Bu işi törədənlər yüksək məbləğdə cərimələnəcək
Bizi izləyin

Sosial

Bu işi törədənlər yüksək məbləğdə cərimələnəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən ilin sonunda “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlara edilən dəyişiklikləri təsdiqləyib.

Sözügedən dəyişikliklər ölkə ərazisində mövcud yaşıllıqların mühafizəsi və onun məhvinə yönələn hərəkətlərin daha sərt şəkildə cəzalandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb.

Publika.az xəbər verir ki, ETSN-in Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova bununla bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb.

- Yaşıllıqlara zərər verilməsi, ağac kəsilməsi müvafiq cəzalarla cəzalandırılır, ictimaiyyətin sərt reaksiyası ilə qarşılanır, amma yenə də belə faktlara rast gəlinir. Bu səbəbdənmi qanunvericilikdə cəzaların daha da sərtləşdirilməsinə zərurət yarandı?

- Bəli, təəssüf ki, yaşıllıqlara zərər verilməsi faktları var, bu və digər amillər, o cümlədən yaşıllıqların qorunması və mühafizəsinin daha da gücləndirilməsi qanunvericilikdə yeni dəyişikliklərə əsas yaradır.

Yaşıllıqların qanunsuz götürülməsi (kəsilməsi) ilə bağlı mövcud qanunvericilikdə hüquq normalarının effektiv tətbiqi mexanizminin müəyyən edilməsi məqsədilə yeni qanunvericilik aktları qəbul olunub.

- Yeni dəyişikliklər nələri ehtiva edir, əvvəlkindən fərqi nədir?

- İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsinin əvvəlki redaksiyasına görə, ağac kəsilməsində hesablanan ziyanlar 1000 manatı keçdiyindən materiallar hüquq-mühafizə orqanlarına göndərilirdi və əməl böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilirdi.

Yeni dəyişiklikdə əməlin cinayət tərkibi yaratması üçün dəymiş ziyanın məbləği 5 000 manat müəyyən olunub və təqsirkar şəxslərin yüksək məbləğdə inzibati cərimə edilməsi mexanizminin tətbiqi mümkün olacaq.

Həmçinin qanunvericiliyin ədalətlilik prinsipi baxımından Cinayət Məcəlləsinin 259-cu maddəsinin sanksiyasında olan cərimə cəzaları dəyişikliyə əsasən manatla deyil, yaşıllıqların məhvinə görə təbiətə dəymiş ziyanın iki-dörd misli miqdarında müəyyənləşdirilərək tətbiq ediləcək.

Buna uyğun olaraq yeni dəyişikliklərə görə 5 000-20 000 manatadək hesablanan məbləğ xeyli miqdar sayılır və xeyli miqdarda ağac kəsməyə görə cinayət əməlinin kateqoriyası ağırlaşdırılaraq az ağır cinayət hesab olunacaq. Hazırkı redaksiyada 20 000-50 000 manatadək külli miqdar, yeni təsbit edilən xüsusilə külli miqdar anlayışı isə 50 000 manatdan yuxarı məbləği əhatə edir.

- Məlumata görə, yeni dəyişikliklərdə ağac kəsənlərə, hətta azadlıqdan məhrumetmə cəzası da verilə bilər.

- Bəli, vətəndaşlar bilsinlər ki, dəyişikliklərdən biri odur ki, qanunsuz ağac kəsmə xüsusilə külli miqdarda ziyan vurmaqla (50 000 manatdan yuxarı) törədildikdə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulur.

Xüsusilə külli miqdarda ağac kəsilməsinə görə 259-cu maddəyə yeni bənd əlavə olunub və həmin cinayət ağır cinayət kateqoriyasına aid edilib ki, bu zaman şəxslərin dəymiş ziyanı ödəməsi onların məsuliyyətdən azad edilməsi deyil, yalnız məsuliyyətini yüngülləşdirən hal hesab olunacaq. Təqsirkarlar birmənalı olaraq məhkəmə qarşısında cavab verəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm