“Kişinin zəif nöqtəsi olmasa, maraqlı olmaz” – FOTOLAR
Bizi izləyin

Bu kino ki, var...

“Kişinin zəif nöqtəsi olmasa, maraqlı olmaz” – FOTOLAR

Rejissor Lük Besson yenidən öz məharətini göstərdi. Keçən ilin sonlarında "Lüsi" filmi ekranlara buraxıldı. Film, demək olar, Şimali Amerikada ən gəlirli layihələrdən biridir. "Bu kino ki var" layihəsi Bessonun filmlə bağlı müsahibəsini təqdim edir.

Qeyd edək ki, filmin ssenarisinə görə, Tayvan mafiyası baş qəhrəmanın (Skarlet Yohansson) bədəninə külli miqdarda narkotik maddə yeridir. Bütün maraqlı hadisələr də bundan sonra başlayır. Alim (Morqan Frimen) beynin aktivliyini araşdıraraq beyin mayesinin 100 faiz işləyəcəyi halda insanın nələrə qadir olacağını araşdırır. Bu zaman onun qarşısına Lüsi çıxır və bu eksperimenti üçün əla nümunə olur.

- Yeni möhtəşəm film münasibəti ilə sizi təbrik edirəm. "Lüsi"də sizin digər filmlərinizdən və dünya kinematoqrafiyasından sitatlar istifadə olunub. Elə deyilmi?

- Təşəkkür edirəm. Yəqin, hər şey şüuraltı baş verib... Siz konkret hansı sitatdan danışırsınız?

- Mən yalnız bir səhnə haqqında danışmıram, ümumilikdə deyirəm. Sizin müsahibələrinizin birində belə bir şey oxumuşam: "Lüsi" filmi "Leon" kimi başlayır, "Başlanğıc" kimi davam edir və "Kosmik Odissey: 2001" filmi kimi bitir...

- İndi sizin nə demək istədiyinizi anladım. Xeyr, heç bir filmdən hissə götürməmişəm və paralellər yaratmamışam. Son dəfə ssenarini oxuduqdan sonra mən özüm və başqaları üçün balaca bir qeyd yaratdım. Mən "Lüsi" ə baxarkən üç bucaqdan üç mövzuya toxunmaq istəmişəm. Filmin daha çox nəzəri cəhətləri ehtiva etməsini istəmişəm. Həmin nəzəri cəhətlər məhz bunlar olub: "Leon", "Başlanğıc" və "Kosmik Odissey".

- Nəyə görə sizin filminiz Kubrikin filmindəki kimi ibtidai-icma quruluşu ilə başlayır?

- Bir neçə il bundan qabaq arxeoloqlar ibtidai-icma quruluşunda yaşamış qadının sümüklərini aşkar ediblər. Kompüterin köməyi ilə alimlər onun modeli hazırlayıb və ona Lüsi adı veriblər. Onun boyu təxminən 1 metr 20 santimetr olub. Mən bu modeli hazırlayan alimləri görmək istəyirdim. Elə də oldu, alimlərlə görüşdüm, məhz mənim üçün ibtidai Lüsinin prototipini yaratdılar. Həmin model mənim ofisimdədir və o, mənim necə işləməyimə tamaşa edir. Bu elə o Lüsidir ki, məni işləməyə ruhlandırıb.

- Lüsinin həyatındakı ümumi dəyişikliklər təsadüfən orqanizmindən külli miqdarda narkotik maddələrin xaric olunması zamanı başlayır...

- (gülür) Mən eksperiment üçün ideal insan olacağam. İçmirəm, çəkmirəm və heç vaxt narkotik maddələr istifadə etməmişəm. Ona görə də mən anomaliyayam. Uşaqlığımı Xorvatiya, Yunanıstan, Tunisdə yaşamışam. Bu mənim valideynlərimin işi ilə bağlı idi. Ona görə də, başqa uşaqlar üçün yararlı ola biləcək oyuncaqlarım yox idi. Bütün oyuncaqlarımı özüm hazırlayırdım. Əlimə iki daş və taxta alıb, onların kosmik gəmi olduğunu zənn edirdim. Bax beləcə, mənim təxəyyülüm böyüyüb inkişaf etməyə başladı. Hətta əsl oyuncaqlarım olmadığı üçün deyərdim ki, bəxtim gətirib.

- Siz "Zülmətin sahələri" ("Limitless") filmini izləmisiniz?

- Əlbəttə. Lakin orada qəhrəmanın beyni 10 faizdən 12 faizə kimi inkişaf edir. Və bundan əlavə, oradakı personajın məqsədi çoxlu pul qazanmaq idi. Bu, Lüsidən uzaq olan şeydir. Bununla yanaşı, deyə bilərəm ki, "Lüsi" filminin ssenarisini 10 il bundan qabaq düşünüb-daşınmışam. "Zülmətin sahələri" isə bu yaxınlarda çıxan filmdir.

- 10 il? Nəyə görə ssenarini bu qədər saxlamısınız?

- Mən, sadəcə olaraq, beynimin 2 faizini istifadə edirəm. Ona görə də bu qədər uzun çəkdi (gülür). Əslinə qalsa, deyə bilərəm ki, bu mövzuya çox həssas yanaşdığım üçün onu daha yaxşı işləyib hazırlayırdım. Çalışırdım, film həm əyləncəli, həm də mətnaltı fəlsəfi məzmunu olsun. Bu iki elementi bir-birinə birləşdirmək elə də asan iş deyil: məzəli və ciddi.

- Sizin bir çox filmlərinizdə baş qəhrəman olan qadınlar hamıdan güclü çıxır. Nəyə görə belədir?

- Qadınlar dünyanı idarə edir – bu, faktdır. İş ondadır ki, mən yaxşı personajlar fikirləşməyə çalışıram. Mən sadəcə olaraq, yaxşı kişi və yaxşı qadınlar haqda yazmağa çalışıram. Lakin daha çox dostluq haqqında yazmağı xoşlayıram. Məsələn, "Dahi mavi" filmi kişi dostluğu haqdadır. "Leon" kişi və balaca qız arasında dostluqdan bəhs edir. 80-cı illərdə "Terminator" kimi əzələli, güclü kişilər haqda olan filmlər dəbdə idi. Mənə isə daha çox kişinin zəif və qadının güclü tərəfləri barəsində olan mövzular maraqlandırır. Kişinin zəif nöqtəsi olmasa, maraqlı olmur.

- Sizin filmlərinizdə çox zaman cazibədar qadınlar və möhtəşəm aktrisalar çəkilir. Onlar sonradan sizin muzanıza çevrilir. Onları necə seçirsiniz?

- Gəlin sizə qanunauyğunluğu izah edim. Əvvəlcə ssenari yaranır. Bildiyiniz kimi, ssenaridə də personaj var. Həmin personajı canlandıra biləcək ən yaxşı aktrisanın axtarmaq lazımdır. Mən bir sıra aktyor və aktrisalarla görüşdükdən sonra öz-özümə deyirəm: "Görəsən, personaj üçün bu aktrisa uyğun gələ bilər?". Bax mən aktrisaları bu cür seçirəm.

- "Lüsi" filminin çəkilişləri zamanı siz tibb mütəxəssisləri və alimlərlə məsləhətləşmisiniz?

- Olurdu ki, alimlərlə görüşərək öz ideyalarımı onlara izah edirdim. Onlar isə zarafatyana gülərək deyərdilər: "Bəli, sən belə deyə bilərsən. Lakin gerçəkdə hər şey sənin dediyin kimi deyil, belə olmaz". Mənə elə gəlirdi ki, onlar mənim ideyalarımdan asanlıqla inciyir. Axı bu, kinodur! Onun tərkibində hən təbiətdə mövcud olan, həm də uydurma şeylər olur. Elə məqamlar olurdu ki, mənim fantaziyalarıma məhdudiyyət qoyulurdu. Eləsi də olurdu ki, alimlər onun qarşısını ala bilmirdi. Məsələn, zamanın idarə olunması və fiziki materiya. Alimlərin sübutu olmadığı üçün bu haqda heç bir söz deyə bilmədi.

- "Lüsi" filmində elmi terminlər çoxdur. Məktəbdə fizikanı necə keçmisiniz?

- Sözün düzü, məktəbdə pis oxumuşam. Lakin qarşıma yaxşı müəllim çıxan kimi əlimdən gələni edirdim. Oxuduğum məktəbdə şou, tamaşalar qoyulardı. Mən bu çıxışların ssenaristi idim.

- Film zaman anlayışından vacib heç nəyin olmadığını aşılayır. Vaxt sizin üçün nə deməkdir?

- Vaxt çatışmazlığı böyük qüsurdur. Bizim Yerdəki vaxtımız kifayət qədər məhdudlaşıb. Biz dəqiq bilirik ki, vaxt gələcək və biz öləcəyik. Sadəcə, ölümün dalımızca nə zaman gələcəyini bilmirik. Sual isə ondadır ki, ölüm gələnə qədər bizə verilən vaxtla nə edəcəyik. Bizim cavabımız yoxdur, yalnız deyirik: "Bizim vaxtımız var". Vaxtın nə qədər az və ya çox olduğunu da bilmirik.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm