Sosial
"Böyükfırat" restoranı ilə bağlı iddia: İşçiyə qarşı haqsızlıq edilib?
Bakıda fəaliyyət göstərən "Böyükfırat" restoranlar şəbəkəsi ilə bağlı Publika.az-a şikayət daxil olub. Belə ki, haqsız yerə işdən çıxarıldığını iddia edən Ülvi Ağayev müraciətində əmək kitabçasına ağır maddə yazıldığını da bildirib:
“Mən 2011-ci ilin fevral ayında Xəqani Ticarət Mərkəzində yerləşən "Böyükfırat" restoranında işə başlamışam. Həmin restoran Türkiyə vətəndaşı Hüseyn Böyükfıratın adına qeydiyyatda idi. O, "Böyükfırat" restoranlar şəbəkəsinin sahibidir. Orada mənə sosial sığorta kartı verdilər.
2013-cü ildə “Elmlər Akademiyası” metrostansiyasının çıxışında yerləşən filiala keçirildim. Lakin həmin restoranda məni rəsmi qeydiyyata almadılar. Səbəb kimi bildirdilər ki, personal çoxdur və yalnız 5-6 nəfəri qeydiyyata ala biliblər. Amma təklif etdilər ki, istəsəm sosial haqqı özüm ödəyib rəsmi qeydiyyatda dura bilərəm. Ayda 90 manat, günlük 3 manat olmaqla ödəməyə razılaşdım.
Həmin filial Hüseyn Böyükfıratın deyil, Əliyev Fəxrəddinin adına qeydiyyatda idi. 2017-ci ildə isə H.Böyükfıratın bacısı oğlu olan və restorana nəzarət edən Kəklik Emin Mehmed oğlunun adına qeydiyyata keçirildi. Elə həmin ildən də məni rəsmi qeydiyyata götürdülər.
2021-ci il noyabrın 5-də məni haqsız yerə işdən azad etdilər. Bu azmış kimi, əmək kitabçama əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini əlavə etdilər. Bundan başqa, işdən çıxarkən istifadə olunmamış məzuniyyət pulumu vermədilər. Həmçinin 2013-cü ildən sosial haqq kimi ödədiyim 8640 manatı da geri qaytarmalı idilər, lakin ödənilmədi. Əlavə olaraq, pandemiya dövründə dövlət tərəfindən ayrılan 250 manatlıq yardımın əvəzinə mənə cəmi 130 manat verirdilər”.
Ülvi Ağayev işdən azad olunduqdan sonra məhkəməyə müraciət etdiyini də qeyd etdi:
“Məni haqsız yerə işdən azad etdikdən sonra Dövlət Əmək Müfəttişliyinə şikayət etdim. Əmək Müfəttişliyi işi Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərdi. Orada mənim xeyrimə qərar verildi və Kəklik Emin Mehmed oğlu 1700 manat cərimə olundu.
Məhkəməyə də müraciət etdim. Məhkəmə başladıqdan 3 ay sonra gəlib barışıq təklif etdilər, lakin razılaşmadım. Apellyasiya şikayəti verdim, lakin oradan məhkəməni uduzduğumu və mənə heç nə ödənilməyəcəyini bildirdilər.
Onlar mənə istifadə olunmamış məzuniyyət haqqını və 3 aylıq təzminatı ödəməli idilər. Əlavə olaraq, əmək kitabçama əsassız yerə 70 “ç” maddəsini yazdıqlarına görə 14500 manat təzminat ödəməlidirlər”.
Zərərçəkmiş işə baxan hakimdən də narazı olduğunu vurğuladı:
“Məhkəmə Nizami Rayon Məhkəməsində hakim Qumru Əliyevanın sədrliyi ilə keçirilib. Q.Əliyeva iddia ərizəsinin mahiyyəti üzrə düzgün verilmədiyini əsas gətirərək şikayətimi əsassız saydı. Həlledici məhkəmədən əvvəl bütün aidiyyəti qurumlara şikayət etmişdim və hamısı şikayətimi haqlı görmüşdü. Məhkəməyə qədər 4 dövlət qurumu şikayətimi təsdiqlədiyi halda, hakim işin mahiyyəti üzrə verilmədiyini bəhanə edir”.
Məsələyə aydınlıq gətirmək üçün qarşı tərəfin mövqeyini öyrəndik. “Böyükfırat” restoranlar şəbəkəsinin rəhbəri Hüseyn Böyükfıratın oğlu Məhəmmədəli Böyükfırat Publika.az-a açıqlamasında bildirdi ki, Ülvi Ağayevin işdən azad edilməsinə səbəb restoranda baş verən insident olub:
“Hadisə 2021-ci ildə baş verib və məsələ məhkəmə müstəvisinə çıxıb. Məhkəmənin nəticəsində restoran tərəfi qalib gəlib.
Ülvi Ağayevin də işinə xitam verilməsinin əsas səbəbi restoranda müştəri qismində əyləşən hərbçi ilə əlbəyaxa olması olub. Bizim dəyərlərimizə görə, Azərbaycan və Türkiyə hərbçilərinə qarşı belə davranış qəbuledilməzdir. Hərbçiyə əl qaldıran şəxsin bu cür hərəkəti ciddi qiymətləndirilməlidir. O, hərbçiyə qarşı kobud davranıb və fiziki müdaxiləyə yol verib. Məhz buna görə həmin əməkdaşın əmək müqaviləsinə xitam verilib”.
Müəllif: Gülnar Süleymanova
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu
-
İdman06:46Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - FOTO/VİDEO
-
Magazin106:16Xalq artisti 40 il əvvəl İsa bulağında
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO


































