Dahi ömrü
Hitlerin qələmini qıran, Stalini əllərində daşıyan, dəfələrlə ölüb-dirilən şəxs
Publika.az tanınmış simaların, məşhurların həyatından bəhs edən "Dahi ömrü" layihəsini təqdim edir. Layihənin budəfəki qonağı Volf Messinqdir.
Volf Messinq nadir məşhurlardandır ki, istedadı qeyri-adi olduğu kimi, taleyi də qəribədir. Onun haqqında müxtəlif ölkələrdə, çoxlu məlumatlar gəzib-dolaşır.
Soyuq su ilə dolu qaba möhtac...
Volf Messinq 10 sentyabr 1899-cu ildə Rusiya impersiyasının ərazisində, kiçik yəhudi məhəlləsində, Qura-Kalevariyada anadan olub. Onun dindar ailəsi və həddən artıq sərt xasiyyətli atası vardı. Ailədə Volfdan başqa, daha 3 oğlan uşağı böyüyürdü.
Uşaqlıda Volf lunatik olub. Onu ən sadə üsulla müalicə ediblər. Soyuq su ilə dolu qabı yatağının yanına qoyublar və hər gecə Volf yuxulu halda qalxanda, ayağı suya dəyib, ayılırdı.
Volfun altı yaşı olanda onu xederə - sinaqoqun tərkibində, ravvinlərin məktəbinə verirlər. Məktəbdə tədris edilən əsas dərs "Talmud" idi. Uşaqlar onu səhifə-səhifə əzbərləyirdilər. Volfun əla yaddaşı vardı və təhsildə uğur qazanırdı. Məhz qeyri-adi yaddaşı, onun Şolom-Aleyhemlə görüşünə səbəb olur. Evdəki və məktəbdəki qatı mühafizəkar atmosfer, Volfu dindar, mövhumatçı və əsəbi edir.
Volfun istedadını və dindarlığını görən ravvin, onu ruhanilər hazırlayan ali məktəbə - ieşibota göndərməyə qərar verir. Amma ömrü boyu din xadimi olub, qara paltarda gəzmək heç də Volfun ürəyincə deyildi və o, bu qərara qarşı çıxır. Əvvəlcə onunla mübahisə edir, inandırmağa çalışır, nəticə vermədiyini gördükdə isə ondan əl çəkirlər. Volf bir dəfə, bütün ömrü boyu inanmaq istədiyi möcüzə ilə qarşılaşır.
Allahın "elçi"si
Bir gün atası Volfu siqaret almağa göndərir. Axşam düşür, günəş batırdı. Volf evlərinə yaxınlaşanda artıq tam qaranlıq çökmüşdü. Birdən pilləkənlərdə ağ paltarlı nəhəng fiqur peyda oldu. Oğlan uzun saqqallı, enli, əzələli üzü, qəribə şəkildə parıldayan gözləri gördü. Əllərini göyə qaldıran həmin qəribə adam dedi:
- Mənim oğlum! Mən sənə xəbər verməyə göndərilmişəm ki, Allaha xidmət edəsən. İeşibota get! Allah dualarını qəbul edəcək.
Bu görüntüdən sonra əsəbi, mistik ruhlu oğlan heyrətdən ayıla bilmir. O, yerə yıxılıb huşunu itirir. Ayıldıqda isə hər şeyi atasına danışır. Atası öskürərək deyir:
- Allah belə istəyir. Gedəcəksən ieşibota?
Volf razılaşır.
Onun təhsil aldığı ieşibot başqa şəhərdə yerləşirdi. Beləcə, Volfun evdən kənardakı həyatı başlayır. Oğlan iki il ieşibotda oxuyur. Təhsilini davam etdirsəydi, ravvin də olardı. Amma taleyin işini bilmək olmur...
Bir dəfə Volfun yaşadığı dini ocağa bir nəfər gəlir: hündürboylu, idmançı görünüşlü. Oğlan bu adamın səsindən onu iki il əvvəl gördüyü ağ paltarlı adama bənzədir və onu tanıyır. Volf bu görüşdə də dəhşətə gəlir. O, anlayır, sadəcə olaraq atası yoldan ötən biri ilə danışıb, ona pul ödəyib ki, rola girsin. Bütün bunlarsa, Volfun ieşibota getməsi üçün təşkil edilmişdi... Bu yalan yeniyetməni sarsıdır və o, təhsilini yarımçıq qoyaraq qaçır.
Yaşamaq uğrunda mübarizə
Pul sarıdan cəmi on qəpiyin ümidinə qalan Volf yaxınlıqdakı dəmiryolu vağzalına gedir, qatarın yarıboş vaqonuna daxil olub, oturacağın altına girir, çünki bileti yox idi. Məlum olur ki, qatar Berlinə gedir. Vaqona girən nəzarətçi oturacağın altındakı oğlanı görür və ondan bilet tələb edir. Bu məqamda Volfun həyəcanı son həddə idi. O, yerə düşən kağız parçalarından birini qaldırır və nəzarətçiyə verir. Onların baxışları toqquşur. Volf bütün varlığı ilə istəyirdi ki, o, bu kağız parçasının bilet olduğunu sansın. Konduktor isə Volfun uzatdığı çirkli kağızı əli ilə təmizləyib, komposterə salır. Sonra "bileti" oğlana qaytarıb deyir:
- Biletiniz varsa, niyə oturacağın altına girmisiniz? Yeriniz ki, var. İki saatdan sonra Varşavada olacağıq.
Beləcə, maksimum ruhi gərginlik məqamında Messinqin insana təsiretmə bacarığı üzə çıxır. Berlinə gələn Volf bir moteldə xidmətçi işləyir. O, yük daşıyır, qabları yuyur, ayaqqabı təmizləyir. Sonralar həyatını xatırlayan Messinq deyirdi ki, bu, onun həyatında ən ağır dövr idi. O, çox vaxt ac qalırdı, çünki qazancı doyunca yemək almağa çatmırdı.
Müvəqqəti ölüm
Bir dəfə onu dolu paketlə, şəhər kənarına yollayırlar. Berlin körpüsünün üstünə çatanda o, aclıqdan huşunu itirir. Messinqi xəstəxanaya çatdırırlar. Xeyli vaxt özünə gəlmir. Ürəyi döyünmür, nəfəsi kəsilir, bədəni getdikcə soyuyur. Volfu morqa aparırlar. Orada praktikaya gələn tələbələrdən biri, təsadüfən hiss edir ki, oğlanın ürəyi zəif şəkildə döyünür.
Üç gündən sonra Volf professor Abelin köməyi ilə özünə gəlir. Bu adam həmin dövrdə tanınmış psixiatr və nevropatoloq idi. Abel Volfa başa salır ki, o qan azlığından, aclıqdan və əsəbdən letargiya yuxusuna gedib. Abel onu da kəşf edir ki, Volf huşsuzluq vəziyyətində ikən bədənini və orqanizmini tamamilə idarə edə bilir. Psixiatr oğlanı "heyrətamiz medium" adlandırır.
Heyrətamiz təcrübələr
Abel Messinqə təcrübə dərsləri keçməyə başlayır. Hər şeydən əvvəl, oğlana özünə əmin olmağı öyrədir ona deyir ki, istədiyi hər şeyi edə bilər. Dostu və həmkarı professor-psixiatr Şmittlə birlikdə, Abel Messinqə təsiretmə üsullarını öyrədir. Messinq sonralar deyirdi ki, Abelin təbəssümü ilə həyat onun üzünə ilk dəfə gülümsəyib.
Messinqin vəziyyətini düzəltməkdən ötrü, Abel onu bir impresario (konsert, tamaşa və s. təşkil edən adam) ilə tanış edir. İmpresario oğlanı Berlin panoptikumunda (qədimdə mumdan düzəldilən heykəllər və əntiq əşyalar muzeyi) işə düzəldir. Hər gün cümə səhərləri panoptikumun qapıları açılmamışdan, Volf şüşə tabuta uzanıb, özünü katalepsiya (bədənin və ayrı-ayrı orqanların quruması və iradi hərəkət qabiliyyətinin itməsi) vəziyyətinə salırdı. O, bu vəziyyətdə üç gün qalırdı. Səhər-axşam tərpənmədən uzanmalı idi. Bu vəziyyətdə Messinqi ölüdən fərqləndirmək olmurdu.
Messinq yarım il bu muzeydə çalışır. Həyatının üç ayını isə, şəffaf tabutda uzanaraq keçirirdi. Əməkhaqqı kimi gündəlik 5 marka alırdı. həmin dövrdə bu, onun üçün yaxşı pul idi.
Boş vaxtlarda Messinq öz qeyri-adi bacarığını inkişaf etdirirdi. O, tədricən beynində səslənən xordan, ona lazım olan səsi seçməyi öyrənirdi. Boş vaxtlarında isə Berlin bazarına gedirdi. O, ticarətçilərin arasında gəzərək, sadə adamların düşüncələrini oxuyurdu. Təcrübəsinin doğruluğunu yoxlamaq üçün, arabir kiməsə yaxınlaşır, gözlərinin içinə baxıb deyirdi:
- Narahat olma... Bu barədə düşünmə. Hər şey yaxşı olacaq.
İnsanların üzündəki təəccüb və heyrət onun yanılmadığını göstərirdi.
Abel Volfa daha bir dərs vermişdi: iradə gücü hesabına ağrını hiss etməmək. Bu isə gələcəkdə, Volfa çox kömək oldu.
Volfun 15 yaşı olanda, impresario onu məşhur Buş sirkinə işə düzəldir. 1914-cü il idi. Birinci dünya müharibəsi başlamışdı. Amma Volfun proqramında az şey dəyişmişdi. O, getdikcə, yeni təcrübələr əldə edirdi. Sirkdə iştirakçılardan, izləyicilərdən müxtəlif əşyalar yığırdı. Volf qarşısındakı əşyalara baxıb, bir-bir onların sahiblərini tapırdı. 1915-ci ildə Messinq, Çelmeysterlə birlikdə ilk turneyə - Vyana turnesinə çıxır. Turnenin proqramı psixoloji təcrübələrdən ibarət idi. Sirklə iş bitmişdi. Turne üç ay davam etdi.
Dahilərlə görüş
Vyanada Messinq təsadüfən Albert Eynşteynlə tanış olur. 1915-ci ildə Eynşteyn artıq məşhur idi. Volfun maraqlı çıxışlarının birindən sonra, Eynşteyn onu nahara dəvət edir. Onun evinə gələn Messinq daha bir unikal qonaqla - psixoanaliz nəzəriyyəsinin banisi avstriyalı həkim, psixoloq Ziqmund Freydlə tanış olur. Freyd qəfildən, ona təcrübə keçirməyi təklif edir və Messinqə səssiz, düşüncə ilə əmrlər verməyə başlayır.
İlk əmr belə olur: Hamam stoluna yaxınlaşıb, pinseti götürmək, Eynşteynin yanına getmək və onun bığlarından üç tük kəsmək. Messinq tapşırığı yerinə yetirir, Eynşteyndən xahiş edir ki, ona üç tük kəsməyə icazə versin və o, gülümsəyərək yanağını uzadır.
İkinci tapşırıq daha asan idi. Eynşteynə skripka verib, ondan ifa etməsini xahiş etmək. Messinq bu tapşırığı da yerinə yetirir. Axşam dostluq atmosferində keçir. Baxmayaraq ki, Messinq özünü sübut etmiş, iki yaşlı dahinin yanında çox cavan idi. Onun 16 yaşı vardı. Vidalaşarkən Eynşteyn ona deyir: "Özünü pis hiss etsən, yanıma gəl".
Gələcəyi proqnozlaşdırma
Messinq 23 yaşına qədər müxtəlif turnelərdə iştirak edir. 23 yaşında isə onu Polşa ordusuna çağırırlar. Hərbi xidmətini başa vurduqdan sonra, Messinq yenidən psixoloji təcrübələrini davam etdirir. O turnelərə gedir, Asiyada, Avstraliyada, Cənubi Amerikada, Hindistanda səfərdə olur.
Volf yalnız psixologiya ilə məşğul olmurdu, o, həm də insanların gələcəyindən xəbər verirdi. Messinqin artan şöhrəti onu, dövrün məşhur ekstrasenslərindən birinə çevirir. Özünün dediyinə görə, o, həyatında ilk dəfə gördüyü və ya heç görmədiyi insanların taleyində baş verəcək hadisələri daha yaxşı hiss edirdi. Ona sadəcə, həmin adamın nə vaxtsa toxunduğu əşyanın verilməsi kifayət idi.
Hipnozla ölümdən xilas
1 sentyabr 1939-cu ildə Almaniya ordusu Polşa sərhədlərini keçdi. İkinci dünya müharibəsi başladı. Messinq anladı ki, işğal zonasına çevrilən Polşada qalmaq təhlükəlidir, çünki nasist alman hakimiyyəti onun başına 200.000 marka qiymət qoymuşdu. Bu isə, onun gələcəklə bağlı verdiyi bir xəbərə görə olmuşdu. 1937-ci ildə Varşavanın teatrlarından birində çıxış edərkən, minlərlə adamın qarşısında Volf deyir ki, əgər Hitler şərqə hücum etsə, öləcək. Bu sözlər bir çox qəzetlərin ön səhifələrində dərc edildiyindən, Hitler bu barədə bilirdi.
Messinq həmin vaxt doğma yerlərində, atasının yanında yaşayırdı. Tezliklə, həmin yer alman ordusu tərəfindən zəbt edildi və almanlar orada düşərgə tikdilər. Volf qaçıb, canını qurtara bildi, amma bütün ailə üzvlərini "Maydenek" lagerində öldürdüdülər.
Varşavada Messinq bir müddət ət satıcısının zirzəmisində gizlənir. Bir dəfə axşam o, çölə çıxır və dərhal alman hərbçiləri başının üstünü kəsdirir. Zabit uzun müddət onun üzünə baxıb, cibindən şəkil çıxarır.
- Sən kimsən?- deyə soruşur.
- Mən rəssamam- Messinq cavab verir.
- Yalan deyirsən! Sən Volf Messinqsən! Sən fürerin ölümü barədə danışmışdın...
Zabit Messinqin başına güclü yumruq vurur. Sonra onu polis bölməsinə aparıb, karserə atırlar. Bu kritik vəziyyətdə, Messinqin istedadı işə yarayır. O, bütün gücünü toplayıb, həmin vaxt bölmədə olan polisləri kameranın qarşısına yığır. Onlara hipnoz vasitəsilə təsir edərək, qapını açmağı əmr edir. Beləcə, Volf Messinq həbsdən qaça bilir. Messinq qərara gəlir ki, onun üçün yeganə çıxış yolu, sovet ittifaqına qaçmaqdır.
Stalinlə görüş
Öncələr, SSRİ-də yaşamaq Messinqə çətinlik törədir. O, heç kimi tanımır, rus dilində pis danışırdı. Bundan əlavə, həmin dövrdə SSRİ-də sehrbaz, ekstrasens və telepatları görmək istəmirdilər. Lakin burada da ona kömək edən tapılır. Messinqə əl uzadan şəxs, incəsənət bölməsinin rəhbəri P.A.Abrasimov olur.
O, qorxuya və riskə baxmayaraq, Messinqi Bretsk rayonunda çıxış edən aktyorlar briqadasının tərkibinə salır. Volfun həyatı yavaş-yavaş qaydasına düşür. 1940-cı ilin mayında, Messinq Minskə gedir və bütün Belarus ərazisini gəzir.
Bir dəfə çıxışlarının birində, ona iki rəsmi geyimli şəxs yaxınlaşır. Hər kəsdən üzr istəyib, Messinqi özləri ilə aparırlar. Sonralar məlum olur ki, onu Stalinlə görüşdürüblər. Messinq özü bu hadisəni belə xatırlayırdı:
"Məni hara apardıqlarını bilmirdim. Sonra başa düşdüm ki, bu yataqxanadır. Məni tək qoydular. Sonra yenidən harasa apardılar. Yenə də naməlum otaqda idim. Sonra otağa bığlı bir adam girdi. Salam verdi. Mən həmin an onu tanıdım. Cavab verdim:
- Salam. Mən sizi əllərimdə daşımışam.
- Necə yəni əllərində? - deyə Stalin təəccübləndi.
- 1 mayda. Nümayişlərdə. Mən cavab verdim.
Stalin mənim Polşadakı vəziyyətimlə maraqlandı. Ona həyatımı danışdım. Uzunmüddətli söhbətdən sonra o dedi: - "Oh, Messinq! Siz yaman çoxbilmişsiniz..."
Mən Stalinlə sonralar da görüşdüm. Deyəsən, o tapşırmışdı ki, mənim istedadımı yoxlasınlar. Çünki dəfələrlə məni müxtəlif sınaqlara yollayırdılar.
Messinqin istedadı yoxlandıqdan sonra o, tez-tez fikirləri oxuyan rolunda çıxış edir. Lakin zaman keçdikcə, Messinq müxtəlif insanlar və onların yaxınları haqqında nəsə deməkdən imtina edir.
"Mən bir ailəni xoşbəxt, digərlərini isə bədbəxt edə bilmərəm", - deyirdi.
Müharibə illərində Messinq çox işləyir. Zavod sexlərində, açıq havada seanslar aparır. Ona yaxşı pul verirdilər. Messinq deyilənə görə, hərbi hava qüvvələrinə iki təyyarə bağışlamışdı.
O, necə öldü?
Messinqin son çıxışı 1974-cü ildə Moskvada, "Oktyabr" kinoteatrında baş tutur. Həmin axşam Volf bütün əməliyyatları mükəmməl yerinə yetirir. 1974-cü il 8 noyabrda, gecə saat 11-də Messinq, müharibə zamanı ayağından aldığı yaradan dünyasını dəyişir. Onun ayaqlarında uğurlu, cərrahi əməliyyat keçirilmişdi, amma naməlum səbəblərdən həmin gecə onun böyrəkləri və ciyərləri də imtina edir. Messinq Moskvada, Vostryakovsk qəbirstanlığında dəfn olunur.
Saxtakarlıq, yoxsa həqiqət?
Messinqin memuarları uzun müddət mütəxəssislər tərəfindən araşdırılıb. Məlum olub ki, kitabda göstərilən bəzi faktlar, reallıqla üst-üstə düşmür. Bir neçə fakta baxaq:
1. Messinq iddia edir ki, 1915-ci ildə, 16 yaşında Eynşteynlə onun Vyanadakı mənzilində görüşüb və Freydlə birlikdə seans keçirib. Lakin məlumdur ki, Eynşteynin Vyanada mənzili olmayıb, ümumiyyətlə alim 1913-1925-ci illərdə Vyanada olmayıb.
2. Messinq deyirdi ki, almanlar onun başına 200.000 marka pul qoyub. Guya onu həbs ediblər və o, fövqəladə istedadı ilə qaça bilib. Lakin bu deyilənlərin də sübutu yoxdur.
3. Rusiya dövlət hərbi arxivlərində 857 fond araşdırılıb və onlarda Volf Messinq adlı şəxsə rast gəlinməyib. Anoloji axtarış Berlində və Polşada da aparılıb. Lakin Messinqin heç bir çıxışına, Messinq adlı heç bir aktyora rast gəlinməyib.
4. Həmin dövrdə Polşada və Almaniyada nəşr edilən jurnallar bircə-bircə araşdırılıb. Messinq adlı ekstrasens və onun çıxışlarına dair heç bir məqalə yoxdur.
Bəziləri iddia edir ki, bu dövrdə Volf Messinq adlı şəxs yaşayıb, amma onun memuarlarını əslində, məşhur jurnalist, "Komsomol həqiqətləri" jurnalının elm bölməsinin rəhbəri Mixail Vasilyeviç Xvastunov yazıb. Psixologiya üzrə mütəxəssis V.S. Matveyev isə bildirib ki, o, Messinqlə görüşüb. Ancaq Messinq ona hər hansı hipnoz və ya başqa qeyri-adi istedad nümayiş etdirməyib.
Psixiatr Mixail Buyanov isə deyir ki, Volf Messinq həyatının son illərində tez-tez onun yanına, çoxsaylı fobiyaları ilə mübarizədə kömək üçün gəlirdi.
Saxtakarlıq yoxsa həqiqət? İllərdir bir çox yazar və mütəxəssislər bu suala cavab axtarır. Messinqi tanıyan insanlar iki cəbhəyə bölünür. Bəziləri onun həqiqətən dahi ekstrasens olduğunu iddia edir, digərləri isə yalançı və saxtakar olduğunu bildirirlər. Lakin bir gerçəkliyi heç kim inkar etmir: Volf Messinq adını tarixə yazmağı bacardı.
Dilrubə Vaqifzadə
-
Region02:12
Qonşu ölkədə güclü ZƏLZƏLƏ OLDU
-
Magazin100:45
Razi Əliyeva hamilədir - FOTO
-
Magazin100:30
Elza Seyidcahan: "İlhamə Quliyeva üçün ağlamağa dəyməz" - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI: səhhətinizdə problemlər yaranacaq
-
Magazin23 Noyabr 22:36
Məşhur rok musiqiçisi VƏFAT ETDİ
-
Avropa3 Noyabr 22:24
5,3 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
İdman3 Noyabr 22:12
Dünya Çempionatının ən seksual fanatından dərin sinə dekoltesi - VİDEO
-
Nəqliyyat3 Noyabr 21:36
Sürücülərin NƏZƏRİNƏ: bu yolda sürət həddi endirildi