Azərbaycanın qonşuluğunda daha bir İNQİLAB? – İrəvandakı dalğa Tiflisə keçir
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycanın qonşuluğunda daha bir İNQİLAB? – İrəvandakı dalğa Tiflisə keçir

Bu gün Tiflisin mərkəzində parlament binası qarşısinda daha genişmiqyaslı mitinqin keçirilməsi planlaşdırılır.

Publika.az “newsgeorgia.ge” saytına istinadən xəbər verir ki, Xorava küçəsində qətlə yetirilən gəncin atasının, Zaza Saralidzenin təşkilatçılığı və #ნუმომკლავ (öldürmə) şüarı ilə keçiriləcək mitinq saat 16:00-a təyin edilib.

Bir gün əvvəl aksiyanın təşkilatçıları parlament binası qarşısında “öldürmə” çadırını qurublar. Zaza Saralidze və onun onlarla tərəfdarı bütün gecə boyu orada qalıblar.

“Biz yağışdan qorunmaq üçün çadırları qurduq. Zaza və onun tərəfdarları buradan getməyəcəklər. Gürcüstanın bütün regionlarından insanlar gələcək və saat 16.00-da genişmiqyaslı aksiya başlanacaq”, - aksiyanın təşkilatçıları bildiriblər.

Qeyd edək ki, mayın 31-də parlament binası qarşısında bir neçə min insan toplaşmışdı. Mitinqdə müxtəlif siyasi partiyalar, qeyri-hökumət təşkilatları, idmançılar və məktəblilər iştirak edirdilər. İdmançıların bir çoxu bugünkü aksiyada iştirak etməkdən imtina ediblər. İdmançıların sözlərinə görə, onlar həlak olmuş yeniyetmənin atası ilə həmrəyliyi ifadə etmək istəyirlər, ancaq nümayişçilərin siyasi tələbləri onlar üçün qəbuledilməzdir.

Xatırladaq, Zaza Saralidze 2017-ci il dekabrın 1-də Tiflisdə iki yeniyetmənin amansız qətli haqqında iş üzrə məhkəmə iclasından sonra aksiyalara başlayıb. Tiflis şəhər məhkəməsi prokurorluğun xahişini təmin etməyib və müqəssirlərdən heç biri 16 yaşlı David Saralidzenin qətlində günahkar tanınmayıb. Məhkəmənin qərarı Zaza Saralidzeni şoka salıb. O bildirib ki, prokurorluq cinayət işinin bəzi fiqurantlarını gizlədir.

Aksiyalar daha əvvəl Baş prokurorluğun qarşısında keçirlib. Etirazçıların tələbinə əsasən, baş prokuror İrakli Şotadze istefa verib. Ancaq bu, etirazçıları qane etməyib. Aksiyaların yerini Baş prokurorluqdan parlament binasına dəyişən nümayişçilər yeni tələb irəli sürüblər: Gürcüstan hökumətinin istefası.

Dünənki mitinqə Gürcüstanın baş naziri Georqi Kvirikaşvili gəlsə də, aksiyaçılar onun çıxışına imkan verməyiblər. Daha sonra Kvirikaşvili brifinqdə bildirib ki, istefa verməyə hazırlaşmır. Bununla belə, o, söz verib ki, iki yeniyetmənin qətli haqqında iş araşdırmaya qaytarılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm