Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır
Bizi izləyin

Sosial

Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır

Bir neçə il öncə yanan və konstruksiyası zədələndiyi üçün tamamilə sökülən "Diqlas" ticarət mərkəzinin ərazisinin satışa çıxarıldığı barədə məlumat yayılıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, ərazisinin 13 milyon manata təklif edildiyi bildirilir.

Mövzu ilə bağlı saytımıza danışan əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, "Diqlas" TM-in ərazisi bir hektardan daha azdır:

"Ərazisinin dəqiq sahəsi barədə məlumat olmasa da, müxtəlif hesablamalarla 0.6-0.7 hektar olduğu təxmin edilir. Buna görə də hazırkı bazar qiymətləri ilə ərazinin 13 milyon manata satışa çıxarılması normaldır, sotu təxminən 180 min manat civarında edir. Nəzərə alın ki, satış zamanı qiymətdə enmə də mümkündür".

"Diqlas" TM-in yandıqdan sonra uzun müddətdir istifadəsiz qalması və zibilliyə çevrilməsinə gəlincə, ekspertin fikrincə, bu məsələyə dövlətin reaksiyası lazımdır:

"Əhalinin gur olduğu məkanlarda bu cür zibillik yuvasına çevrilən yerlərin olmasına rəsmi qurumların reaksiyası və sahibkara hər hansı tələblər qoyması mütləqdir. Yəni sahibkardan ya tikilini bərpa etmək, ya satmaq, ya da ən azı hasarlanması və təmiz saxlanılmasını tələb etmək mümkündür. Diqqət edirsinizsə, "Diqlas"ın ərazisi də daxil olmaqla, şəhərin bir çox yerindəki bu cür istifadəsiz qalan və zibilliyə çevrilən torpaqların son vaxtlar hasarlanması və təmizlənməsini müşahidə edirik. Yəqin ki, bu, COP29-a hazırlıqla bağlıdır və müsbət tendensiyadır. Amma hasarlamaların eyni rəngdə və eyni materiallarla olması bu prosesin dövlət büdcəsi hesabına aparıldığı təəssüratını yaradır. Əgər bu təmizləmə və hasarlamalar dövlət büdcəsi hesabınadırsa, hesab edirəm ki, bu, büdcə vəsaitlərindən səmərəsiz istifadədir. Əksinə, yerin sahiblərinə tələb qoyulmalı və ərazinin təmiz, şəhərin gözəlliyinə xələl gətirmədən saxlanılması təmin edilməlidir".

O ki qaldı "Diqlas"ın ərazisinin satılacağı halda onun yerində nə tikilə biləcəyinə, Ramin Osmanlının fikrincə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi orada hər hansı iri ticarət mərkəzinin tikilməsinə imkan verməməlidir:

"Ümumiyyətlə, mövcud vəziyyət göstərir ki, ənənəvi yanaşmadan imtina etmək vacibdir və yol kənarlarında, piyada səkiləri və yol çiyinlərində ticarət mərkəzi, avtoxidmət və yaxud digər iaşə xidmətlərinin tikilməsinə yol vermək şəhərə xəyanət etməkdir. Çünki yolun düz kənarında tikilən bu obyektlər sıxlığa və ciddi tıxaclara səbəb olur. Bu yanaşmalardan birdəfəlik imtina etmək lazımdır və "Diqlas"ın ərazisi də daxil olmaqla, gələcəkdə bu cür yerlərin layihələndirilməsində bu faktların nəzərə alınması vacibdir. Bakı yollarının daralmasına, sıxlığa səbəb olacaq yolkənarı obyektlərlə bağlı ciddi ölçü götürülməsə, hazırkı vəziyyət daha dözülməz olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm