Turana Hüseynli: “Qısqananda çox dözülməz oluram” - Fotolar
Bizi izləyin

Tabloid.az

Turana Hüseynli: “Qısqananda çox dözülməz oluram” - Fotolar

Turana Hüseynli: “Qısqananda çox dözülməz oluram” - Fotolar

Sözün energetikasına və gücünə inanan insanam. Kiminləsə ünsiyyətdə olanda dediyim hər sözə fikir verməyə çalışıram. Söz xəzinəmi boş yerə xərcləməyi sevmirəm. Ən gözəl kəlmələri yaxınlarım və doğmalarım üçün gizlədirəm. Yad insanlarla səmimi olmaq üçün onları yaxında tanımalı, xasiyyətinə bələd olmalıyam. İşim isə insanlarla daha tez ünsiyyətə girməyi, onlarla mehriban davranmağı tələb edir. Buna görə də müsahibə alanda müsahiblərlə söhbətdə mümkün qədər ehtiyatlı davranmağa çalışıram.

Amma bəzən elə insanlar olur ki, onları lap yaxından tanımasan belə, bildiyin ən xoş sözləri, ən gözəl cümlələri qurmaq istəyirsən. Hətta “can” deyə müraciət edə bilərsən. Adi bir xitab müsahibənin bütün gedişatını təyin edir. Bu zaman müsahibənin daha səmimi alındığını oxucu da hiss edir. Dolayısı ilə bir-birimizdən aldığımız pozitivliyi müsahibədə oxucuya ötürürük.

İnanıram ki, bu müsahibədə oxucular bizdən razı qalacaq. Tabloid.az-ın “Kokteyl” layihəsi çərçivəsində “MAG”-dan tanıdığımız televiziya və radio aparıcısı Turana Hüseynli qonağımız oldu. Payızın ən qızğın, ən gözəl çağında əyləncəli, bir qədər də romantik müsahibə yaratmağa çalışmışıq. Başlayaq...

"Od olmayan yerdə ancaq qulaqlardan və burundan əsəbdən tüstü çıxa bilər"

- Əgər sən lotereyada pul udsan, işləməyə yenə də davam edərsən?

- Bu haqda o qədər düşünmüşəm ki. Bəli davam edərdim, çünki mən indi çoxlu pul qazanmaq üçün nələrsə etmirəm. Ona görə işləyirəm ki, pul qazanıb istədiyim sahədə, istədiyim şeyləri edim, cəmiyətimizdə nələrisə dəyişməyə gücüm olsun. İşimi uğurlu qurandan və peşəkarlaşandan sonra istədiyim pulu qazanacağam. Onsuz da udulan pul da nə vaxtsa tükənəcək, düşünürəm ki, işə yatırım etmək daha məntiqlidi.

- İşdə və ya məktəb illərində korlamış olduğun bir tapşırıq haqqında danış.

- Korlanmış deməyim də, başqa cür planlayıb istədiyimi ala bilmədiyim məqamlar olub. Yaddaşım çox zəifdi və məktəb illərindən çətin nəsə yadımda qalıb, amma işdə tək veriliş hazırlamalıydım, hazırladım, amma istədiyim kimi alınmadığı üçün çox məyus oldum.

- Od olmayan yerdən tüstü çıxar?

- Od olmayan yerdə ancaq qulaqlardan və burundan əsəbdən tüstü çıxa bilər. Qalan hallarda od lazımdı məncə.

- Yad planetli ilə qarşılaşsan, nə edərsən?

- Əsas ilk ünsiyyəti qurmaqdır. Adı üstündə, yad planetdən gəlib, bilmək olmaz nə ola bilər. İlk əvvəl burnunu dartıb "ayy, necə şirinsən sən" deyərdim (olmasa idi belə) və qətiyyən düşünməyin ki, mən ilk ünsiyyət qurduğum bütün adamlarla belə edirəm. (Gülür) Biz yadplanetlidən danışırıq. Sonra adını, haradan gəldiyini, harada oxudugunu, neçə balla instituta daxil olduğunu filan soruşardım, standart suallar.

- İlk baxışdan vurula bilərsən?

- İlk baxışdan geyimə, çantaya, ayaqqabıya, hətta yeməyə vurulmuşam, amma bir adama vurulmamışam. (Gülürük)

Amma ilk baxışdan vurulmaq səhnəmi həmişə belə təsəvvür edirəm. Yolla gedirik, əlimdə kitablar və telefonum, toqquşuruq, “iphone”larımız yerə düşür, elə yerə əyiləndə lirik musiqi və "Bura ən yaxın Apple store haradadır, bilmirsiz?"

- Səhər gözünü açıb harada oyanmaq istərdin?

- Mən əvvəl öz şəhərimi tapmalıyam. Bunun üçün isə səyahət etməliyəm. Harda daha hüzurlu və sevgi dolu olacamsa, orda oyanmaq istərdim.

- Ən pis 3 xüsusiyyətin hansılardır?

- Çox yatmaq, bədxərclik, bir də çox yemək yemək. Əslində bu pis xüsusiyyət deyil, yeməkdən daha zövqlü nə var ki? Sadəcə kilo almağa görə, pis xüsusiyyət sayıram.

"Dünyanı sevgi xilas edəcək!"

- Gözəllik qurban tələb edirsə, o, dünyanı necə xilas edə bilər?

- O "qurban"lar təbii qaş, göz, yanaq, dodaq, saç olduğuna görə, dünyanı buruq saçlar xilas edəcək deməyəcəm. Məncə, dünyanı sevgi xilas edəcək! (Gülür)

- Neçə yaşından gözəlliyinin fərqinə vardın?

- Oy elə sual verirsiniz ki?! Düşünürəm ki, xarici görünüşlə bağlı hər şeyi təbii ki, bizə Allah bəxş edib. Gözəlliyi qoruyub saxlamaq və ya daha da gözəllik qatmaq isə bizim öz əlimizdədir. Bir də, burada hiss, düşüncə məsələsi rol oynayır. Sevgi ilə bəslənən ürək, saf niyyət və təmiz düşüncələr... Güzgüyə baxanda, özüm-özümün xoşuna gələndə, Allaha təşəkkür edirəm ancaq! Bir də dua edirəm ki, mənə verdiklərinə görə təkəbbürlük etmək hissindən məni qorusun.

- Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?

- Mənə görə, bunlardan əlavə də xüsusiyyətlərin olması şərtdir. Amma intellekstsiz nə gözəllik, nə də seksuallıq heç bir rol oynamazdı. İnsanın quruluşunu 3 hissəyə bölək, skelet, daxili organları və dəri qatı. Bu əsas 3 quruluşdan biri olmasa, insan bioloji olaraq əmələ gələ bilməz. O da həmçinin.

- Kişilərdə sevmədiyin 5 xüsusiyyət hansıdır?

- Kişilərdə sevmədiyim xüsusiyyətlər inanın o qədərdir ki, hamısını saya bilməyəcəm. Günümüzün bəlası “İnstagram”dan başlayım. “İnstagram”a müxtəlif formalarda şəkillər çəkib yerləşdirmək. Olur ki, adicə yolda, ya da hardasa gördüyün adam haqqında müsbət nəsə düşünürsən, sonra adamın “İnstagram” profili qarşına çıxır, fotoları adam haqqında fikirlərini darmadağın edir. (Gülür) Məsələn, dodağını büzüb "selfie" edir.

Məsələn, bir bəyin yerli-yersiz zarafat etməsi, ucadan gülməsi məni qıcıqlandırır. Yumor hissi olması mütləqdir, amma ciddiliyini qorumaq şərti ilə. Daha sonra ünsiyyət zamanı üstün xüsusiyyətlərini göstərməyə çalışması və s. Və ən çox dominant olduğunu düşünüb, həyatlarındakı xanımın azadlıqlarını məhdudlaşdırmalarını heç sevmirəm. Sevmirəm və qınayıram!

Ümumiyyətlə, mən çox xırdaçı və diqqətli adamam. Adi bir hərəkət də məni qıcıqlandıra bilər, şəxsin kimliyinə və əhvalıma bağlıdı.

- Risk, yoxsa yüz ölçüb bir biçmək?

- Risk bəlkə də ən az etdiyim şeylərdəndi. Əksər hallarda ölçüb-biçməsəm də, çox düşünürəm, beynimin içi qaşınana qədər.

- Tv, yoxsa radio?

- Mən TV layihə ilə bu sahəyə başlamışam və mənə həmişə çox doğma qalacaq. Radio isə başqa dünyadır. Hazırda hər ikisində də fəaliyyət göstərmirəm, nə televiziya, nə də radio. Amma yeni layihə üzərində işləyirik. Qısa zamanda təqdim edəcəyik. Düşünürəm, maraqlı olacaq.

- Layihə nə haqda olacaq, məlumat verə bilərsiniz?

- Müəllifi olduğum layihə "Əlfəcin" adlanır. Artıq 1 ilə yaxındır ki, ideya var, nəyi necə edəcəyimi düşündüm və nəhayət kimlərlə işləyəcəyimi müəyyən edib, layihəni hazırladım. Çox maraqlı, güclü, gənc komanda ilə işləyirik. Hamımız artıq yaxşı komanda və dostuq. Çox yaxında məni sosial şəbəkələrdə izləyənlər "Əlfəcin"in nə haqda olduğunu görə biləcəklər. Cəmiyyətimiz üçün yararlı, eyni zamanda, maraqlı layihə olacaq. Çox ümid edirəm. Bu haqda pozitiv düşünürük, ən azı çox enerji və vaxt sərf etmişik. Uğurlar bizə!

- Kişilər, yoxsa qadınlar daha yaxşı dost olur?

- Kişi və qadın deyə ayırım etməzdim. Mənə görə bu, sənin və dostluq etdiyin adamın kim və necə insan olmasına bağlı bir məsələdir. Qızla qızın dostluğu bir az çətindir. Qızlar daha çox pis xarakterlərini tez büruzə verirlər. Amma məsələn, heç bir oğlan qız dostunun donunun ona gözəl yaraşmasını qısqanmaz.

- Mən təəssüf edirəm ki... (tamamlayın)

- Vaxtı ikən tənbəllik edib, indi daha çox uğur qazanmağıma maneə olmuşam.

- Yuxularında ən çox kimi və nə görürsən?

- Bizim TV və radio sahəsindən bir neçə məşhur aparıcını tez-tez yuxumda görürdüm. Bir də görürsüz hansısa prezident, ya da dünyaca məşhur biri evimdə qonaqdır. Ya da hardansa yerə yıxılıram, oyanıram, ya da qanadlarım var uçuram, qışqırıram, qaçıram, sevirəm, ayrılıram və s.

- Çox maraqlı yuxular görürsən.

- Türk serialı... (Gülürük)

- Bildiyim qədəri ilə istedadın çox şaxəlidir, bir neçə işlə məşğul olmusan. Səncə, hansı səndə daha yaxşı alınır?

- Heç biri.

- Niyə?

- Məsələn, indi sadəcə ruh halıma görə məşğul olduğum işlər var. Bu haqda o qədər danışmışam ki, özüm yorulmuşam. Düşünürəm ki, çəkici eyni yerə vuranda mismar haranısa bərkidir. Ona görə hazırda aparıcı kimi özümü inkişaf etdirməyi düşünürəm.

- Daha hansı sahəni öyrənmək istərdin?

- Planımda olan gələcək layihələrimlə bağlı yaxşı video, foto çəkməyi və bütün bunları istədiyim kimi hazırlamağa aid olan hər şeyi.

- Bu vaxta qədər sənə deyilmiş ən gözəl kompliment hansı olub?

- Azərbaycanlı qıza oxşamadığımı tez-tez deyirlər. Xüsusən, "Fransız filmlərindən çıxmısan elə bil", "İtalyanlara oxşayırsan" və s. Çünki məhz o xanımların çox gözəl olduğunu düşünürəm deyə, utanaraq kompliment kimi qəbul edirəm.

- Nitşe deyir ki, “Xoşbəxt olmağın yeganə yolu unutmaqdır”. Bəs səncə, unutmağın yeganə yolu hansıdır?

- Xatırlamamaq-deyirdi bir filmdə... Məncə, unutmaq deyə bir şey yoxdur. Xüsusi vəziyyətləri nəzərdə tutmuram. Məsələn, qəza nəticəsində itirilmiş yaddaşa görə. Yəni, insan illərlə kartof yeməyə bilər, amma kartofun kartof oldugunu necə unuda bilər ki?

- Gününü nə olmadan təsəvvür edə bilməzsən?

- Yəqin ki, çox adam kimi telefonsuz. Telefonu da internetsiz. Çünki gün ərzində gördüyüm bütün işlər, vacib əlaqələr və s. telefon və internet vasitəsilə qurulur.

- Səncə, payızı nəyə görə sevməliyik?

- Hərə bir səbəb tapıb sevsin mütləq. Mən havasına, yaşıl limona və ən əsas yağışa görə sevirəm. Məncə, payızda doğulmasaydım belə, payızı sevərdim.

"Kiminsə xoşuna gəlmək üçün heç nə etmirəm və etmərəm".

- İnsanların xoşuna gəlmək üçün nə edirsən?

- Mən ümumiyyətlə, kiminsə xoşuna gəlmək üçün heç nə etmirəm və etmərəm. Bir də heç vaxt nəyinsə və kiminsə acığına heç nə etmirəm. Amma bəzən yalnız və yalnız valideynlərimin xoşuna gəlmək üçün nələrsə edə bilərəm. Onların məndən razı qalması, fəxr etməsi üçün nələrsə edə bilərəm.

Düşünürəm hər dəfə kiməsə xoş gəlsin deyə nələrsə etmək, hər dəfə başqa obrazlara girməkdir. Və sən heç vaxt sən ola bilməzsən. Ona görə necə varam, nə etmək istəyirəmsə elə də davranıram. Öz sərhədlərimlə!

- Təsadüflərə inanırsan?

- Bilmirəm. Ola bilər, olmaya da bilər.

- Nəzm, yoxsa nəsr?

- Ruh halım.

- Qadın üçün ən ideal evlilik yaşı?

- Ümumi heç nə deyə bilmərəm, məncə İsveçrəli alimlər bu haqda da artıq araşdırma aparıblar. Mənim üçün ideal evlənmə yaşım istədiyim işləri, məqsədlərimi həyata keçirib,vaxtımı tamamilə quracağımız ailəyə həsr edə biləcəyim zamandadır.

- Sevgi romanı, yoxsa fantastik əsər?

- Fantastikanı heç sevmirəm.

- Kitab, yoxsa film? (Niyə?)

- Vaxta bağlı olan məsələdir. Vaxtım varsa, təbii ki kitab. Az vaxtım varsa və ya sadəcə əhvalım tələb edirsə, film.

“Qadınlar istənilən vəziyyətdə haqlıdır!”

- Qadın intuisiyası daha dəqiqdir, yoxsa kişi məntiqi?

- Qadınlar istənilən vəziyyətdə haqlıdır!

- Nəyə görə qadınlar yaşını və göz yaşını gizlədirlər?

- Mən yaşımı elə də gizlətmirəm, amma deyəsən, yavaş-yavaş yaş depressiyasına düşürəm. Göz yaşına gələndə isə bu, əvvəla mənim üçün mənfi enerjidir. Əlavə olaraq, zəif göründüyümü düşünürəm və məni kiminsə bu halda görməsini sevmirəm.

"Qısqananda çox dözülməz oluram"

- Turana Hüseynli hansı hallarda dözülməz olur?

- Ac olanda, qısqananda və əsəbiləşəndə çox dözülməz oluram. O qədər danışıram ki, özüm-özümə dözə bilmirəm. (Gülürük)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm