"Plastik cərrah" məşhur aktrisanın bədəninə infeksiya saldı: "Həyatımı alt-üst edib"
Bizi izləyin

Sosial

"Plastik cərrah" məşhur aktrisanın bədəninə infeksiya saldı: "Həyatımı alt-üst edib"

"Özünü həkim kimi təqdim edən Ülviyyə İlyasova həyatımı alt-üst edib".

Publik.az xəbər verir ki, bu barədə aktrisa Mila Sabir qızı Əlibəyova (Bekova) Oxu.Az-a danışıb.

O bildirib ki, Ülviyyə İlyasova lisenziyası olmadan fəaliyyət göstərməsinə baxmayaraq, özünü təqsirli bilmir:

"Mənə "get nə edirsən, et" deyir. Qətiyyən qəbahətinə görə özünü təqsirli bilmir".

Aktrisa bildirib ki, 2024-cü il fevralın 15-də sözügedən həkim liposaksiya əməliyyatı icra edib, bundan sonra orqanizminə infeksiya keçib:

"Hazırda əməliyyatın fəsadları davam edir. İmmunitet infeksiyanı aradan qaldıra bilmir. Son əməliyyatımı başqa həkim etdi. Sağ olsun, o, bacardığını edir, lakin proses uzun olduğu üçün hələ də səhhətimdə problem qalmaqdadır. Köməyini məndən əsirgəmir, profilaktik proseslər davam edir".

Mila Əlibəyova həmçinin əlavə edib ki, oktyabrın 1-i yenidən məhkəmə prosesi olacaq:

"İkinci dəfə Ülviyyə İlyasovaya cinayət işi açılıb. Təsəvvür edirsiniz, ikincisi də eyni maddə ilə?!".

Aygün Mirakif

xxx

Ülviyyə Hüseynağa qızı İlyasovanın qanunsuz tibbi fəaliyyət göstərməsi nəticəsində tanınmış aktrisa Mila Sabir qızı Əlibəyovanın (Bekova) səhhətinə zərər vurulması ilə bağlı vətəndaşın müraciəti üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılaraq cinayət işi başlanıb.

Publik.az xəbər verir ki, bu barədə Yasamal Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaqla Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz "liposaksiya-piysovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilmədiyindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, daha əvvəl Ülviyyə Hüseynağa qızı İlyasova eltisini mətbəxdə əməliyyat edib ölümünə səbəb olduğu üçün üç il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə üç il iki ay müddətinə azadlıqdan məhrum edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm