Yazarlar
Kəndin sönən işıqları və uşaqları
Şamları yandırıb (onsuz da yanırdılar) mamamla təkbətək, lal-dinməz oturduğumuz bu evdə birdən uşaqlığımı xatırladım.
Onda on nəfərlik bir ailəydik – 5 qız, 3 oğlan, atam və anam. Gecələr tez-tez işıqlar sönərdi, ya nöyüt lampasının, ya da şamın işığında oturardıq.
Hərə bir işlə məşğul olardı. Atam "Azadlıq radiosu"nda Mirzə Xəzərə qulaq asardı, anam tikiş tikər, paltar yuyar, ev işləri görərdi. Böyük qardaşım kitab oxuyar, ya da nəsə ərköyünlük edərdi, ortancıl qardaşımın nə etdiyi bilinməzdi.
Bacılarım ya mamama kömək edərdilər, ya corab-başmaq toxuyar, ya da xatirə dəftəri yazardılar. Mənsə – evin kiçiyi çox dəcəl idim, day nə etmirdim ki...
Qısası, hərə bir şeylə məşğul olardı. Şam yeməyi vaxtı evin ortasından – yerdən süfrə sərilərdi və süfrənin o başından bu başınacan hər iki tərəfi adamla dolardı. Bir lampa süfrənin ortasına, biri də pəncərənin qabağına qoyulardı... Qəribə gecələr idi, sirli-soraqlı...
Amma bu səfər bayram süfrəsinin başında işıqların sönməsinə görə quruyub yerimdə qaldım...
Kənddə hamı yaz geyimindəydi, evlərdə də, demək olar, od yandırmırdılar. Mənsə qalın qış geyimində də donurdum. Onda düşündüm ki, Bakı bizi soyutdu, bizə soyuqluq öyrətdi... Halbuki uşaq vaxtı mən də kənddə bu vaxtlar yaz geyimində olurdum. O illərin işığı sönən gecələrində heç bu qədər üşümürdüm...
Mamamın əhvalının və səhhətinin yaxşı olduğunu görəndə mən də şad-xürrəm oldum.
Elə bu eynidə zarafatından da qalmadı. "Dodaqdan qəlbə" serialına baxan mamam birdən ordakı bir qızı göstərib dedi:
– Bu qızdan lap zəhləm gedir.
Soruşdum, ay mama, niyə? Mamam dedi:
– Bu qız bu serialda birindən boşanıb başqasına ərə gedir, o biri serialda da birindən boşanıb, o birinə ərə gedir. Bu lap ağ yalan oldu...
Deyir, hələ birində uşaq var qucağında, o birində subaydı. Bu necə olur?
Mamam sonra məndən ciddi-ciddi soruşdu:
– Mama sənə qurban, bilmirsən bu serialların sonu necə olacaq?
Gülə-gülə deyirəm, ay mama, mən nə bilim? Deyir, necə nə bilim? Şairsən, hər şeyi bilməlisən...
Elə ilk süfrə söhbətimizdə mamamla ordan-burdan söhbət etməyə başladıq. Bunların arasında ən maraqlısı mənim evlənmək barəmdə olan söhbətimizdi. Artıq evin tək subay övladı da mənəm. Ona görə də söhbətimizin bir yerində mamam qəfildən soruşdu:
– Niyə evlənmirsən? Haçana qədər subay gəzəcəksən?
Mamamın bununla nə demək istədiyini bildiyimdən zarafatla soruşdum:
– Gözaltıların varmı?
Mamam dedi, bir neçəsi var. Soruşdum:
– Kimlərdi?
– Biri Filankəsin qızı Filankəs.
– Tanımıram.
– O biri Filankəsin qızı Filankəs.
– Onu da tanımıram.
– O birisi də Filankəsin qızı Filankəs.
– Onu heç tanımıram...
Uzun sözün qısası, kimi dedi, tanımadım. Axırda dözməyib soruşdum:
– Axı bu qızların neçə yaşı var, ay mama?
Mamam sadəlövhlüklə, ama ciddi şəkildə cavab verdi:
– Ən böyüyün 13-14 yaşı var...
Yəni bu qizlar mən kənddən çıxanda (9 il qabaq) hələ 4-5 yaşlarında olublar...
O illərin xatırladığım gecələrində mənim də 13-14 yaşlarım olan vaxtlar vardı və mən onda – işıqları sönən uşaqlığımın o sirli gecələrində, yatağa uzanıb gələcəkdə evlənmək haqqında daha saf, daha səmimi şəkildə düşünürdüm, indiki kimi yox. Çünki onda kəndimizdə bir qızı sevirdim və bu, mənim ilk məhəbbətim – ilk işığım idi. Bu da 13-14 ilin söhbətidi...
Mən yalnız indi başa düşürəm ki, o vaxt o işıq niyə söndü...
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO