Başına 400 min qoyulan azərbaycanlı aktyor - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Başına 400 min qoyulan azərbaycanlı aktyor - FOTOLAR

“Şeytandır, iblisdir, axır ki, Mixaylonun özüdür…” Çəkildiyi “Uzaq sahillərdə” filmi ilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni Azərbaycan və dünya ictimaiyyətinə daha yaxından tanıdan aktyor Nodar Şaşıqoğlunun bu gün doğum günüdür.

Bəli, filmdə yaratdığı qəhrəmanın başına alman faşistləri 400 min italyan lirəsi qoymuşdular. Elə Azərbaycan kinosunda və səhnəsində oynadığı obrazların da qiyməti yox idi. Çünki Şaşıqoğlu çox bahalı aktyor idi. 1927-ci ildə Batumidə dünyaya göz açsa da, ömrünün əsas hissəsi Azərbaycanda keçib.

Publika.az-ın məlumatına görə, onu kinoda kəşf edən görkəmli rejissor Tofiq Tağızadə olub. Əvvəlcə “Uzaq sahillərdə” filmində rol alan aktyor daha sonra “Əsl dost”, “Mateo Falkone”, “Onun böyük ürəyi”, “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız” filmlərinə çəkilib.

Deyilənə görə, “Uzaq sahillərdə” filminin "Nizami" kinoteatrında premyerası zamanı iynə atsaydın, yerə düşməzmiş. "Vətən" kinoteatrında isə bilet növbəsinə düzülənlər o qədər çox imiş ki, növbənin bir ucu “Azneft” meydanına qədər gedib çıxıbmış.

Daha sonra film Daşkənddə festivalda nümayiş olunub. Filmin nümayişindən sonra insanlar aktyorun üstünə necə axışıbsa, onu avtomobildə gizlətmək məcburiyyətində qalıblar. Hətta sakitləşməyən izdiham maşını qaldıraraq aparıb.

Şaşıqoğlu səhnəmizdə də möhtəşəm obrazlar yaradıb. Həyatının bir hissəsini Rusiyada keçirən aktyor səhnə fəaliyyətini məşhur Taqanka Teatrında davam etdirib. Rusiyada çəkildiyi filmlər və yaratdığı obrazlara görə Rusiyanın xalq artisti adına layiq görülüb.

Aktyor ömrünün 87-ci baharında dünyasını dəyişib, amma rolları ilə ikinci ömrünün başlanğıcını yaşayır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm