Yazarlar
Vaqif Səmədoğlu: “Ya cənnətin ən isti, ya da cəhənnəmin ən sərin yerində olacağam”
Bu gün Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu dünyasını dəyişib. Şair bir neçə ay bundan əvvəl kult.az saytına müsahibə vermişdi. Publika.az həmin müsahibəni oxuculara təqdim edir.
Vaqif müəllimi görən kimi xeyli duruxdum. Özümə çətin bir sual verdim: bu, Vaqif Səmədoğludur?
Mən suala cavab tapana kimi redaksiyamızın fotoqrafı Elnur Muxtar söhbətə başladı.
- İcazə verin, sizin qəşəng-qəşəng şəkillərinizi çəkim.
- Yox, olmaz! Mənim belə qəşəng şəklim kimə lazımdır?
Yerimdə durub xeyli udqundum və udquna-udquna da Vaqif müəllimə əl uzadıb, onun boynunu qucaqladım.
- Vaqif müəllim, sizi həmişə həyat eşqi ilə dolu bir insan kimi tanımışıq.
- Ay Kəramət, özün öz ağzınla deyirsən ki, həyat və eşq. Yəni iki müvəqqəti varlıq. Bunları bir-birinin yanına qoysan, olur inkarın inkarı qanunu. Tamamilə absurd. Həyat eşqi əbədi ola bilməz və məndə də heç bir vaxt əbədi həyat eşqi olmayıb.
Tez özümü ələ alıb, söhbətə duz qatmaq istədim. Amma alınmadı.
- Bəs əbədi qadın eşqi necə?
- Əbədi qadın eşqi də olmayıb.
- Əbədi vətən eşqi də olmur?
- Düzü, vətən eşqində də şübhəli vaxtlarım olub.
Öz-özümə fikirləşdim ki, Vaqif müəllimin xeyli yaşı var. Yəni ondan çox şey soruşmaq olar. Məsələn, insan yaşa dolduqca onu ən çox nə düşündürür? Bir də gördüm ki, mənim sualımı gözlərimdən duyub.
- Yaşa dolduqca həyata da, o eşqə də elə şübhələr yaranır ki... Çox dəhşətli şübhələrdi.
- Bəs yaşın ən böyük bəlası nədir?
- Bu saat, demək olar ki, mənim bir suala da dəqiq cavabım yoxdur, amma suallar günü-gündən çoxalır. Yaşın ən böyük bəlası odur ki, suallar çoxalır, cavablar tükənir. Mən o suallara məğlubam, özü də tam məğlub. Bu, dəhşətli bir məğlubiyyətdir.
Nədənsə, Vaqif Səmədoğlunun məğlubiyyət haqqında danışması mənə qəribə gəldi. Öz-özümə fikirləşdim ki, həmişə şeirləri ilə diqqət mərkəzində olan, oxucular, hakimiyyət, dövlət tərəfindən həmişə yüksək dəyərləndirilən bir şair, görəsən, hansı məğlubiyyətdən danışır? Amma özüm özümə baş qoşmadım, fikirləşdim ki, yəqin, mənim qanmadığım şeylər də var.
Vaqif müəllim danışır:
- Təsəvvür elə ki, nəhəng divarda bir qapıdır. O qapını açmaqdan ötrü başlayırsan, nə bilim, min cür mənəvi, zehni, intellektual açarlar axtarmağa. Özü də illərlə, illərlə, illərlə... Axırda açar tapırsan, qapını açırsan. Açan kimi görürsən ki, orada da nəhəng divar var, amma iki qapı. İndi iki qapını açmalısan. Və anlayırsan ki, bu iki qapıdan o yanda dörd qapı var, sonra səkkiz qapı...
- Bunu niyə dediniz ki?
- Yəni mən də o vəziyyətdəyəm.
- Vaqif müəllim, ürəyiniz ən çox nə istəyir?
- Bu saat, bu an deyirsən?
- Hə...
- Xərçəngin ağrılarından qurtulmaq, ürəyim ən çox bunu istəyir.
Vaqif müəllim bu sözü deyəndə elə bil dörddişli çəngəlin hər dişini bir istiqamətə əyib, sonra da odda qıpqırmızı qızardıb ürəyimə soxdular, sonra da o çəngəli ürəyimin içində burmağa başladılar.
- Kəramət, çox amansız ağrılardı, amansız ağrılardı, amansız. Nə “mən ölüm” bilir, nə yalvarmaq...
- Dərmanlar da kömək eləmir?
- Gərək dərmanlar günü-gündən güclənsin.
- Görəsən...
- Heç vaxt bunu unutmayın ki, Allah insanı saxlamır, insanları saxlayır, bəşəriyyəti saxlayır.
- Yəni deyirsiniz ki, bir şair Allah üçün xırda məsələdir?
- Bir ceyranı saxlayan Allah mənim nəyimə lazımdır? Allah ceyranları saxlayır. Bir ağacın da Allahı olar? Ağacların Allahı olar.
- Ağrılar sizi intihar haqqında düşündürmür ki?
- İntiharı ancaq və ancaq bir halda qəbul eləyərəm: yalnız dözülməz ağrılarda. Onda intihar məqbuldur.
- Sizcə, insanların ən böyük düşməni nədir?
- İnsanların ən böyük, ən böyük, ən böyük düşməni qorxudur.
- Yəni insan qorxudan da intihar eləyə bilər?
- Ölümdən o yana yoxdur ki?
- Yox...
- Yer kürəsində bəşəriyyət başlayandan, bəlkə, bir milyard insan qorxudan özünü öldürüb. Qorxuyla zarafat eləməyin.
- Yəqin, siz də qorxursunuz...
- Mən bilmirəm, bu qorxudur, maraqdır, nədir e bu ölüm? Məni ən çox o yandıracaq ki, ölüm nədir, biləcəm, amma heç kimə deyə bilməyəcəm ki, ölüm buymuş. Zəng də eləyib deyə bilməyəcəm. Xəbər də vermək olmayacaq. Adam yanıb-tökülür.
- Vaqif müəllim, həmişə o fikirdə olmuşam ki, ağrı da bədənin bir hissəsidir, hərdən adama kədər də lazım olur.
- İsraildə həkimə dedim ki, tərkibində narkotik olan dərmanı mənə verməyə qorxmayın. Dedim, 75 yaşım var. Onsuz da bu yaşa qədər narkoman kimi yaşamışam. Bundan sonra da narkoman olum, üç il də yaşayım. (gülür)
- Deyirəm, bu qədər ağrıların içində zarafatdan da qalmırsınız.
- Zarafatdan niyə qalmalıyam ki... Zarafat yaxşı dostdur, arxadır. Zarafatdan qalmaq olmaz.
- Bu, bəlkə də, zarafat da deyil, artıq sizdə xarakterdir.
- Hə, düz deyirsən. Xarakterdir.
- Vaqif müəllim, məncə, hər insanın həyatında “Facebook” parolunu bilən kimsə olmalıdır.
- Yox, mənim parolumu heç kim bilmir.
- Deyəsən, bir dəfə sındırmışdılar.
- Mənim profilimi iki dəfə sındırıblar. Biri adımda bir hərfi dəyişmişdi.
- Sonra geri qaytara bildiniz?
- Bir dostum var, ona dedim, tez həmin profili ləğv elədi, sıradan çıxardı.
Bütün məqamlarda çalışıram ki, söhbətimiz şən əhval-ruhiyyədə davam eləsin. Amma sözün düzü, məndən çox Vaqif müəllimin özü zarafatlar edir, hərdən də qəribə bir şəkildə üzümə baxıb gülürdü.
- Yəqin, yazışmalarınızın üzə çıxmağından ehtiyat eləmisiniz, ona görə də tez profili sıradan çıxarıbsınız.
- Mən orda nə yazışıram ki? Sənin kimi dostlarla zarafatlaşıram, vəssalam.
- Hərdən “Facebook” sizi yormur ki?
- Orda ən çox xəstəliyimlə bağlı bir sual məni təngə gətirib. Soruşurlar ki, necəsən? Mən gündə 100 adama necə cavab yazım ki, necəyəm?! Bilmirəm, bisavad olduqlarını niyə bu qədər büruzə verirlər? Bilirlər ki, məndə xərçəng azarıdır. Bu zibil xəstəliyin mahiyyətini bilmirlər? Adam xərçəng olanda necə olar? Eyni suallar, eyni suallar, eyni suallar... Adam bezir.
- Cavab yazmayın.
- Cavab yazmayanda da inciyirlər.
- Deyəsən, Anar sizin haqqınızda demişdi ki, Azərbaycanda ən çox ölümdən yazan şair Vaqif Səmədoğludur.
- Düzdür, çox yazmışam, ölümdən yazmaq ayıb deyil ki... Nə ölümü düşünmək ayıbdır, nə də ölümdən yazmaq.
- Amma ölüm mövzusu sizin yaradıcılığınızdan qırmızı xətt kimi keçir.
- Ölümdən maraqlı şey yoxdur. Azərbaycan dilinə qurban olum. Bir həyat sözü var, bir ömür, bir də ölüm. Qəribədir ki, həyat sözündə ömür də var, ölüm də. Amma başqa dillərdə, demək olar ki, belə deyil.
- Elə bil həmişə bir suala cavab axtarmısınız: ölüm nədir?
- Necə ola bilər ki, səni ölüm düşündürməsin? Bu, həyatın ömür hissəsini təxminən bildik. Amma o birisini – ölümün nə olduğunu bilmirik. Mənim üçün çox maraqlıdır ki, ölüm nədir? Həyatın ölüm hissəsində çəki vahidi nədir, məsafə nədir, necədir? Və ya ümumiyyətlə, bunlar varmı? Yoxsa tam yoxluqdur?
- Cənnət, cəhənnəm...
- Qəribədir, cənnət-cəhənnəm haqda min illər bundan qabaq da danışıblar. Bunu iudaizm deməyib, xristianlıq deməyib, islam deməyib, buddizm deməyib, min illər ondan qabaq Latın Amerikasından tutmuş Çinə qədər, Avstraliyadan tutmuş İngiltərəyə qədər, Afrikanın bütün ölkələrdə cənnət-cəhənnəm anlayışı var. Yəni bunu boş yerə demirlər.
- Qorxmursunuz ki?
- Yox, qorxmuram, nə cənnətdən qorxuram, nə cəhənnəmdən.
- Niyə?
- Çünki dəqiq bilirəm, cənnət-cəhənnəm varsa, deməli, Allah var. Allah varsa, mən dəqiq yerimi bilirəm.
- Yeriniz haradır ki?
- Ya cənnətin ən isti yerində, ya cəhənnəmin ən sərin yerində. Bunu dəqiq bilirəm.
- Vaqif müəllim, keçmişlər yadınıza düşür?
- Kəramət, sualı düz qoymursan.
- Niyə?
- De ki, keçmişlər heç yadınızdan çıxır? Gərək sualı belə qoyaydın.
- Vaqif müəllim, keçmişlər heç yadınızdan çıxır?
- Mən indi keçmişlə yaşayıram, o vaxtın iylərinə, o vaxtın səslərinə... Özü də yaşa dolduqca belə oldum. Sklerozum yoxdur, şükür Allaha, Nüşabə xanım mənə yaxşı baxır. Yəni huşum yerindədir.
- Vaqif müəllim, axırıncı dəfə bizə qonaqlıq verdiniz, yadınıza gəlir?
- Hə, hə, hə...
- Orda bir az sərxoş olmuşdum, necə olubsa, sizin sözünüzü kəsmişəm.
- Hə, yadıma gəlir. Maraqlı gün idi.
- Sözünüzü kəsdiyimə görə mənə tərs-tərs baxıb, dediniz ki, Kəramət, dədəm dədəndən böyük şairdir, özüm də səndən. Sözümü niyə kəsirsən?
- Nahaq elə demişəm, yəqin, elə mən də sərxoş olmuşam.
- Sizin ailə Azərbaycan ədəbiyyatına üç nəhəng sima verdi. Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu.
- Bizim nəslin şairliyini Molla Pənah Vaqifdən niyə başlamırsan ki?
- O hardan çıxdı?
- Mənim Məhbub nənəm - atamın anası Molla Pənah Vaqifin nəticəsidir.
- Vaqif müəllim, iyunun 5-də Azdramada yubileyiniz olacaq.
- Şeirlərim oxunacaq, sözlərimə yazılmış mahnıları oxuyacaqlar...
- Yəqin, orda əzbər bildiyiniz şeirlərinizdən oxuyacaqsınız...
- Mən heç vaxt şeir oxumuram. Çox nadir hallarda oxuyardım. Bir dəfə Fuad Poladov şeirlərimi elə oxudu ki, özüm-özümə dedim, “Vaqif, otur yerində, qələt eləmə!”
- Necə oxudu ki?
- Elə oxudu, elə bil şeiri özü yazıb. Utanmaz!
- Vaqif müəllim, sizə son söz imkanı verilsə, insanlara nə deyərdiniz?
- Mən elə yekəxana adam deyiləm ki, insanlara deyiləsi sözüm olsun.
- Elə bu ən yaxşı sözdür.
- Bu insanlara nə deyim?! Deyəcəksən, dava eləmə, eləyəcək. Deyəcəksən, riyakarlıq eləmə, eləyəcək. Deyəcəksən, dostluq eləmə, dostluq heç nədir, eləyəcək. Deyəcəksən, namərd olma, olacaq. Deyəcəksən, mərd olma, olacaq.
Mən yaxşı bilirəm ki, Vaqif Səmədoğlu Musa Yaqubu necə çox istəyir və Musa Yaqubun da Vaqif müəllim haqqında fikirləri ilə yaxından tanışam. Ona görə də bilə-bilə bu mövzuya gəldim.
- O günü Musa Yaqubla danışdıq, söhbətimiz saytımızda yayımlandı.
- Musa gözəl şairdir.
- Deyir, Vaqif Səmədoğlu mənə dedi ki, mən xəcalət çəkirəm, utanıram ki, Musa Yaqub Xalq şairi deyil, mən Xalq şairiyəm.
- Yalan deyir, mən o sözü Musa Yaquba deməmişəm.
- Necə yəni?
- Mən bu sözü Musanın özünə deməmişəm, onun yubileyində səhnədən hamıya demişəm. Bəli, mən xəcalət çəkirəm ki, Xalq şairiyəm, amma Musa Xalq şairi deyil.
Düzü, üzümdə elə mimika yaratdım ki, guya Vaqif Səmədoğlunun zarafatını başa düşmədim və az qala sevinirəm ki, Musa Yaqubun sözü yalan çıxdı.
Vaqif müəllim davam edir:
- Yoxsa Vaqifin işi-gücü qurtarıb, Musanın özünə belə söz desin.
Məni qəfil gülmək tutdu.
- Mən o sözü, əslində, ona görə dedim ki, gedib müəyyən yerlərə çatdırsınlar. Yəni mən Musa Yaqubu Xalq şairi adına təqdim elədim. Ümumiyyətlə, bir neçə adam var ki, onlar Xalq şairi olmalıdır. Onlardan biri Musadır, biri Ramiz Rövşən.
- Vaqif müəllim, dostlar gəlib-gedir?
- İcazə vermirəm.
- Məncə, lap yaxın dostlara icazə verin, gəlsinlər.
- Niyə?
- Darıxmayın.
- İnan ki, Anarla da kənarda görüşürəm. Özümə bir yaxşı şlyapa almışam, qoyuram başıma, əsamı da alıram əlimə. Gedirik həmişə oturduğumuz restoran var, ora. Biz yeddi-səkkiz adamıq, oturub yeyib-içirik.
- Kasıb adamlarsınız, o qədər yeyib-içməyin hesabını kim verir?
- Hesabı, əsasən, Anar verir.
- Axırıncı dəfə nə vaxt oturmusunuz?
- Ay yarım olar. İsrailə getməmişdən qabaq.
- Ordan bir şeir paylaşmışdınız, aləmə yayıldı.
- Hə... Allah, özün gəlirsən, yoxsa kimisə göndərirsən?
- Doğrudan, necə istəyirsiniz, özü gəlsin, yoxsa kimisə göndərsin?
- Yox, yox, yox... Kimisə göndərsin, qayda var, qanun var.
Nüşabə xanım bayaqdan bizə nə qədər çay süzüb. Yerusəlimdən gətirdiyi şirniyyatlardan da yedim. Amma içimdə o qədər dərin bir hüzn vardı ki, bilmədim, o müqəddəs torpaqların şirniyyatı ilə Bakı şirniyyatının fərqi nədədir? Hər halda, bir neçəsini yedim.
Vaqif Səmədoğlu danışır:
- Mən poetik bir şey tapmışam.
- Nədir?
- İnsan anadan olur, deyirlər, anadan olan gün. Qadın abort eləyəndə olur, anadan ölən gün. Düzdür, poetik ifadədir, amma riyazi dəqiqliyi var.
- Vaqif müəllim, neçə ildir bu evdə yaşayırsınız?
- Bu evi deputat kimi almışam.
Birdən Vaqif müəllim siqaret yandırır və mənim yadıma Əlağa Vahidlə bağlı bir əhvalat düşür.
- Vaqif müəllim, Əlağa Vahiddən soruşurlar ki, niyə siqaret çəkirsən? Deyir, mənim üçün yanan təkcə siqaretdir, bunu niyə atım?
- Atamla Əlağa Vahidin münasibətləri çox yaxşı olub.
- Hə, elə deyirlər.
- Müharibə başlayan kimi Əlağa Vahidi radioya redaktor qoymuşdular ki, dolanmağa bir yeri olsun. Guya orda redaktor işləyirdi. O vaxt, deyəsən, texnikanı təmizləmək üçün dövlət radiosuna spirt verirdilər. Əlağa da bu spirtdən vururmuş. Bir gün buna zəng eləyirlər ki, Yaponiya Kitaya girdi, bu barədə radioda xəbər hazırlayın. Əlağa da spirtdən vurubmuş, qayıdıb deyir ki:
Amur daşdı, nə daşdı,
Su qalxdı qurşağıma.
Yapon Kitaya girdi,
Mənim nə ...
Əslində, mən bu əhvalatı çoxdan bilirdim. Sadəcə, özümü çoxbilmiş kimi göstərməyib, Vaqif müəllimin danışdığı bu əhvalata xeyli güldüm. O da yaman güldü. Aranın qızışmağından istifadə eləyib, Hüseyn Arifdən danışmağa başladım. Özü də Hüseyn haqqında elə danışıram ki, elə bil, yoldaşlığım olub.
- Bir gün bir nəfər Hüseyn Arifə deyir ki, qağa, bu Vaqif Səmədoğlu səninlə bağlı pis-pis lətifələr düzəldib yayır. Bəlkə, ona təpinəsən, özünü yığışdırsın. Hüseyn Arif də qayıdıb deyir ki, ayə, onda o baş nə gəzir, o lətifələri özüm düzəldib verirəm ki, orda-burda yaysın.
- Vallah, düz deyir. Elə də eləyirdi. Biz Hüseyn Ariflə səfərlərə çox çıxırdıq. Yeyib-içirdik, sonra Hüseyn uzanardı. Yatanda da elə yatırdı, yorğanı başına elə çəkirdi ki, bilmirdim, haradan nəfəs alır. Trubkası varıydı, nəydi, bilmirəm. O yatanda bloknutumu açırdım, başlayırdım yazmağa. Hüseyn başını yorğanın altından çıxarıb deyirdi ki, a başıbatmış, yazırsanmı? Yaz, yaz, tarixdir.
Bunu danışandan sonra Vaqif müəllim bloknotundan danışdı.
- Həyatım boyu həmişə yanımda bloknot olub. İndi Nüşabə xanım bir kitabımı çapa hazırlayır, hamısı o bloknotdakı şeirlərdir.
- Vaqif müəllim, təkcə bloknot deyil, həmişə yanınızda qadın da olub.
- Qadından gözəl heç nə yoxdur.
Ağzımı açırdım çox dəhşətli bir sual verəm ki, Vaqif müəllimin özü qəfil mənə sual verdi.
- Aqşinə nə olub?
- Aqşin xəstəxanadadır. Qəfil vəziyyəti pisləşib.
- Qaraciyər?
- Hə...
- Vallah, içki, bəlkə də, qaraciyərə təsir eləyir, Aqşininki içkiylə bağlıdırsa, onda gərək mən 35 yaşımda öləydim. O Aqşin mənim qədər içki içə bilər?
Aqşinin halını xəbər alandan sonra Vaqif müəllimin yadına Ramiz Rövşən düşdü.
- Ramiz Rövşən mənə deyir, sənin üçün nə eləyə bilərəm? Dedim, ancaq bir şey eləyə bilərsən, öləndən sonra yaxşı şeir yaz. Bundan artıq neyləyə bilərsən?
Sonra mövzunu qəfil dəyişir.
- Mən atama oxşamışam, şeirlərim beynimdə qalmır, uzağı üç-dörd şeirimi əzbər bilirəm.
Öz-özümə fikirləşirəm ki, yəqin, xəstəliyi ilə bağlı olaraq, Vaqif müəllimin yaddaşı pozulub, sözü qoyub sözə keçir.
- Ramizin atası Məmmədəli kişi sağ olanda Əmircanda bir evləri varıydı, ayda iki-üç dəfə gedirdim, gecə də qalırdım. Allah rəhmət eləsin, Məmmədəli kişi məni yaman çox istəyirdi. Bir yazıçı var, ondan zəhləsi gedirdi.
- Əkrəm Əylislidən?
- Ad çəkməyəcəm.
Sonra yanıldığımı anladım. Gördüm ki, əslində, Vaqif müəllim demək istəyir ki, məndən fərqli olaraq, Ramiz Rövşənin şeirləri yadında çox yaxşı qalır.
- Məmmədəli kişi o saat süfrə açırdı, içki-zad gətirirdi. Axşamdan səhərə qədər Ramiz özünü saxlaya bilmirdi. Ramiz biraz içən kimi elə bil zinciri qırmış köpək itidir.
- Dava salır?
- Yox, şeir deyir. Mənim şeirlərimi Ramiz Rövşən mənim yadıma salırdı. Çox qəribə günlər idi.
Hiss elədim ki, danışmağa sözü çoxdur. Amma Vaqif müəllimi çox yormaq istəmədim. Ona görə də diktofonu söndürüb, ayağa qalxdım.
- Kəramət, bağışla, ayağa dura bilmirəm, səni yola salardım.
Vaqif müəllimə əl uzadıb, yenidən onun boynunu qucaqladım. Mən evdən çıxanda Vaqif Səmədoğlunun səsi gəldi.
- Kəramət, yubileyimə gələrsən. Əynimi yaxşı geyinəcəm, gör necə yaraşıqlı oğlan olacam. Gələrsən, orda şəkil çəkdirərik. İndi şəkil çəkdirməyə utanıram.
Elə bil ürəyimi qulağımın içərisindən çəkib çıxardılar.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO