmədova, Sara Qədimova, Rübabə Muradova bu ənənələri bizə gətirib çıxarıbsa, bu fikirləri bildirməyə ixtiyarımız var. Müasir dövrdə gənc ifaçılarımız söz götürmürlər, çox iddialıdırlar. Neçə xalq artisti görmüşəm ki, əlində qabal dekolteli geyimlə muğam ifa edir. Bu, tənqid edilməlidir".
Xalq artisti onu da vurğulayıb ki, milli geyimlərin təbliğinə geniş yer verilməlidir: "Milli geyimlərimiz qorunub saxlanmalıdır. Mənim kəlağıyalarımın sayı çoxdur və hər bir evdə də bu ənənə qorunub saxlanılmalıdır. Milli dəyərlərimizə qiymət verilməlidir".
“Bakı Milli Geyim Evi”nin rəhbəri, modelyer Könül Vəlibəyli isə vurğulayıb ki, sevə-sevə milli geyimlərimizi dünyada təbliğ edir: “Dünyanın bir çox ölkələrində tədbirlərimiz olub. Azərbaycanın dövlət tədbirlərində Qarabağ, Borçalı, İrəvan və bütün bölgələrinin geyimlərini xarici ölkələrdə təqdim etmişik. Bu sahəyə dövlətimizin dəstəyi var. Biz özümüz də milli geyimlərimizin geniş yayılması üçün nəsə etməliyik. Milli geyimlərimiz dəyərdir".
Əməkdar artist Sənubər İsgəndərli "Milli geyimlərin təbliği - Ənənədən gələcəyə" adlı layihə çərçivəsində ictimai müzakirədə çox maraqlı məlumatlar əldə etdiyini açıqlayıb: “Milli geyimlərimiz filmlərimizdə də geniş təbliğ edilməlidir. Teatrımızda Mirzə Fətəli Axundovun "Lənkəran xanın vəziri", "Qarabağnamə" və s. tamaşalarımızda milli paltarlarımız çox yüksək səviyyədə təqdim edilir. Biz bu sahədən nə qədər danışasaq da azdır. Çünki təbliğat və dəstək böyük iş görür".
"Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədr müavini Büllur Məmmədova deyib ki, milli geyimlərin təbliğatı üçün maarifləndirmə aparılmalıdır: "Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərdə milli geyimlərimiz, adət-ənənələrimiz təbliğ edilməlidir. Həmçinin də bu təbliğat sosial şəbəkələrdə də aparılmalıdır. Çünki indiki gənclər vaxtlarını daha çox sosial şəbəkələrdə keçirirlər".
Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Camalqızı bildirib ki, əlamətdar günlərdə - bayramlarda, məsələn, 28 May Respublika Günü və ya 8 noyabr Zəfər Günündə hər kəs rəsmi və qeyri-rəsmi tədbirlərdə milli geyimdə iştirak edə bilər və gözəl bir ənənənin əsası qoyulmuş olar:
“Bu, həm təbliğat, həm də keçmişimizə, tariximizə hörmət və ənənələrin davamlılığı nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Bəzi ölkələrdə bunun təqdirəlayiq örnəkləri var. Bizim ölkədə Birinci vitse-prezident Mehriban Əliyeva öz geyimləri ilə dəyərlərimizi əsalətlə və nəcib şəkildə daşıyır. Dəfələrlə Birinci xanım Mehriban Əliyevanı rəsmi tədbirlərdə milli geyimlərimizin elementlərinin əks olunduğu libaslarda görmüşük. Bundan gözəl təbliğat nə ola bilər?! Mehriban Əliyeva həm də ölkəmizdə xanımların stil ikonasıdır və hər bir Azərbaycan qadını üçün nümunədir”.
Onun sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyalarında Azərbaycan xalçalarının naxışlarından, Qarabağ, Şirvan, Təbriz, İrəvan xalçaçılıq məktəbinin nümunələrindən istifadə edilir: “Rüfət İsmayılın geyimlərində Qarabağ, Şirvan, Təbriz, İrəvan xalçalarının naxışlarının parça üzərinə köçürülməsi və onun geyimlərlə təqdim edilməsini heyranlıqla izləyirik. Müasirliklə qədimliyin sintezi və bu sintezdə milli mahiyyəti təqdim etmək, müasirliklə keçmişi geyimdə birləşdirmək fərqli bir yanaşmadır. Dizayner Gülnarə Xəlilovanın “Cizgi” brendində Xarıbülbülün ipək yaylıqlar və libaslar üzərində əksi çox gözəldir. Ümumiyyətlə, dəyərlərimizə yüksək yanaşma olmalıdır. Bizim kəlağayılarımız ən keyfiyyətli ipəkdən hazırlanmalı və dünyaya yüksək səviyyədə təqdim edilməlidir”.
Aynur Camalqızı qeyd edib ki, dünyaca məşhur brendlər öz kolleksiyalarında qədim elementlərin əks olunmasına xüsusi önəm verir: “İtaliyanın məşhur “Dolce & Gabbana” markası ölkəsinin qədim şəhərlərinin simvolları, qədim naxışlar, işarələr, xristianlığın elementləri və s. öz geyimlərin istifadə edir. Bizim qədim xalçalarımız da böyük bir mistika, böyük bir dünyadır. Xalçalarımızdakı hər ilmədə mistika, ruhaniyyət, tarix, mədəniyyət əks olunur. Vaxtilə dəfələrlə xalçaçı rəssamlardan müsahibələr almışam. Onlar xalçalarımızda əksini tapan işarələrin, naxışların sirrlərindən, mənalarından bəhs edəndə adam sanki başqa bir aləmə düşür. Bunun üçün xüsusi mütəxəssislər var və o işarələrin mənalarını araşdırırlar. Məsələn, hansı qədim xalçadakı işarənin, simgənin mənası nədir, hansı ismarış və ya mesajı verir?.. Yəni heç bir şey səbəbsiz və ya təsadüfi deyil".
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər