Tabloid.az
Zümrüd Məmmədova: “Necə deyə bilərəm ki, yetişdirdiyim tələbəyə qız verməyin, yaxud o qızı almayın?” - FOTO
Xalq artisti Zümrüd Məmmədova xeyli vaxtdır mətbuata müsahibə vermir. Heç efirlərdə də tez-tez göründüyünü demək olmaz. Sənətkarla Dövlət Musiqili Teatrında tamaşadan sonra görüşüb söhbətləşdik. Məlum oldu ki, efirlərdə mütəmadi görünməsə də, yetərincə işlər görür. Beləliklə, Publika.az xalq artisti Zümrüd Məmmədova ilə müsahibəni təqdim edir.
- Zümrüd xanım, yaradıcılıqda nə var, nə yox?
- Neçə vaxtdır Müdafiə Nazirliyinin xətti ilə Şəmkirdə, Beyləqanda, Biləsuvarda konsertlər veririk.
- Deməli, öz yaradıcılığınız qalıb bir kənarda...
- Elə mənim yaradıcılığım budur. Müdafiə Nazirliyinin əlahiddə Nümunəvi Hərbi Nəfəsli Alətlər Orkestrinin solistiyəm.
- Hərbi rütbəniz də var...
- Bəli, gizirəm. Eyni zamanda, pedaqoji fəaliyyətlə məşğul oluram, Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasında, İncəsənət Gimnaziyasında dərs deyirəm. Konsertlərə, çəkilişlərə gedirəm.
- Hərdən düşünürsünüzmü ki, hərbi orkestrdə çalışmasam, daha çox mahnılar yazdırar, yaradıcılıqla məşğul olardım?
- Yenə də yazdırıram. Fəxr edirəm ki, vətənim qarşısında hərbi xidmətlərim var. Bu, sözün əsl mənasında xidmətdir. Vətənimizin pis günündə də, yaxşı günündə də əsgərəm. Torpaqlarımız azad olunana qədər.
- Zümrüd xanım, gənc ifaçıları dinləyirsiniz?
- Bəli, yaxşı oxuyanlar çoxdur.
- Kimlərdir onlar?
- Birinin adını çəkərəm, o birilər inciyər. “Yeni ulduz” mahnı müsabiqəsindən, muğam müsabiqəsindən çıxan gözəl istedad sahibləri var. Yeri gəlmişkən, fürsətdən istifadə edib Mehriban xanım Əliyevaya muğama göstərdiyi diqqət və qayğıya görə təşəkkürümü bildirirəm. Nə yaxşı ki, vaxtında muğamlarımıza, muğam ifaçılarımıza dayaq durdu.
- Muğam müsabiqəsini mütəmadi izləyirsiniz?
- Bəli, həmişə baxıram. Münsiflər heyətində də dəyərli sənətkarlarımız var.
- Yeni mahnılarınız varmı?
- Çoxdur.
- Hazırda hansı bəstəkarlarla işləyirsiniz?
- İndi Nəriman Məmmədovla silsilə mahnılar yazdırıram. Oqtay Rəcəbovla da bir neçə mahnılar üzərində işləyirik. Qızım İlahə İsrafilova Arif Məlikovun tələbəsidir. Arif Məlikovun “Məhəbbət əfsanəsi” Moskvada, “Bolşoy teatr”da nümayiş olunurdu, tələbələrindən yalnız İlahəni özüylə aparmışdı.
- Qızınız musiqi təhsilini sizdən alıb?
- Xeyr.
- Maraqlıdır, niyə?
- Çünki uşaq təhsili valideyndən alanda dərsə laqeyd yanaşır. Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano, muğam və bəstəkarlıq şöbələrinin bitirib, Qəzənfər Abbasovun tələbəsidir. Milli Konservatoriyanın isə iki fakültəsinə - bəstəkarlığa və fortepiano bölməsinə sənəd verdi və hər ikisinə qəbul olundu. Oranı qırmızı diplomla bitirdi. Bu il isə magistraturaya bir pulsuz yer var idi ki, ona da İlahə qəbul olundu. Xaricə getmək istəyirdi, icazə vermədim.
- İlahə sizin yeganə övladınızdır?
- Bəli, yeganə övladımdır. İlahə beş il Arif Məlikovun tələbəsi olub, bircə dəfə də deməyib ki, Zümrüdün qızıyam. Deyir, istəyirəm mənim istedadıma qiymət versinlər. SOCAR-ın himni yazılmalıydı. Dörd yüz əsər təqdim olunmuşdu, İlahənin əsəri seçildi. Sonra həmin himni xalq artisti Samir Cəfərzadə ifa etdi.
- Son günlər sənət adamları arasında çox maraqlı bir məsələ müzakirə olunur. Bəziləri düşünürlər ki, müğənni oğlana qız vermək, müğənni qızı oğluna almaq olmaz. Bunun əksini deyənlər də var. Ümumiyyətlə, belə müzakirələr doğrudurmu?
- Ən əsası insan olsun, peşənin fərqi yoxdur. Mən xanəndəlikdən başqa, həm də pedaqoqam, uşaqlar yetişdirirəm. Mən necə deyə bilərəm ki, yetişdirdiyim tələbəyə qız verməyin, yaxud o qızı almayın? Bəs onda mən necə müəlliməm? Elə tələbələr yetişdiririk ki, gələcəkdə övladlarına yaxşı ata, ana olsunlar. Mənim tələbələrimdən biri siqaret çəkəndə başa salıram ki, səsinə ziyandır. Yaxud da qızlardan kimsə açıq-saçıq geyinəndə başa salıram ki. Sən şou-biznesə getməyəcəksən, xalq ifaçısı olacaqsan.
- Yeri gəlmişkən, bir məsələyə də münasibətinizi bilmək maraqlı olardı. Bəzi xalq ifaçılarının geyimləri ilə oxuduqları uyğun gəlmir. Deyirlər ki, tamaşaçı üçün onların ifaları maraqlı olmalıdır, geyimləri yox. Sizcə, bu, doğru yanaşmadırmı?
- Təbii ki, düzgün deyil. Sizə bir misal çəkim. Aşıqlarımızın öz geyimi, üslubu var və dədə-babadan onları elə görmüşük. Bu, bizim canımızdan, qanımızdan gələn sənətdir. Təsəvvür edin ki, bir aşıq idman geyimində sazı qoltuğuna vurub çalır. Olmaz da. Bizim xalq ifaçıları əllərinə dəf alıb oxuyurlarsa, oxu üslublarına uyğun da geyinməlidirlər.
- Çoxları və eləcə də mən belə düşünürəm ki, sizin səhnə hərəkətləriniz əfsanəvi sənətkar Zeynəb Xanlarovanı xatırladır.
- Bunu hamı deyir. O, bizim səhnənin hakimidir, günəşidir. Mən Zeynəb xanıma minnətdaram ki, ona baxıb müğənnilik sənətinə gəlmişəm. Uşaqlıqdan ona baxmışam, sevmişəm və sənətə gəlmişəm, ondan bəhrələnmişəm. Hətta evimizin kandarını özümə səhnə eləmişdim. Evimizə qonaq gələndə deyirdim ki, sizə konsert verəcəyəm. Həm aparıcılıq edirdim, həm də müğənnilik. Deyirdim ki, oxuyur Zeynəb Xanlarova. Çıxıb onu yamsılayırdım.
- Səsiniz də oxşayır...
- Yəqin ki, ifa tərzindən çox bəhrələnmişəm. Amma bu, yamsılamaq deyil, bəhrələnməkdi. Elə bil ki, məndə Zeynəb xanımın geni var. Bizim Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Tükəzban İsmayılova kimi korifey sənətkarlarımız olub. Zeynəb xanım isə bizim canlı ensiklopediyamızdır, korifeydir. Əlbəttə, bəhrələnmişik, bəhrələnirik və bəhrələnəcəyik. Sadaladığım dəryalardan bir damla götürə bilmişəmsə, özümü çox xoşbəxt hiss edirəm.
İntiqam VALEHOĞLU
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı