Tabloid.az
Xəlil Rza Ulutürkün seçilmiş əsərləri təqdim olundu – FOTO
Dünən görkəmli Azərbaycan şairi, alovlu istiqlal carçısı Xəlil Rza Ulutürkün “Dünənəm! Bugünəm! Gələcəyəm mən!” adlı seçilmiş əsərlər toplusunun təqdimatı olub.
Bu kitab “XalqBankın” “Xalq Əmanəti” layihəsinin on birinci nəşridir. Topluda xalq şairinin müxtəlif illərdə qələmə aldığı seçilmiş əsərləri və ədəbi tərcümələri yer alıb.
Dünən keçirilən tədbirdə iştirakçıları ilk əvvəl Xəlil Rzanın səsi “salamladı”, başqa sözlə desək, mərasim şairin şeirinə çəkilmiş videoçarxla başladı.
Daha sonra tədbiri açıq elan edən millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Cəfərov dövlətimizin mədəniyyət siyasətindən danışdı və bildirdi ki, maddi imkanları mənəvi dəyərlərə çevirmək elə bu siyasətin tərkib hissədir. X.R.Ulutürkü Azərbaycan ədəbiyyatının günəşi adlandıran natiq bildirdi ki, şair öz azadlıq carçısı missiyasını sonadək çiyinlərində daşıyıb, hətta bu yolda zindana da düşüb.
Kitabın giriş sözünün müəllifi tanınmış ədəbiyyatşünas, filologiya elmləri doktoru Teymur Kərimli şairi “millətin dostu” adlandırdı, qeyd etdi ki, şair həm də Azərbaycan üçün böyük işlər görmüş ictimai xadimdir: “Xəlil, doğrudan da, dost idi, millətinin dostu, həmkarlarının dostu, həməsrlərinin dostu idi... Düşmən isə onun misralarının odu-alovu qarşısında dayana bilməzdi... Nə qədər ki, Azərbaycana ikili standartlar tətbiq olunur, dövlətimizin uğurlarına qısqanclıqla yanaşılır, nə qədər ki, ölkəmizə düşmən münasibətdə olanlar var, o müddətcə Xəlil Rza yaradıcılığı aktuallığını qoruyub saxlayacaq”.
Xalq şairi Zəlimxan Yaqub da şairin şeirlərindən və onun dünya şeirindən etdiyi tərcümələrdən sitatlar gətirdi, X.R.Ulutürklə bağlı xatirələrini bölüşdü, onun yaradıcılığının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Xəlil Rza Azərbaycanda bütöv bir qəhrəmanlar nəsli yetişdirib.
Kitabın tərtibçisi ədəbiyyatşünas Yusif Günaydın toplunun tərtibat prinsiplərindən danışdı. Xəlil Rza irsinin tədqiqatçısı Əlizadə Əsgərli və tanınmış şair Vahid Əziz isə şairin yaradıcılığındakı mühüm məqamlara toxundular.
Sonda çıxış edən şairin ömür-gün yoldaşı, onun şeirlərinin araşdırmaçısı Firəngiz Ulutürk bu kitabın onun üçün önəmindən, Xəlil Rza irsinə dövlətin göstərdiyi qayğıdan bəhs etdi və layihə ilə bağlı təşəkkürlərini bildirdi.
Sonda qonaqlar şairin həyat və yaradıcılığına həsr olunan sərgiyə tamaşa etdilər.
Xatırladaq ki, əsası 2010-cu ildə qoyulan “Xalq Əmanəti” layihəsi çərçivəsində xalq rəssamları – Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin yer aldığı bədii albomlar nəşr olunub, və sənətkarların rəsmlərindən ibarət sərgilər təşkil edilib. Xalq şairləri Məmməd Arazın, Hüseyn Arifin və böyük nəğməkarımız Mikayıl Müşfiqin seçilmiş əsərləri, eləcə də görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı nəşr olunub.
Bu seriyadan olan kitablar hədiyyəlikdir və ölkənin ali, orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Rəbiqə
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Sosial8 Oktyabr 23:48
Azərbaycanda yüksək vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
-
ABŞ8 Oktyabr 22:50
Polisi evə gətirən "yaxşı qız" 84 yaşlı sahibinin həyatını XİLAS ETDİ
-
Hadisə8 Oktyabr 22:12
Bakıda xəstəxana yaxınlığında baş verən yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin18 Oktyabr 21:36
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
-
Yaxın Şərq8 Oktyabr 21:24
Netanyahu Nəsrullahın iki varisinin məhv edildiyini ELAN ETDİ
-
Magazin18 Oktyabr 21:00
Zümrüd ayda bu qədər QAZANIR
-
Hadisə8 Oktyabr 20:24
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR