Tünzalə: “Oyananda gördüm, çarpayımın üstü qoyun-quzularla dolub” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tünzalə: “Oyananda gördüm, çarpayımın üstü qoyun-quzularla dolub” – FOTOLAR

Media nümayəndələrini və sənət dostlarını paytaxtın ən prestijli məkanlarından birinə topladı. Oxudu, oynadı, necə deyərlər, qonaqlarına gözəl bir musiqi gecəsi yaşatdı.

Publika.az-ın da dəvətli olduğu doğum günü məclisində əməkdar artist Tünzalə Ağayeva 38 yaşının dadını bax belə çıxardı.

Səbəbkar sevənlərinə həm mini-konsert verdi, həm də “Gözləyirəm” mahnısına çəkilən klipinin təqdimatını keçirdi.

Tünzalə konsertdən öncə hər kəsi salamladı və keçdiyi yaradıcılıq yoluna nəzər saldı:

“İlk öncə hamınızı salamlayıram. Məhz bu gün “Bakı payızı” müsabiqəsində qalib olmuşdum. Sizlər məni Tovuzlu Tünzalə kimi təqdim etdiniz. Başıçalmalı səhnəyə çıxdım. Heç vaxt bundan utanmadım. Mən elə Tovuzdan gələn Tünzaləyəm. 38 yaşım tamam oldu. Yaşımı gizlətməyi sevmirəm. Yaş artdıqca qadının təcrübəsi artır. Bu gün həm də “Gözləyirəm” mahnısına çəkdiyimiz klipi təqdim edirəm. Sözləri Qənirə Paşayevaya, musiqisi mənə məxsusdur. İnanıram ki, bu klipim də seviləcək".

Tünzalə onu məşhur edən hitlərini səsləndirdi. Özü də təkcə yox - hər kəsi özü ilə birgə oxumağa dəvət etdi. Təbii ki, qarşı tərəf də onun səsinə səs verdi və Tünzalə qədər mükəmməl oxumasalar da, onunla duet ortağı olmağa həvəslə razılaşdılar.

Daha sonra əməkdar artist media üçün maraqlı açıqlamalar verdi. Sənətçi qızından, Bodrumda birgə keçirdikləri günlərdən, övladının ona aldığı hədiyyələrdən danışdı:

“Ümumiyyətlə, hər zaman texnologiyaya meylim olub. Kameranı götürdüm, səfərlərim zamanı çəkilişlər apardım. Səfərim yay tətilinə təsadüf etdiyindən, qızım Fidanla günün birinci yarısını çəkilişlərə həsr edirdik. Hətta Fidan bəzən şikayət də edirdi. Bir gün səhər saat 6-da dəniz kənarına getdik, ikinci gün güllü bağçaları ziyarət etdik. Bütün bunlar Bodrumda oldu. Çəkilişlərin bir qismini isə İçərişəhərdə, Bakının müxtəlif yerlərində aparmışıq. Heç bir rejissor olmadan çəkilişlər etdik, operatorlar isə mənim yaxınlarım, ailə üzvlərim, dostlarım idi. Ən sonda bütün materialları dostum Ülviyyə Könül montaj edib, klip halına gətirdi. Dedi, bu da mənim sənə hədiyyəm olacaq. Klipin rəng effektlərini Nəriman işlədi. Bir sözlə, bütün peşəkarlar bu klipdə dəsti-xətlərini qoydular. Hər kəsin burada payı oldu”.

Sənətçi bildirdi ki, artıq yeni mahnısı radio dalğalarında səslənir: ““Təbəssüm” klipi artıq “YouTube” şəbəkəsində yerləşdirilib. Fotolardan ibarət slayd-şou hazırlanıb. Mən hər mahnıya klip çəkdirə, onun üçün səfər edə bilmərəm. Tez-tez fotosessiyalarımız olur, musiqiləri təqdim etmək üçün onlardan istifadə edirik. Mənə hər zaman aranjimanla bağlı suallar verilir. Fərqli səsləndiyinə görə çoxları bunun səbəbini öyrənməyə çalışırlar. Emin Kəriminin işi bitəndən sonra bu mahnılar ya İngiltərəyə, ya da Hollandiyaya göndərilir. Orda masterinq edilir və geri göndərilir. Ona görə mahnılarım digərlərindən fərqlənir. Radiolara vermişik, düşünürəm ki, tamaşaçıların da xoşuna gələcək”.

Tünzalə onu da bildirdi ki, doğum gününü ailəsi ilə qeyd edib: “Qardaşlarımın İsmayıl və Arif adında oğlanları var. Bizə gəldilər, onlarla oynadım, vaxt keçirdim. Qızım mənə böyük gül buketi, şarlar hədiyyə etdi. Mənim dünyada ən sevdiyim heyvan qoyun-quzudur. Qızım da onun çoxlu kuklalarını alıb mənə hədiyyə etdi. Səhər yuxudan oyananda gördüm ki, çarpayımın üstü qoyun-quzularla dolub. Doğum günümdə tanıdığım, tanımadığım çox insanlardan təbriklər, çiçəklər aldım. Gecə 12-nin yarısından artıq təbriklər gəlməyə başladı. Məni təbrik edənlərə bir-bir təşəkkür edə bilmədim, əvəzində “Instagram” səhifəmdə bir video paylaşdım. Qurumlardan, hətta otellərdən mənə çiçək göndərirdilər. Doğum günümə insanlar çox həssaslıq nümayiş etdirdilər”.

Cəvahir Səlimqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm