Dahi ömrü
Dünyanı əlil arabası ilə idarə edən demokrat: Vədinə xilaf çıxan siyasətçi, yeriyə bilməyən “don juan”
Mübarizə apardığı, çalışdığı sahədə əldə etdiyi nailiyyətlər ABŞ-ın gələcək prezidenti Franklin Ruzveltin hakimiyyətə gedən yolunu daha da qısaltdı. Məşhur Ruzveltlər nəslinin davamçısı səhhətindəki problemlərə baxmayaraq karyera pilləsinin ən uca zirvəsinə ucaldı. Hətta ABŞ-ı iqtisadi böhranlardan qurtararaq, bununla da öz postunu bir neçə il qorumağa müvəffəq ola bildi. Publika.az “Portret” rubrikasında ABŞ tarixində 4 dəfə prezident seçilmiş yeganə siyasi xadim, ölkəni iqtisadi böhrandan xilas edərək Vaşinqtonu dünya birincisi etmiş Franklin Ruzveltin həyatı ilə bağlı maraqlı məqamları təqdim edir.
Tanınmış nəslin əlil qubernatoru
1882-ci ilin yanvarında dünyaya gələn Franklin Ruzvelt kübar və tanınmış nəsildən idi. Qeyd edək ki, Ruzveltlər ABŞ-a iki prezident bəxş ediblər – Teodor və Franklin. Birinci ötən əsrin əvvəllərində iki dəfə, sonuncu isə dalbadal dörd dəfə ölkənin hakimiyyət sükanını ələ keçirib. Hələ orta təhsil illərində valideynləri onun təhsil almasına xüsusi diqqət yetirirdilər. Varlı ailənin övladı üçün ayrıca müəllimlər də tutulmuşdu. Yeniyetməyə xüsusi dərslər keçirdilər. Ruzvelt əcnəbi dillərə maraq göstərsə də, texniki fənləri də mənimsəyirdi. Sonralar Harvardda təhsilini davam etdirən Ruzvelt müstəqil həyata hüquqşünas kimi atıldı. Tədricən siyasətə qədəm basdı.
Yay fəslində dəniz kənarına getməyi, dincəlməyi sevən, qadınları yaraşığı ilə cəlb edən orta yaşlı siyasətçi 1921-ci ilin yayında sahil suları ilə ömürlük vidalaşmalı oldu. Belə ki, polimelit xəstəliyinə tutulan Ruzvelt gəzmə qabiliyyətini birdəfəlik itirdi. Onun ayaqları tutuldu, əlil arabasına möhtac qaldı. Ruhdan düşmüş hüquqşünas - siyasətçi 1924-cü ilə qədər ancaq səhhətinin qayğısına qalmalı oldu. Nəyin bahasına olursa olsun, ayağa qalxacağına ümid edirdi. Amma əbəs yerə... Ölkənin ən məşhur həkimləri onun sağalıb, ayağa qalxmayacağını deyib, təslim bayrağını qaldırdılar. Həmin ilədək siyasətdən və digər ictimai fəaliyyətdən kənarda qalan Ruzvelt özü də reallıqla barışmalı oldu. Yenidən aktiv siyasətə girişən Ruzvelt cəmi 4 il sonra əvvəlcə qubernator vəzifəsinə yiyələndi. Ölkə əhalisi əlil arabalı qubernatorun aydın nitqlərini və vədlərini eşitdikcə Ruzveltin bütün ABŞ-da populyarlığı artırdı.
Küçələrdə veyillənənlər iş başına...
Qubernator Ruzveltin vətəndaşlarla ünsiyyəti, fikirlərini açıq-aydın şəkildə ifadə etməsi demokratların 1932-ci ilin prezident seçkilərində irəli sürdükləri namizədin qalib gəlməsini reallaşdırdı. Bu dövr dünya ağalığı iddiasında olan Amerika Birləşmiş Ştatları üçün ən ağır zamanlardan idi. 1929-cu ildə aparıcı dövlətləri haqlayan dünya iqtisadi böhranı ABŞ iqtisadiyyatını da çökdürmüşdü. Əslində, böhran ilk olaraq elə ABŞ-dən başlamışdı. 3 il əvvəldən start götürmüş iqtisadi xaosu aradan qaldırmaq Ruzveltin növbəti prezidentliyi üçün əsas sınaq dövrü idi. Dövlətin iqtisadi həyata müdaxiləsi istiqamətində bir sıra praqmatik addımlar atan Ruzvelt bank sistemini dirçəltdi. Səhhətindəki problemlərə baxmayaraq sahibkarlarla, fermerlərlə, biznesmenlərlə görüşlərə başladı. Onların simasında həm seçici, həm də tərəfdar topladı.
Yeni iqtisadi islahatlar yeni prezidentin uğurlarının miqyasını genişləndirdi. Ölkənin yüz minlərlə ac vətəndaşının, habelə işsizlərin problemlərinin həllinə girişən Ruzvelt küçələrin təmizlənməsi üçün büdcədən külli miqdarda maddi vəsaitin ayrılması təşəbbüsü ilə çıxış etdi. İşsizlərin ictimai işlərə cəlb olunması onların problemlərinin həllinə kömək etdi. Ruzvelt dövlətin sahibkarlığa müdaxiləsini reallaşdırsa da, liberal islahatların da əhəmiyyətini nəzərdən qaçırmırdı. Beləcə, islahatları ilə xalqın rəğbətini qazanan prezident ölkəni ağır sınaqlardan çıxara bildi. Amma bu hələ son deyildi, qarşıdan İkinci Dünya Müharibəsi kimi daha çətin sınaq dövrü gəlirdi.
İşdə məhəbbət macəraları, sevgili katibələr
Amerikanın 1941-ci ilin sonlarında müharibəyə cəlb edilməsi Ruzvelti siyasi rəqibi Stalinin əlini sıxmaq, onunla görüşmək məcburiyyəti qarşısında qoydu. Çörçillə müqayisədə ABŞ prezidenti Stalinlə daha çox dil tapa bilirdi. Franklin “üçlük” görüşlərində dəfələrlə SSRİ rəhbərinin təkliflərini dəstəkləmiş, təşəbbüslərinə tərəfdar çıxmışdı. Ümumiyyətlə, islahatçı prezident şəxsi həyatda da insanlarla, o cümlədən gözəl qadınlarla çox rahat dil tapa, ünsiyyət qura bilirdi. Onun bəzi məsələlərdə dil tapa bilmədiyi yeganə qadın Eleonora idi. Əri ilə bir sıra məsələlərdə fərli mövqelərdə dayanan qadın Ruzveltə 6 övlad bəxş etmişdi. Duzlu, məzəli söhbətləri, zarafatları ilə müsahiblərini ələ alan Ruzvelt övladları ilə mehriban, qayğıkeş idi. O, xüsusən anadangəlmə əlil övladına diqqət göstərir, qızını çox sevirdi. Eleonora Ruzvelt üçün təkcə həyat yoldaşı yox, həm də onun seçki kampaniyasında əvəzolunmaz şəxs idi. Ruzvelt prezident seçkilərində öz rəqibini üstələməsində ölkənin ictimai və siyasi həyatında fəal iştirak edən birinci xanıma borclu idi.
ABŞ-ı və dünyanı əlil arabasında idarə edən Ruzvelt siyasətdən kənar işlərlə də məşğul idi. Belə ki, o, Lyusi Merser və Missi Lexandla gizli sevgi macəraları yaşamışdı. Görüşlərin məxfi olmasına baxmayaraq, əvvəlcə ölkə ictimaiyyəti, daha sonra isə bütün dünya yerimək qabiliyyətini itirmiş bu insanın əlil arabasında heç də dinc durmadığından xəbər tutdu.
Vədləri yalan çıxmış prezident, qələbədən 27 gün əvvəl
Ruzvelt siyasi sahədə də islahatlara start verdi. Bu, ABŞ-ın əvvəlcə qonşuları, sonra qitə dövlətləri, ən sonda isə uzaq ölkələrlə diplomatik və iqtisadi əlaqələrinin qurulmasında özünü göstərirdi. SSRİ-nin 1922-ci ildə yaranmasına baxmayaraq, Birləşmiş Ştatlar bir neçə il ərzində dünyanın ərazicə ən böyük dövləti ilə diplomatik əlaqə qurmamışdı. Ruzvelt 1933-cü ilin noyabrında sovetlər ölkəsi ilə münasibətlərini rəsmiləşdirdi. Amma ABŞ-ın xarici siyasətdə yol verdiyi səhvlər də vardı. Franklinin ölkəsi okeanın o tayında baş verən proseslərlə bağlı neytral siyasət yürüdürdü. Bu isə təcavüzə məruz qalan dövlətlərlə təcavüzkar arasında bərabərlik işarəsinin qoyulması demək idi.
ABŞ-ın islahatçı rəhbəri 1939-cu il sentyabrın 1-də hitlerçilərin Dansikdə açdıqları ilk atəşlə başlayan bəşər tarixinin ən qanlı müharibəsini okeanın o tayından izləməyi qarşısına məqsəd qoymuşdu. Onun bu prinsiplərini sadə amerikalılar da dəstəkləyirdilər. Növbəti seçki kampaniyasında seçiciləri qarşısına çıxan Ruzvelt “Söz verirəm ki, övladlarımızı Avropadakı müharibəyə göndərməyəcəm. Qoy avropalılar özləri müqəddəratlarını müəyyən etsinlər” demişdi. Lakin bütün bunlar yalnız gözəl sözlər, cəlbedici vədlər idi. ABŞ tarixində rekord prezidentlik səlahiyyətinə imza atıb üçüncü dəfə Ağ Evə rəhbərlik etməyə başlayan Ruzvelt istəməsə də vədinə xilaf çıxmalı oldu. Buna səbəb isə Yaponiyanın Perl Xarbora hücumu idi.
Əslində Ruzvelt Almaniyanın işğalçılıq planlarının və əməliyyatlarının əleyhinə çıxdığını Hitlerin Polşaya hücumundan bir neçə gün sonra büruzə verdi. “ABŞ bu müharibədə neytraldır. Amma mən heç bir vətəndaşa öz mövqeyini bitərəf saxlamağı qadağan edə bilmərəm. Hər kəsin azad düşünmək və fikirlərini sərbəst ifadə etmək hüququ var” bəyanatı ilə xalq qarşısına çıxan prezident Britaniyaya dəstəyini artırmaqla, Hitlerin əleyhdarı kimi çıxış etməyə başladı. İki il sonra - 1941-ci ilin dekabrında yaponlar ABŞ gəmilərinə hücum edib onları batıranda Ruzvelt ABŞ sakinlərinə verdiyi vədə xilaf çıxmalı oldu. ABŞ İkinci Dünya Müharibəsinə qoşuldu. İndi amerikalılar təkcə Asiyada yox, Avropada, hətta Afrikada da döyüşməli idilər. Müttəfiqləri Britaniyaya və SSRİ-yə maliyyə, hərbi yardımlar göstərən ABŞ-ın əsas düşməni Yaponiya olsa da, Ruzvelt Stalinin və Çörçilin qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq ilk olaraq alman fiqurunu şahmat taxtasından götürməli idi. 1944-cü ilin iyununda ikinci cəbhənin açılması səhhətində problemlər yaşanan Ruzveltin gərgin iş rejimini bir qədər də ağırlaşdırdı. Gecə-gündüz işləyən prezidentin səhhətindəki problemlər onun xarici görünüşündə açıq-aydın hiss olunurdu. Stalin və Çörçillə sonuncu görüşündə - Yalta konfransında müttəfiqləri onun hədsiz dəyişməsindən təəccüblərini gizləmirdilər. ABŞ-ı “Böyük depressiya”dan çıxarmış rəhbərin ömrünün başa çatmasına cəmi 1 ay qalmışdı. 1945-ci ilin 12 aprelində beyninə qan sızmasından dünyasını dəyişdi. Bununla da ABŞ-ın ən yeni tarixində bütöv bir dövr başa çatdı. Almaniya üzərində qələbəyə isə cəmi 27 gün qalırdı.
Anar Tağıyev
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO